Emin Dostiyari: “İdxaldan asılığımızı azaltmalıyıq”
Dünya iqtisadiyyatındakı qeyri-sabitlik qida və içki sənayesinə ciddi şəkildə təsir edib. İqtisadi sabitliyin pozulması təkcə məhsulların qiymət artımına səbəb olmayıb, həm də dünyada müəyyən qədər qıtlığın yaranmasına gətirib çıxarır. Dünyada baş verən bütün bu proseslər Azərbaycandan da yan keçməyib. Qida və İçki Sənayeçiləri Assosiasiyasının sədri Emin Dostiyari müsahibəsində ərzaq böhranının ölkəmizə təsiri ilə bağlı bir çox məsələlərə aydınlıq gətirib.
- Ötən ildən dünyada müşahidə olunmağa başlayan inflyasiya və digər iqtisadi proseslər, eləcə də son dövrlərdə daha tez-tez müşahidə etdiyimiz təbii fəlakətlər Azərbaycanın qida və içki sənayesinə necə təsir göstərdi?
Ötən ildən dünyada baş verən bəzi proseslər, xüsusilə bəzi ölkələrdə strateji qida məhsulları – taxıl, yağ, şəkər istehsal edən ölkələrdə qeydə alınan inflyasiyalar və milli valyutanın dollara nisbətən dəyərinin itməsi, fərqli iqtisadi stabilliklər qiymətlərin artımına səbəb olur. Bu, normal faktordur və buna uyğun olaraq da dünya bazarında qiymətlər yenidən formalaşır. Ancaq bundan daha əhəmiyyətlisi qiymətlərin artmasına təsir göstərən əsas amil, xüsusilə ötən il ətraf mühitdə baş verən dəyişikliklər – davamlı quraqlıqlar, dolu düşmə hallarının artması, normadan artıq yağıntının olması, daşqın və sellərin intensivləşməsi dünyanın bir çox yerlərində qida məhsullarının qiymətlərinin bahalaşmasına səbəb oldu. Məsələn, Braziliyada dolu yağması fermerlərin kofe yığmasına ciddi çətinliklər yaratdı. Bu, nəticə etibarilə dünya bazarında kofenin qiymətinin 20-30 faiz bahalaşmasına səbəb oldu. Çoxlu yağışlar, fəlakət səviyyəsinə gələcək daşqınlar Belçikada və Niderlandda kartofun əkin sahələrinə ciddi zərər vurdu. Bunun nəticəsi olaraq Avropa ölkələrində kartofun qiyməti 80-90 faizədək bahalaşdı. Düzdür, Azərbaycan bu ölkələrdən kartof idxal etmədiyi üçün bu proses bizim daxili bazara bir o qədər də təsir etmədi. Ancaq Azərbaycan oradan toxumçuluq üçün məhsul idxal edir. Kanadada da hədsiz çox yağan yağışlar taxılın qiymətinin artmasına səbəb oldu. Qiymətlərin yüksəlməsinə təsir göstərən digər faktor yanacaq resurslarının qiymətlərinin qalxmasıdır. Gübrələrin, pestisidlərin istehsalında yanacaq sərfi çox olduğundan bu amil onların, sonda isə kənd təsərrüfatı məhsullarının qiymətinin bahalaşmasına təsir göstərdi. Bu faktor gübrə qıtlığının da yaranmasına səbəb olur. Qıtlıq özü də qiymət artımının baş verməsinə gətirib çıxarır. Məsələn, ən böyük istehsalçılardan biri olan Çin gübrə ixracını müvəqqəti dayandırıb. Bu, özü gübrə bazarı üçün çox ciddi faktordur.
- Yaxın region ölkələrində baş verən geosiyasi dəyişikliklər, eləcə də bu dəyişikliklər nəticəsində yaranan loqistika problemləri Azərbaycan bazarına necə təsir göstərir?
Müharibələr və sanksiyalar da bir çox ölkələrin iqtisadiyyatına təsir göstərir. Qonşu ölkə olan Rusiyanın Ukrayna ilə apardığı müharibənin Azərbaycan iqtisadiyyatına da təsiri var. Bu ölkələr taxıl istehsalı və satışı ilə bağlı ciddi mövqeyə sahibdirlər və Azərbaycan da onların hər ikisindən taxıl idxal edir. Qısa olaraq, deyə bilərik ki, ətrafımızdakı geosiyasi və geoiqtisadi göstəricilər qida məhsullarının, xüsusilə əsas strateji xam qida məhsullarının, komponentlərinin qiymətlərinin yüksəlməsinin əsas indikatorudur. Bu qiymətlər hazırda da yüksəlməkdə davam edir və yüksəlmə hələ davam edəcək. Azərbaycan idxalçı ölkə olduğundan bu qiymət artımları da bizə də təsir göstərir. Düzdür, biz müəyyən qədər şəkər istehsal edirik, amma şəkəri əsasən idxal edən ölkəyik və Braziliyadan xam şəkər alırıq. Azərbaycanda onun emal prosesi həyata keçirilir. Bundan başqa, taxılı, yağ məhsullarını idxal edirik. Onların hamısının qiymətləri dəyişir. Başqa bir faktor olan nəqliyyat xərcləri də getdikcə artır. Nəzərə alaq ki, pandemiya dövründə bəzi nəqliyyat vasitələri işləmədi, bu işlə məşğul olanlar başqa növ fəaliyyətlə məşğul olmağa başladılar. Sözsüz ki, qiymət dəyişikliklərinin baş verməsinə təsir göstərən bütün bu prosesləri tənzimləyərək yenidən əvvəlki vəziyyətinə qaytarmaq zaman alır. Əlbəttə ki, bütün bu sadalanan amillər Azərbaycan bazarına da təsir göstərir və göstərməkdə də davam edəcək.
- Böhranın qida və içki sənayesində yaratdığı problemləri aradan qaldırmaq üçün hansı tədbirlər görülməlidir?
Əlbəttə ki, bunun həll yolları var. Amma bu həll yolları qısamüddətli deyil, uzunmüddətlidir. Biz yerli istehsalımızı, kənd təsərrüfatını inkişaf etdirməliyik. Azərbaycan elə əlverişli coğrafi mövqedə yerləşir ki, burada taxıl da, yonca da, kartof da, portağal da, kivi də yetişir. Azərbaycan kənd təsərrüfatını inkişaf etdirməsə, hər zaman xarici idxaldan asılı olmaq məcburiyyətində qalacaq. Kənd təsərrüfatını inkişaf etdirmək üçün dünya praktikası var. İsrail dövləti yaradılanda onun heç suyu da yox idi. Özləri texnologiya yaradaraq, damcılı suvarma sistemini inkişaf etdirərək kənd təsərrüfatını inkişaf etdirdilər. İndi İsrail ən əsas ixracatçı ölkələrdən biridir. Kənd təsərrüfatını inkişaf etdirə bilməyimiz üçün ciddi suvarma sistemlərinə ehtiyacımız var. Mövcud olan su ehtiyatımızdan düzgün şəkildə istifadə etməliyik. Əfsuslar olsun ki, uzun illər bizim suvarma sistemləri o qədər də yaxşı idarə olunmayıb. Bunun nəticəsi olaraq, bugün çox böyük problemlər yaranıb. Hazırda bu problemlərin aradan qaldırılması üçün dövlət tərəfindən işlər aparılır. Bu işlərin sayəsində yaxşı nəticələrin ortaya qoyulacağı gözlənilir.
Biz ən qısa zamanda idxaldan asılılığımızı azaltmalıyıq. Təbii ki, biz banan, kivi yetişdirməyi özümüz üçün hədəf seçmirik. Sözsüz ki, bunlar da mümkün ola bilər, amma daha vacibi taxılı öz ölkəmizdə yetişdirməyimizdir. Ölkəmizin daha çox hissəsində şəkər qamışının, şəkər çuğundurunun yetişdirilə bilib-bilməməsi araşdırılmalıdır. Günəbaxan, zeytun, qarğıdalı bağlarının sahəsinin genişləndirilməsi və onlardan yağın emal edilməsi üçün yetərli qədər torpağımız var. Bu istiqamətdə işlər görülməlidir. Ancaq suvarmanın aparılması üçün su çatışmazlığı problemimiz də var. Su problemlərini həll edə bilsək, çox ciddi şəkildə çalışsaq, qarşıdakı bir neçə ildə kənd təsərrüfatı sahəsindəki idxal asılılığımızı çox ciddi şəkildə azalda bilərik.
- Assosiasiya qida və içki sənayesinin üzvlərinə mövcud problemli vəziyyətlərdən çıxış yolu kimi nəyi tövsiyə edir?
Azərbaycanda bəzi məhsulların istehsalı ölkənin ehtiyaclarından daha çoxdur. Məsələn, pomidor, xurma, nar belə məhsullardandır. Pomidor satışı hər zaman mümkün olmaya da bilər, sərhəddə yaranan problemə görə bir neçə yüz min dəyərində olan bu sahə bata bilər. Buna görə də alternativ bazarlar tapılmalıdır. Üzvlərimizə tövsiyəmiz budur ki, ehyiyaclarımızdan daha çox istehsal edilən məhsullar üçün yeni bazarlar tapsınlar, alternativ məhsul istehsalına başlasınlar. Rusiya bazarı Azərbaycan üçün hər zaman ən münasib bazardır, burada istədiyimiz qədər məhsul sata bilirik, ancaq orada da siyasi və iqtisadi qeyri-stabillik yarandıqda biz bundan zərər görürük. Bəzən də Rusiya bazarına qoyulan embarqoya görə Avropadan oraya gəlməli olan meyvəni Azərbaycan meyvəsi ilə əvəz edə, yaxud o bazarın Asiya meyvəsi ilə təminatında iştirak edə bilərik. Azərbaycan əslində bu sahədə bir tranzit bölgə ola bilər.
- Ərzaq təhlükəsizliyinin təmini üçün işğaldan azad edilmiş ərazilərimizdən necə istifadə edə bilərik?
Hesab edirəm ki, işğaldan azad edilmiş ərazilərin kənd təsərrüfatı potensialı çox böyükdür, buranın torpaqları çox münbitdir. Buna görə də burada bu sahənin inkişafı çox əhəmiyyətli olardı. İşğaldan azad edilmiş ərazilərimizdə bir neçə emal müəssisəsi var, amma onlar bizim üçün strateji məhsul deyil. Bizim üçün həmin ərazilərdə taxıl, yonca əkininin aparılması daha münasibdir. Məlumdur ki, həmin ərazilərdə mənfur düşmən xeyli sayda minalar basdırıb, onların da düzgün xəritəsini bizə təqdim etmir. Dövlətimiz həmin xəritələrin alınması üçün iş aparır, eyni zamanda ərazilərin minalardan təmizlənməsi işlərini də həyata keçirir.
Xəyyam GÜNƏŞLİ