Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (1st Azerbaijan International Investment Forum – “AIIF 2025”) keçiriləcək.

22-23 sentyabr tarixlərində İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı, Avropa Evi – “Ambrosetti”nin (TEHA) strateji tərəfdaşlığı, həmçinin “Euronews” və “Sea Breeze”in media və təşkilati dəstəyi ilə keçiriləcək forum dövlət rəsmiləri, biznes liderləri və beynəlxalq investorları bir araya gətirəcək.
Forum Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin investisiya imkanlarını araşdırmaq, qlobal ticarətin və dayanıqlı təchizat zəncirlərinin gələcəyini formalaşdırmaq üçün unikal bir platforma təqdim edir. Burada iştirakçılar yeni qlobal rəqabətlilik paradiqmalarına dair dəyərli biliklər əldə etməklə yanaşı, yüksək səviyyəli əlaqələr qurmaq, strateji sazişlər bağlamaq və yeni tərəfdaşlıqlar formalaşdırmaq imkanları qazanacaqlar.
Tədbirin proqramı çərçivəsində plenar iclaslar, institusional və panel sessiyalar, tematik müzakirələr və ölkəmizin investisiya imkanları və potensialına dair sərginin keçirilməsi nəzərdə tutulub. İki gün davam edəcək forumda enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf, səhiyyə və daşınmaz əmlak sahələrində regional əməkdaşlıq və investisiya perspektivləri müzakirə olunacaq.
Forumun ilk günündə regionların strateji inteqrasiyası, tranzit imkanları, enerji və infrastruktur layihələri, innovasiyalar, “yaşıl” enerji, daşınmaz əmlak, şəhərsalma və dayanıqlı inkişaf mövzularında plenar iclas və dörd panel sessiyası baş tutacaq. Tədbirin ikici günü isə dövlət-özəl tərəfdaşlığı, maliyyə, səhiyyə, biotexnologiya, əczaçılıq və rəqəmsal sağlamlıq, kənd təsərrüfatı, aqrobiznes, ərzaq sənayesi, sənayeləşmə, kiçik və orta sahibkarlıq, “yaşıl” keçid, eləcə də sahibkarlığın inklüzivliyi mövzularına həsr olunan panel sessiyaları keçiriləcək.