2016-cı ildən başlayan uğurlu yol: V Azərbaycan Astronomiya Olimpiadasının qalibləri beynəlxalq səviyyədə fərqləndilər
17 oktyabr 2025-ci il tarixində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində Azərbaycanda astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində bu elm sahəsinə daha geniş yer verilməsinin təşviq edilməsi və istedadlı şagirdlərin beynəlxalq səviyyədə təmsilçiliyinin təmin edilməsi məqsədilə V Azərbaycan Astronomiya Olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilmişdir. Qaliblərə qızıl, gümüş və bürünc medal, diplom və hədiyyələr təqdim olunmuşdur.

2016-cı ildən etibarən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun birgə təşəbbüsü ilə məktəblilər üçün astronomiya yönümlü proqramların təşkil edilməsinə start verilmişdir. Olimpiadaya hazırlıq prosesi də məhz Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilmişdir.
Ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında təşkil olunan olimpiadanın respublika turunda 1200 nəfər şagird qeydiyyatdan keçmişdir. İki mərhələdən ibarət olan olimpiadanın final mərhələsində 100-dən artıq şagird bilik və bacarıqlarını nümayiş etdirmişdir. Təşkilat Komitəsinin qərarı ilə 7 şagird birinci, 11 şagird ikinci, 10 şagird isə üçüncü yerə layiq görülmüşdür.
V Azərbaycan Astronomiya Olimpiadasının qalibləri XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına (IOAA 2025) hazırlıq dərslərinə cəlb edilmişlər. Hazırlıq dərsləri Bakı Dövlət Universiteti və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən mərkəzdə təşkil olunmuşdur. Qeyd edək ki, bu hazırlıqlar çərçivəsində Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) xüsusi hazırlıq düşərgəsi də keçirilmişdir.



V Azərbaycan Astronomiya Olimpiadasının qalib komandası 11–21 avqust tarixlərində Hindistanın Mumbay şəhərində keçirilən Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğurla iştirak etmişdir. Komanda nəzəri və praktiki turdan ibarət olan olimpiadada ümumilikdə 2 bürünc və 2 həvəsləndirici mükafat əldə etmişdir. Bürünc medalları Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Oqtay Lətifli və Bakı şəhəri Texniki humanitar liseyinin X sinif şagirdi Məhəmməd Cəfərli qazanmış, həvəsləndirici mükafatlara isə Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Raiq Babazadə və XI sinif şagirdi Aqil Güləliyev layiq görülmüşlər. Komandanın Beynəlxalq Olimpiadada iştirakı Azərbaycan Respublikasının Təhsil İnstitutunun dəstəyilə baş tutmuşdur.
Olimpiadanın təşkilatçıları Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomiya Cəmiyyəti” İctimai Birliyidir.