Bakı Fond Birjası AMCHAM-ın “Azərbaycan Maliyyə Bazarlarında Beynəlxalq Maliyyə İnstitutlarının (BMİ) Rolu” mövzusunda təşkil etdiyi Azərbaycan Qiymətli Kağızlar Forumu çərçivəsində iştirak edib
24 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjası Amerika Ticarət Palatası (AMCHAM Azərbaycan) tərəfindən təşkil olunan və “Azərbaycan Maliyyə Bazarlarında Beynəlxalq Maliyyə İnstitutlarının (BMİ) Rolu” mövzusuna həsr edilən Azərbaycan Qiymətli Kağızlar Forumunda iştirak edib. Tədbirdə aparıcı ekspertlər və bazar iştirakçıları Azərbaycanın istiqraz bazarının dərinləşdirilməsi imkanlarını müzakirə ediblər.

Panel müzakirəsinə AMCHAM-ın Bankçılıq, Maliyyə və Sığorta Komitəsinin sədr müavini və “Unicapital İnvestisiya Şirkəti” ASC-nin İcraçı direktoru Vüqar Namazov moderatorluq edib. Müzakirədə bir sıra spikerlər çıxış ediblər:
- İzabell Laurent, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Xəzinədarlıq üzrə sədr müavini və Maliyyələşmə rəhbəri, BMİ-lərin yerli valyutada istiqraz buraxılışının üstünlüklərini vurğulayıb. O, həmçinin valyuta risklərinin azaldılmasının əhəmiyyətini qeyd edərək Azərbaycanın daxili istiqraz bazarının möhkəmləndirilməsi üçün qlobal ən yaxşı təcrübələrdən yararlanmağın vacibliyini diqqətə çatdırıb.
- Tələt Kalayev, “Unicapital İnvestisiya Şirkəti” ASC-nin direktoru, BMİ-lərin iştirakının yerli emitent və investorların davranışına necə təsir göstərə biləcəyini müzakirə edib. O, Azərbaycan şirkətlərinin istiqrazları daha dayanıqlı maliyyələşmə aləti kimi nəzərdən keçirməsinə stimul yarada biləcəyini bildirib.
- Mətin Yolçiyev, Bakı Fond Birjasının Əməliyyatlar üzrə direktoru, Birjanın BMİ-lər və istiqraz emitentləri üçün cəlbedici mühit formalaşdırmaq rolunu vurğulayıb. O, belə buraxılışların daha likvid və şaxələnmiş ikinci bazarın formalaşması üçün əhəmiyyətini qeyd edib və rəqəmsallaşmanın Azərbaycanın kapital bazarlarında şəffaflığı, səmərəliliyi və investor inamını necə artırdığını bölüşüb.
- Aqşin Əzizov, “ABB-Invest” şirkətinin Korporativ xidmətlər departamentinin rəhbəri, EBRD tərəfindən həyata keçiriləcək FRN istiqraz buraxılışının Azərbaycan kapital bazarında müxtəlif alətlərin tətbiqinə yol açacağını qeyd edib. O, emitentlərin yeni alətlər vasitəsilə vəsait cəlb etmə imkanlarından və investorların ehtiyaclarını qarşılayacaq yeni imkanlardan bəhs edib.
Forum BMİ-lərin, tənzimləyicilərin və yerli bazar institutlarının əməkdaşlığının Azərbaycanın istiqraz bazarını daha dayanıqlı və dinamik formalaşdırmaqda mühüm rolunu bir daha təsdiqlədi.