AZPROMO Astanada bir sıra sənədlər imzalayıb

Sənədlər investisiya və sənaye sahələrində birgə layihələrin həyata keçirilməsini, eləcə də biznes əlaqələrinin və qarşılıqlı təşəbbüslərin genişləndirilməsini nəzərdə tutur.

Astana şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Qazaxıstan-Azərbaycan biznes forumu çərçivəsində AZPROMO və bir sıra şirkətlər arasında üç sənəd imzalanıb. İmzalanan sənədlər tərəflər arasında investisiya və sənaye sahələrində əməkdaşlığın dərinləşdirilməsini, eləcə də birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Belə ki, AZPROMO və Qazaxıstanın “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi arasında imzalanan anlaşma memorandumunun məqsədi qurumlar arasında investisiya təşəbbüslərini genişləndirmək, biznes dairələri arasında qarşılıqlı əlaqələri gücləndirməkdir.

Bundan başqa, “Alakol” sağlamlıq-istirahət kompleksinin yaradılmasına dair üçtərəfli anlaşma memorandumu AZPROMO, Qazaxıstanın “Damu” Sahibkarlığın İnkişafı Fondu və Qazaxıstanın “Alakol Medical Tourism” şirkəti arasında imzalanıb. Sənəd Alakol gölünün sahilində turizm və sağlamlıq infrastrukturunun təkmilləşdirilməsi, ekoloji dayanıqlığın təmin edilməsi və regionun investisiya cəlbediciliyinin artırılmasını nəzərdə tutur.

Daha bir sənəd AZPROMO, “Damu” Sahibkarlığın İnkişafı Fondu və Qazaxıstanın “Continent Solutions” şirkəti arasında imzalanıb. Sənəd çərçivəsində Almatı şəhərinin infrastrukturunda və yaşayış sahələrində tətbiq ediləcək müasir, enerji qənaətli işıqlandırma sistemlərinin istehsalı və bu istiqamətdə əməkdaşlığın inkişafı planlaşdırılır.

Qeyd edək ki, ümumiyyətlə, biznes forum çərçivəsində Azərbaycan və Qazaxıstanın dövlət qurumları və şirkətləri arasında su ehtiyatlarının idarə olunmasının rəqəmsallaşdırılması, sənaye istehsalı, qarşılıqlı investisiyaların təşviqi, şəhər infrastrukturunun inkişafı, Astanada “KOB evi” modelinə əsaslanan mərkəzin yaradılması, ticarət, səhiyyə və təhsil sahələrini əhatə edən 16 sənəd imzalanıb.