Aydın Mehdiyevin “Həyatın rəngləri”

Sentyabrın 3-də SEN1SEN mərkəzinin təşkilatçılığı ilə keçirilən Azərbaycan Mədəniyyəti Həftəsi çərçivəsində Kassinada (İtaliya) şəhərindəki Palazzo Mandrilli qalereyasında azərbaycanlı fotoqraf Aydın Mehdiyevin “Həyatın rəngləri” adlı fərdi fotosərgisinin açılışı olub.

“Həyatın rəngləri” adlı sərgiyə 50-dən çox fotoşəkil daxildir.

Fotoqraf Aydın Mehdiyevin “Həyatın rəngləri” adlı sərgisi Azərbaycanın təbii gözəlliyini bütün rəngarəngliyi ilə ortaya qoyur. Hər bir kadr təbiətin incə və poetik vizual obrazıdır. Əsərlərdə dağların sükutu, daşların qədimliyi və işığın yaratdığı palitrası tamaşaçını təbiətin dərinliklərinə səyahətə çıxarır. Aydın Mehdiyevin fotoşəkilləri əsl sükutu, saflığı, təbii gözəlliyi və sakitliyi əks etdirir, gündəlik şəhər həyatı ilə parlaq kontrast yaradır.

Sərgidə təqdim olunan kadrlarda Aydın Mehdiyev əsas diqqəti emosional təəssüratlara yönəldir. O, spektrin çalarlarını elə kadrda tutmağa çalışır ki, tam şəkillər əmələ gəlsin və bu kompozisiyalar canlı orqanizm təəssüratı yaradaraq parıldasın və maraqlı şəkildə vahid fiqurlarda birləşdirilir. Sərgidə təqdim olunan bəzi kadrlarda fiqurlara və onlar üçün nəzərdə tutulan fona bölmə yoxdur, təbii landşaftda artıqlıq olmadığı kimi boşluq və ya natamamlıq hissi yoxdur. Foto çərçivə əsas və ikinci dərəcəli rənglərin kontrast qanunlarına əsaslanan ən yüksək rəng kəskinliyinə malik dekorativ panelə çevrilir. “Həyatın rəngləri” sərgisi bütün rəngarəngliyi və gözəlliyi ilə Azərbaycanın zəngin və təzadlı təbiətinin tam mənzərəsidir. Sərgidə müəllifin 50-dən çox əsəri nümayiş olunub. Sərgi üç gün davam edəcək.