Xankəndi şəhərində Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib
Xankəndi şəhərinin Mərkəzi Meydanında kənd təsərrüfatı sahəsinin inkişafına dəstək məqsədilə Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası təşkil olunub. Tədbirin əsas məqsədi bölgədə toxum bazarının formalaşdırılmasına, fermerlərin keyfiyyətli toxum və innovativ texnologiyalara çıxış imkanlarının artırılmasına şərait yaratmaqdır.
Tədbiri giriş sözü ilə açan Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı diqqətə çatdırıb. Səbuhi Qəhrəmanov bildirib ki, infrastrukturun bərpası ilə yanaşı, keçmiş məcburi köçkünlərin geri qayıdışı prosesi də davam etdirilir. Dayanıqlı məskunlaşma ilə yanaşı, əhalinin məşğulluğunun təmin edilməsinin mühüm olduğunu deyən Səbuhi Qəhrəmanov bildirib ki, keçmiş məcburi köçkünlərin məşğulluğunun təmin edilməsində kənd təsərrüfatı sahəsi xüsusi əhəmiyyət daşıyır və bu ərazilərdə aqrar fəaliyyətin bərpası və inkişafı məqsədilə mühüm tədbirlər görülür.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında aqrar sahədə keçirilən festival və sərgilərin əhəmiyyətini vurğulayaraq bildirib ki, il ərzində müxtəlif bölgələrdə təşkil olunan Aqrar Biznes Festivalları və toxum sərgi-satış yarmarkaları yalnız maarifləndirici xarakter daşımır, həm də dövlət və özəl sektor arasında tərəfdaşlığın formalaşmasına müsbət təsir edir.
“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr, yerli məhsul istehsalçılarının dəstəklənməsi ilə bağlı görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, işğaldan azad edilmiş ərazilərdə aqrar fəaliyyətlə məşğul olan təsərrüfatlara ehtiyacları üzrə kənd təsərrüfatı avadanlıqları ilə təmin olunduğunu, məhsul istehsalı, brendləşmə istiqamətində fermerlərə dəstək göstərildiyini vurğulayıb.
Tədbirdə “Elkiyar” İstehsal Kommersiya şirkətinin direktoru İkram Ziyadov, Xocalı rayonu Ballıca kənd sakini Səmayə Mirzəyeva, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin müdiri Leyli Ağayeva, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov, Aqrar İnnovasiya Mərkəzinin direktor müavini Toğrul Qafarbəyli çıxış edərək bu festivalların və sərgi-satış yarmarkalarının təşkilinin aqrar sektorun inkişafı, məhsuldarlığın artırılması, fermerlərin peşəkar biliklərinin artırılması, məhsuldarlığın yüksəldilməsi və sahibkarlıq fəaliyyətinin genişlənməsinə mühüm töhfə verdiyini qeyd ediblər.
Tədbir çərçivəsində Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsində iştirak edən “Qızıl pətək” kooperativinin rəhbəri Vəsilə Əhmədova, “Güllü yaylaq” kooperativinin rəhbəri Qənirə Əsədovaya aqrar sahənin inkişafına verdikləri töhfəyə görə təşəkkürnamələr təqdim edilib.
Qeyd edək ki, yarmarkada Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonundan olan 20 toxum istehsalçısı ilə yanaşı, toxumçuluq sahəsində fəaliyyət göstərən iri şirkətlər də məhsullarını təqdim edib. Festival çərçivəsində Aqrar Tədarük və Təchizat ASC tərəfindən səyyar satış yarmarkası təşkil olunub, vətəndaşlara yerli fermer təsərrüfatlarının məhsulları təqdim edilib.
Ənənəyə uyğun olaraq Aqrar Biznes Festivalında müxtəlif kənd təsərrüfatı texnikası və avadanlıqları, bitki mühafizə vasitələri və gübrə nümunələri nümayiş olunub, fermer və sahibkarlar üçün əyani təqdimatlar keçirilib.
Tədbir çərçivəsində Aqrar Xidmətlər Agentliyi tərəfindən “Torpaqların aqrokimyəvi analizi” mövzusunda maarifləndirici təlim keçirilib, fermerlərə torpaq münbitliyinin qorunması və düzgün gübrələmə üsulları barədə praktiki biliklər verilib. Eyni zamanda, tədbir çərçivəsində regionun torpaq-iqlim şəraitinə uyğun yerli toxum sortlarının əkini tövsiyə olunub, toxum seçiminin məhsuldarlığa təsiri barədə mütəxəssislər tərəfindən məlumatlar təqdim edilib. Festivalda Qarabağ iqtisadi rayonu üzrə yumşaq buğdanın Qırmızı gül 1, Xəzri, Mətin, Əsgəran, Onur, Alekseiç, Qomer, Arsenal, Lucilla, Maurizio sortları, arpanın isə Finola, Qarabağ 22, İosif, Ştorm növlərinin əkilməsi tövsiyə olunub.
Tədbirin keçirilməsi regionun toxumçuluq sahəsində istehsal potensialının nümayişi, yeni bazar əlaqələrinin qurulması və yerli fermerlərin satış imkanlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb edib. Yarmarka həm də işğaldan azad olunmuş ərazilərdə aqrar fəaliyyətin bərpasına və sahibkarlıq mühitinin genişlənməsinə dəstək xarakteri daşıyır.