Bakı Fond Birjasının rəsmi tərəfdaşlığı ilə 20-ci Beynəlxalq “Caspian Investment Forum”u keçirilib
26 noyabr 2025-ci il tarixində “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı və Bakı Fond Birjasının rəsmi və ABB İnvest baş tərəfdaşlığı ilə 20-ci Beynəlxalq “Caspian Investment Forum” u keçirilib.

“İstiqraz dalğalarında yenilik rüzgarı” adı altında keçirilən 20-ci Beynəlxalq “Caspian Investment Forum”unda spikerlər qiymətli kağızlar vasitəsilə kapital cəlb etmənin alternativ yolları, digər maliyyələşmə üsullarına nisbətən üstünlüklərini, həmçinin yerləşdirilmiş qiymətli kağızların təkrar bazarda tədavülü ilə bağlı aktual çağırışları müzakirə ediblər.
Forumda Bakı Fond Birjasının Əməliyyat departamentinin direktoru Mətin Yolçiyev “Qiymətli kağızların təkrar bazarda tədavülü” adlı paneldə spiker qismində çıxış edib. Eyni zamanda bu mövzu üzrə baş tutan müzakirələrdə Milli Depozit Mərkəzinin İdarə heyətinin üzvü Ramin Nurəhmədov, DriveWealth şirkətinin Strateji biznesin inkişafı üzrə vitse-prezidenti Selom Tetteh və Galt & Tagga şirkətinin İdarə heyəti sədrinin müavini Ketevan Toidze spiker kimi öz fikirlərini bildiriblər.
Forum təkcə Azərbaycanın deyil, bütövlükdə regionun maliyyə və investisiya sahələrindəki inkişaf perspektivlərinin müzakirəsi üçün platforma rolunu oynayıb. Tədbir beynəlxalq qurumları, maliyyə ekspertlərini və iqtisadi inkişafla maraqlanan müxtəlif sahələrin nümayəndələrini bir araya gətirərək fikir mübadiləsinə və strateji müzakirələrə imkan yaradıb.








