“Mənim irsim danışır” respublika müsabiqəsinin final mərhələsi keçirilib
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Mənim irsim danışır” respublika müsabiqəsi uğurla yekunlaşıb. Layihənin əsas məqsədi uşaq və gənclərin Azərbaycanın zəngin tarixi-mədəni irsi ilə daha yaxından tanışlığını təmin etmək, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək və milli dəyərlərə bağlılığını gücləndirməkdən ibarət olub.

18 Aprel – Beynəlxalq Abidələr Gününə həsr olunan müsabiqəyə ölkənin müxtəlif bölgələrindən 600-dən çox video təqdim edilib, seçilən ən yaxşı 60 iş final mərhələsində iştirak hüququ qazanıb. İştirakçılar göllər, qalalar, körpülər, karvansaraylar, tarixi abidələr və təbiət obyektləri haqqında hazırladıqları yaradıcı videolar vasitəsilə milli irsimizi fərqli və maraqlı təqdimatla nümayiş etdiriblər.
Müsabiqə çərçivəsində iştirakçıların işləri “Sükutun dili: Bölgəmin gölü”, “Keçmişə körpü: Tarixi körpünün səsi”, “Əbədi növbətçi: Qalanın dili”, “Karvanların yolu: Karvansarayın xatirələri”, “Daşların sirri: Tarixi abidənin söhbəti” və “Təbiətin nəfəsi: Dağ, meşə və şəlalənin dili” nominasiyaları üzrə hazırlanaraq təqdim edilib.
Qaliblər münsiflər heyəti tərəfindən maket və orijinala bənzərlik, obyektin öz dili ilə təqdim olunması, təqdimat bacarığı və səsləndirmə, mövzuya uyğunluq və dərinlik, texniki keyfiyyət və estetik görünüş meyarları əsasında müəyyən edilib. Qaliblər diplom və mükafatlarla təltif olunublar.
Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar keçirilən bu müsabiqə ölkənin zəngin memarlıq irsinin və tarixi abidələrinin gənc nəslə tanıdılması baxımından xüsusi aktuallıq kəsb edir və milli irsin qorunması və təbliği istiqamətində həyata keçirilən təşəbbüslərə uyğun olaraq reallaşdırılıb.

“Mənim irsim danışır” layihəsi gənc nəslin milli kimlik şüurunun formalaşmasına, onların tarixi-mədəni dəyərlərə marağının artırılmasına və yaradıcı potensialının üzə çıxarılmasına mühüm töhfə verib.
Qeyd edək ki, paytaxtla yanaşı, respublikamızın regionlarını, xüsusilə də Qarabağ və Şərqi Zəngəzur bölgələrini əhatə edən bu layihə gənclərin milli-mədəni irsimizə bağlılığının və yüksək marağının əyani göstəricisidir.








