Azərbaycan – AİB əməkdaşlığında əldə edilən nəticələr məmnunluq doğurur
İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) bazar həlləri üzrə vitse-prezidenti Barqav Dasqupta ilə görüşüb. Görüşdə Azərbaycan-AİB əməkdaşlığının genişləndirilməsi istiqamətində atılan addımlar və əldə edilmiş nəticələr məmnunluqla vurğulanıb.

Tərəflər AİB-in 2025-2029-cu illəri əhatə edən Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində birgə fəaliyyət imkanlarını müzakirə ediblər. Müzakirələrdə özəl sektorun inkişafına dəstək, dövlət müəssisələrinin özəlləşdirilməsi, KOB-ların maliyyələşmə resurslarına əlçatanlığının artırılması, dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin tətbiqi və gücləndirilməsi məsələləri dəyərləndirilib.
Qeyd olunub ki, iqtisadiyyatın şaxələndirilməsi, inklüziv inkişafın təmin edilməsi və davamlı tərəfdaşlıq platformalarının qurulması Azərbaycan-AİB əməkdaşlığının əsas hədəflərindəndir. Görüşdə bərpaolunan enerji layihələri, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının reallaşdırılması və yaşıl enerji sektorunda əməkdaşlığın perspektivləri barədə də müzakirələr aparılıb.
—–
16:33
“Asiya İnkişaf Bankının (AİB) bazar həlləri üzrə vitse-prezidenti Barqav Dasqupta ilə görüşümüzdə Azərbaycan-AİB əməkdaşlığının gücləndirilməsini və əldə edilən nəticələri məmnunluqla vurğuladıq.
AİB-in 2025-2029-cu illəri əhatə edən Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində növbəti addımlar, özəl sektorun inkişafına dəstək, bərpaolunan enerji və dövlət müəssisələrinin özəlləşdirilməsi üzrə birgə fəaliyyət imkanları barədə müzakirələrimiz oldu.
İqtisadiyyatın şaxələndirilməsi və inklüzivliyinin təmin edilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd etdik”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.








