İRƏLİLƏYİŞ VƏ YENİLİKLƏR

Azərbaycanda iki gənc iş adamı tərəfindən ortaq şəkildə yaradılan “Green Stream International” MMC yeni şirkət olmasına baxmayaraq, bazarda artıq özünə müəyyən qədər yer tuta bilib. Onun bu uğurunun arxasında isə məhsullarının keyfiyyətinin yüksəkliyi və onların qiymətlərinin bazar qiymətlərinə uyğun olmasıdır. “Green Stream International” MMC-nin təsisçiləri olan Ramin Şərifov və Rövşən Qasımzadə şirkətin fəaliyyəti barədə olan suallarımızı cavablandırıb:

  • “Green Stream International” MMC-nin fəaliyyət istiqamətləri nələrdən ibarətdir?

Ramin Şərifov: Şirkətimizin əsas profili Azərbaycanda tikinti məhsullarının, alətlərinin idxalını və distribütorluğunu həyata keçirməkdir. “Green Stream International” MMC Rusiyanın 20 aparıcı istehsalçısının Azərbaycandakı eksklüziv distribütorudur. Yeganə şirkətik ki, Azərbaycana yalnız Rusiya istehsalı olan tikinti məhsullarını – izolyasiya vasitələrini, əl alətlərini, santexnika avadanlıqlarını, elektrik əşyalarını gətirərək satırıq. Bizim portfelimizdə 2000-ə yaxın məhsul çeşidi var. Fəaliyyətimiz Azərbaycanın bütün rayon və şəhərlərini əhatə edir. Bakı şəhərində 2 anbarımız var. Regionlardakı ən böyük anbarlarımız Mingəçevir, Şəki, Biləsuvar və Qubadadır. Biz eyni zamanda layihələrin idarəolunmasında, tenderlərdə iştirak edirik.

  • “Green Stream International” MMC Rusiyanın hansı istehsalçılarının məhsullarını Azərbaycan bazarında təqdim edir?

Ramin Şərifov: Məhsullarını idxal etdiyimiz 20 zavodun hər biri Azərbaycan üçün yeni brenddir. Bəzi brendlərin 3 ay, bəzilərinin isə 1 il ərzində Azərbaycan bazarında yer tutmasına nail olmuşuq. İlk olaraq, Rusiyanın “Novaya vsata” zavodunun nərdivanlarını Azərbaycana gətirmişik və bununla da ölkə daxilində nərdivan bazarının 35-40 faizinə sahib olmuşuq.

  • Niyə görə Rusiya istehsalçıları ilə işləməyə üstünlük verirsiniz?

Rövşən Qasımzadə: 2014-cü ildə Rusiya bəzi sanksiyalara məruz qaldı. Bu sanksiyalar artdıqca onlar idxaldan asılılıqlarını azaltmaq zərurətini hiss etdilər. Zavodlar məhsullarının daha da keyfiyyətli olması üçün köhnə avadanlıqlarını Avropa istehsalı olan müasir avadanlıqlarla əvəz etməyə başladılar. 2014-2018-ci illər ərzində Rusiya istehsalçılarının məhsulları keyfiyyət baxımından çox yüksəldi. Həmin zaman iş partnyorum Ramin Şərifovla bunu müşahidə etdik ki, artıq Rusiya məhsulları keyfiyyət baxımından Avropa məhsullarına çox yaxınlaşıb, bu məhsulların qiyməti də çox münasibdir. Ona görə belə bir ideyamız yarandı ki, Azərbaycan bazarında olan keyfiyyətsiz məhsulları daha keyfiyyətliləri ilə əvəz etmək üçün Rusiya zavodları ilə əməkdaşlıq edək və bunu həyata keçirdik.

  • “Green Stream International” istehsalla məşğul olur?

Ramin Şərifov: Hazırda nərdivan, ütü masaları, paltarların qurudulması üçün istifadə edilən asılqanlar, bel istehsal edirik. Biz Azərbaycanda ilk dəfə olaraq, Rusiya istehsalı olan nərdivanlarla eyni keyfiyyətdə olan nərdivanların istehsalına başlamışıq. Azərbaycan markası olan “Master klass” adlı bu məhsullarımız hazırda yerli bazarda satılır. Həmin nərdivanların Qazaxıstana, Özbəkistana və Gürcüstana ixrac edilməsi üzərində də işləyirik. Artıq Qazaxıstan və Gürcüstanda müştərilərimiz var. Bu yaxınlarda Özbəkistanda keçiriləcək tikinti sərgisində iştirak etməklə həmin ölkənin də bazarına daxil olmaq istəyirik. Nərdivanların ixracını həyata keçirməklə yanaşı, Özbəkistanda istehsal olunan məhsullardan Azərbaycana idxal etmək niyyətindəyik. Bununla bağlı artıq müəyyən müqavilələrimiz var.

  • İndiyədək Azərbaycan iqtisadiyyatına nə qədər investisiya qoymusunuz?

Rövşən Qasımzadə: “Green Stream International” MMC yaradıldığı 2018-ci ildən indiyədək iqtisadiyyata orta hesabla 15 milyon manata yaxın investisiya yatırıb. Təbii ki, gələcək illərdə yerli istehsal sahəsi genişləndikcə investisiyanın həcmi də artacaq. Biz müştərilərimizə təqdim etdiyimiz məhsulların çeşidlərini artırmağı nəzərdə tuturuq. İnvestisiyaları artırmaqla istehsal sahələrimizi artıra bilərik.

  • İstehsal etdiyiniz məhsullar yalnız Azərbaycan bazarında satılır?

Ramin Şərifov: Hazırda yerli istehsal olan məhsullarımızı Azərbaycan bazarında satırıq. Ancaq gələcəkdə məhsullarımızı Avropa bazarına da çıxarmağı planlaşdırırıq.

  • Məqsədlərinizdən biri də keyfiyyətsiz məhsulları bazardan çıxarmaqdır. Azərbaycan bazarında buna nə dərəcədə nail olmusunuz?

Rövşən Qasımzadə: İstehsalçıların sayı az olduğuna görə Azərbaycan tikinti materiallarının 70-80 faizini idxal edir. Ucuz başa gəldiyinə görə idxal edilən məhsulların böyük hissəsi Çinin keyfiyyətsiz mallarıdır. Bizim keyfiyyətli mallarımız Çinin keyfiyyətsiz malları ilə eyni qiymətə satılır. Yerli vətəndaşın vəsaitini qorumaq üçün keyfiyyətli məhsullar satmağa çalışırıq. Buna görə də biz yalnız keyfiyyətə üz tutmuşuq.

  • Məhsullarınız Avropa standartlarına cavab verir?

Rövşən Qasımzadə: Bəli, bütün məhsullarımız Avropa standartlarına cavab verir. Rusiyanın dövlət standartları Avropa standartları ilə demək olar ki, eynidir.

  • Qarabağın yenidənqurulması prosesində hansı formada iştirak edirsiniz?

Rövşən Qasımzadə: Hazırda biz Qarabağda iki istiqamət üzrə iş görürük. Bu yaxınlarda Zəngilanın Ağalı kəndinin yaxınlığında – 5 hektara yaxın torpaq sahəsində tikinti işlərinə başlanılacaq. Orada inşaat materiallarının satış obyekti tikiləcək. Ağdamda da korporativ satışlarımız olacaq. Biz Qarabağda tikinti aparan yerli, xarici şirkətləri tikinti materialları və alətləri ilə təchiz edirik.

  • Şirkət məhsullarının satışını necə həyata keçirir? Məhsullarınızın satışı bütün ölkəni əhatə edirmi?

Ramin Şərifov: Satış strategiyamız əvvəlcədən qurulmuş marketinq strategiyası üzrə həyata keçirilir. Menecerlər vasitəsilə bütün tikinti və ticarət obyektlərindən sifarişlər toplanılır. Logistika şöbəmizin əməkdaşları tərəfindən bu sifarişlərin obyektlərə daşınması təmin edilir. Bakıda olduğu kimi, regionlarda da hər bir anbarın nəzdində satış komandası var. Bu komanda vasitəsilə məhsullarımızı dükanlarda yerləşdiririk. Məhsullarımız dükanlarda özümüzün istehsal etdiyi satış rəflərində yerləşdirilir.

  • Məhsullarınızın satış səviyyəsi Sizi qane edir?

Ramin Şərifov: Hazırda satış səviyyəsi bizi qane etmir, çünki biz istədiyimiz bazar payına sahib deyilik. Hədəfimiz yüksək keyfiyyətli məhsullar idxal edərək Azərbaycan bazarında yüksək paya sahib olmaqdır. Biz buna nail olmaq üçün irəliləyirik. Bizim yerli bazarda istehsal etmək istədiyimiz, eyni zamanda, Özbəkistan və Qazaxıstandan Azərbaycana idxal etmək istədiyimiz məhsullar var.

Rövşən Qasımzadə: Biz 4 ildir ki, fəaliyyət göstəririk. Bu müddətdə bizim satış səviyyəmiz hər il 2-2,5 dəfə artıb. Biz hazırda sahib olduğumuz bazar payının on qatını tuta bilərik. Düzdür, bu, yenə də Azərbaycan bazarının bir qismi olacaq, çünki bazarda bizdən başqa da şirkətlər var. Onların da özlərinin məhsul çeşidləri var. Hətta bizdən də əvvəl müəyyən brendlərlə işləyən çox yaxşı yerli şirkətlər var. Biz onları özümüzə rəqib hesab edərək irəliləyirik.

  • Hədəfləriniz nələrdən ibarətdir?

Rövşən Qasımzadə: Hədəflərimizdən biri Azərbaycanda analoqu olmayan böyük bir ticarət mərkəzinin tikilməsidir. Xarici ölkələrdə buna oxşar konsepsiyalar var, amma biz daha fərqli yeniliklər barədə düşünürük. Burada yalnız tikinti materiallarının satışı həyata keçirilməyəcək, daşınmaz əmlakın içinin qurulması üçün lazım olan digər məhsulların satışı həyata keçiriləcək, eyni zamanda, müəyyən xidmətlər təklif ediləcək.

Bakı ş., Nərimanov r-n. İslam Abışov 5
+994 55 203 60 10
info@greenstream.az greenstream.az

Xəyyam GÜNƏŞLİ


Əlaqədar məqalələr
Tikinti

Sea Breeze nüfuzlu “World Architecture Festival 2024” siyahısında

Sea Breeze nüfuzlu “World Architecture Festival 2024” siyahısında Beynəlxalq Memarlıq…
►►►
Tikinti

AZPROMO "Rebuild Karabakh" sərgisində təmsil olunur

AZPROMO “Rebuild Karabakh” sərgisində təmsil olunur Stenddə Azərbaycanın biznes…
►►►
Tikinti

Xəzər İnşaat Həftəsinə 1 gün qaldı

Xəzər İnşaat Həftəsinə 1 gün qaldı Regionun inşaat sahəsində önəmli tədbiri olan…
►►►