Ətriyyat-kosmetika məhsulları, sintetik yuyucu vasitələr və tütün məmulatlarına dair reqlament layihələrinin ictimai müzakirəsi baş tutub

Tədbirdə yeni texniki reqlamentlərin əhatə etdiyi sahələr, onların istehlakçı məmnunluğunun artırılmasında rolu və tətbiqinin biznes subyektləri üçün yaradacağı imkanlar müzakirə edilib, iştirakçıların rəy və təklifləri dinlənilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Bakı KOB evi”ndə Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış “Ətriyyat-kosmetika məhsullarının təhlükəsizliyi haqqında”, “Sintetik yuyucu vasitələrin və məişət kimyası mallarının təhlükəsizliyi haqqında”, “Tütün məhsulları və analoji məmulatlar haqqında” texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsi keçirilib.

Tədbirdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev və KOBİA-nın KOB dostu departamentinin müdir müavini Rauf Tağıyev çıxış edib.

Çıxışlarda sözügedən mal qrupları üzrə keyfiyyət və təhlükəsizlik tələblərinin beynəlxalq standartlara uyğunlaşdırılması, istehlakçı məmnunluğunun artırılması, həmçinin sahibkarlıq subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsində texniki reqlamentlərin əhəmiyyəti vurğulanıb. Bundan əlavə, maraqlı tərəflər ictimai dinləmə və müzakirələrdə fəal iştiraka və öz təkliflərini səsləndirməyə dəvət ediliblər.

Tədbir çərçivəsində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi Teymur Teymurov tərəfindən texniki reqlament layihələrinin əhatə etdiyi sahələr, əsas təhlükəsizlik tələbləri, onların uyğunluğun qiymətləndirməsi prosesində tətbiqi və keyfiyyət standartlarının artırılmasında roluna dair təqdimat nümayiş etdirilib. 

Görüşün sonunda keçirilən sual-cavab sessiyası aktiv müzakirələrlə davam etdirilib, iştirakçıların rəy və təklifləri dinlənilib. 

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi maraqlı tərəflərin texniki reqlamentlərin hazırlanmasında fəal iştirakı, o cümlədən digər yeni milli texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsinin təşkili istiqamətində silsilə tədbirlərini davam etdirəcək. 

Qeyd: Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində aidiyyəti dövlət orqanları tərəfindən 43 ədəd milli texniki reqlament layihəsi hazırlanıb, 33 texniki reqlament layihəsi maraqlı tərəflərin rəy və təkliflərinin alınması məqsədilə Agentliyin rəsmi internet səhifəsində (https://competition.gov.az/az/page/qanunvericilik/texniki-reqlament-layihelerinin-ictimai-dinlenmesi-ve-muzakiresi) ictimai dinləmə və müzakirəyə çıxarılıb.

Əlaqədar məqalələr
ROCKVELL BUSINESS

Azərbaycanda II Milli Rəqabət Forumu keçirilib

Azərbaycanda II Milli Rəqabət Forumu keçirilib Azərbaycan Respublikasının Prezidenti…
►►►
ROCKVELL BUSINESS

"Rebuild Karabakh 2025" sərgisində sahibkarlar üçün ödənişsiz stend təklifi

“Rebuild Karabakh 2025” sərgisində məhsul və xidmətlərini tanıtmaq istəyən…
►►►
ROCKVELL BUSINESS

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın valyuta ehtiyatları artıb Bu ilin avqust ayında Azərbaycan Mərkəzi…
►►►