Bakıda Çin Xalq Respublikasının yaradılmasının 76-cı ildönümü qeyd olunub
25 sentyabr Bakıda Çin Xalq Respublikasının yaradılmasının 76-cı ildönümü ilə bağlı rəsmi qəbul təşkil olunub.
Dövlət və hökumət rəsmilərinin, millət vəkillərinin, diplomatic korpusun və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Çıxış edən Çinin ölkəmizdəki səfiri xanım Lu Mey bildirib ki, Çin Azərbaycanla əldə olunan razılaşmaları tam şəkildə icra etməyə hazırdır. O, əminliklə qeyd edib ki. Çin və Azərbaycanın əhatəli strateji tərəfdaşlığı parlaq gələcəyə yol açır və hər iki ölkənin xalqlarına daha çox fayda gətirəcək.

Çin iqtisadiyyatı illərdir qlobal artımın əsas mühərriklərindən biri olub və dünya iqtisadiyyatına 30 faiz töhfə verib. Bu ilin ilk yarısında Çin iqtisadiyyatı 5,3 faiz artıb. Ölkə yüksəkkeyfiyyətli inkişaf və Çin tipli modernləşmə yolunu davam etdirərək dünya iqtisadiyyatına daha çox sabitlik və imkanlar təqdim edəcək. Çin texnoloji yenilikləri açıq və inklüzivdir. Biz orijinal texnologiyalarımızı və innovasiyalarımızı dünya ilə bölüşməyə hazırıq”, – deyə səfir qeyd edib.
Azərbaycan-Çin münasibətlərinə toxunan xanım Lu Mey deyib ki, bu il ikitərəfli əlaqələr üçün həqiqətən məhsuldar olub. Prezident İlham Əliyevin Çinə iki rəsmi səfəri zamanı ölkələr arasında Əhatəli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat imzalanıb və “Bir kəmər, bir yol”, yaşıl enerji, rəqəmsal iqtisadiyyat sahələrində mühüm razılaşmalar əldə olunub.
“Sədr Si Cinpin və Prezident İlham Əliyevin strateji rəhbərliyi sayəsində ikitərəfli münasibətlərimiz yeni zirvələrə yüksəlir. Liderlərimiz yalnız səmərəli işgüzar münasibətlər deyil, həm də səmimi şəxsi dostluq qurublar. Bu, ölkələrimiz arasında etimad, bərabərlik və dostluğun bariz nümunəsidir”, – deyə səfir vurğulayıb.
O bildirib ki, iki ölkə bir-birinin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir, həmçinin BMT, ŞƏT kimi beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. İqtisadi-ticarət əlaqələri rekord həddə çatıb, Çindən Avropaya yük daşıyan dəmir yolu ekspresi ilə tranzit daşımaların həcmi isə ikiqat artmaq üzrədir. İnsanlararası mübadilə də intensivləşir, viza rejiminin sadələşdirilməsi nəticəsində qarşılıqlı səfərlər çoxalıb, azərbaycanlı gənclər arasında Çin dili və mədəniyyətinə maraq daha da güclənib.

“Çin Azərbaycanın əsas iqtisadi və ticarət tərəfdaşlarından biridir. Eyni zamanda, Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Bu ilin 7 ayında iki ölkə arasında ticarət dövriyyəsi 26 faiz artıb”, – o söyləyib.
Ş.Mustafayev onu da qeyd edib ki, nəqliyyat-tranzit sektoru iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. “Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı və tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib. Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələr Çini Avropa ilə birləşdirən ən qısa və əlverişli marşrut kimi ölkəmizin strateji rolunu daha da gücləndirir”, – o əlavə edib.
Çıxışlardan sonra Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfərindən bəhs edən videoçarx nümayiş olunub. Tədbir qeyri-rəsmi hissə ilə davam edib, qonaqlara Çin və Azərbaycan mətbəxin təamları təqdim olunub.
Günel Həsənova