Şuşa – Möcüzədir

Hər zaman bəşəriyyəti özünə valeh edən memarlığın müxtəlif cərəyanları və istiqamətləri var. Bunlardan biri qədim dövrlərdən miras qalan, bəşəri tarixin inkişafına baxmayaraq hər rastlaşdığımızda bizi heyran qoyan abidələrin bərpası ilə məşğul olan bərpaçı-memarlıq sahəsidir. Bu dəfə ki müsahibimiz, 1980-1989-cu illərdə Şuşa Memarlıq Qoruğundakı abidələrin sənədləşdirilməsi və bərpası işləri ilə məşğul olan, Azərbaycan abidələrinin ilkin siyahısının və İçəri Şəhər qoruq kompleksinin UNESCO tərəfindən siyahıyasalınma layihəsində memarlar qrupuna rəhbərlik edən, 2018-ci ildə Azərbaycan Respublikasının əməkdar memarı adına layiq görülən, 2019-cu ildə Azərbaycan Memarlar İttifaqı tərəfindən “Ustad Memar” adı təqdim edilən bərpaçı-memar Ədalət Məmmədovdur.

Ədalət Məmmədov
  • İtaliyada memar – öz kainatını yaradan tanrı hesab edilir. Bu anlayışla nə dərəcədə razısınız?

Tam razıyam. Sözsüz ki, istənilən sənətə və peşəyə hörmətim var. Biz orta məktəbdə oxuyarkən müəllimimiz həmişə deyərdi ki, hər peşəyə ehtiyac var. Amma mənim fikrimcə, memar, vəkil və həkim – bu üç sənət dünyada ən yüksək qiymətləndirilməli sənətlərdir. Səbəbini açıqlayım, hansı quruluşda yaşayırsan yaşa, bu üç peşənin üçü də orada olur, bunlardan biri olmasa tarazlıq pozulur. Memar – insanın yaşayışını, rahatlığını, həkim sağlamlığını qorumağı, vəkil isə hüquqlarının qorunmasını təmin edir. İnsanın rahatlığı, sağlamlığı və hüquqi azadlığı olmasa o, heç bir sənətin sahibi ola bilməz.

  • Müəllimi demədiniz…

Müəllim olmasa bu üç sənətin heç biri olmaz.

  • İnsanlar, texnika inkişaf etdikcə bu sıralama dəyişə bilər?

Zaman keçdikcə heç nə dəyişmir, məsələn 5 min il bundan qabaq bir memarın yaratdığı tikililərə, Qobustan mağaralarına, daha sonra bu gün yaşadığımız müasir evlərə baxın. Görürik ki, əsas olaraq forma dəyişib, funksiyalar olduğu kimi qalıb. Memarlıq inkişaf etdikcə insanların tələbləri artır. Bu həm də insanların psixologiyasına da böyük təsir edir. Abidələrə gəlincə isə Makedoniyalı İsgəndər ilk dəfə Persepolisi görəndə heyran olub. Mən həmişə deyirəm ki, əgər mənim yaratdığım bir tikilini, yoldan keçən bir şəxs seyr edirsə bu mənim üçün böyük göstəricidir. Onun diqqətini çəkə bilmişəmsə, demək nə isə yaratmışam. Mən əzəməti və yaradıcılığı hiss etmək üçün Kolizeyi hər dəfə ən azı 4-5 dəfə fırlanıram. Yaxud Kapitellərdə olsun – orada xüsusi bir meydança var, mərmərdən yaradılan kompozisiyalarda iki yarpağın bir-birindən seçilməməsinə heyrətlənməmək əldə deyil. Mən əgər onun qarşısında durub saatlar ilə baxıramsa deməli onu yaradan usta əsl memardır.

  • İnsanıq, hər birimizdə ideya böhranı olur, resurslar tükənir… Siz öz memarlıq əsərlərinizi yaradarkən nədən ilham alırsınız?

Mən bərpaçı memaram, 1980-ci ildən bərpa sahəsində çalışıram. Fikrimcə o memar ki, 3000 il əvvəl yaradılan əsərləri öyrənmirsə, tarixi memarlıq abidələrinə toxunmursa ondan memar olmaz! Bir iş görəndə, mən ənənələri itirməməyə çalışıram. Ənənə itdi dekonstrutivizm meydana çıxır, məsələn, baxırsan ilk baxışdan hər şey normaldır, amma bir element yerləşdirilir, konstruktiv quruluş pozulur. Halbuki tam hesablanmış tikintidir. Mən o cür tikililərə, şüşə memarlığına soyuq yanaşıram. Axı şüşə memarlığından insan nə həzz ala bilər, nə gözəllik duya bilər? Heç nə!
Amma gedək Şirvanşahlar sarayına, indiyə qədər orada bəlkə 10 000 dəfə olmuşam, bundan sonra da Allah ömür versə, 10 000 dəfə də olacağam. Niyə? Çünki Şirvanşahlar sarayında olan portallar, daş oyma işləri – şah əsərdir. Memara ilham verən onlardır. Əgər onlar olmasaydı, hamı şüşə memarlığına üstünlük verəcəkdi, heç bir memarlıq elementi olmayan beş mərtəbələr tikəcəkdi.

  • Memarlıq abidəsinin layihələndirmə prosesinin əsas mərhələləri hansılardır?

Bərpaçı memar həm də tarixçi olmalıdır. Tarixi bilməyən memar abidəni nəinki yarımçıq, ümumiyyətlə bərpa edə bilməz. Abidənin tarixi analogiyası aşkar edildikdən sonra, onun uçmuş yerləri, ya bərpa yaxud da konservasiya edilir. Abidədə necə olduğu bəlli olmayan hissələr mütləq şəkildə konservasiya edilir. Amma bəlli olan detallar bərpa edilir.
Son zamanlarda bərpa etdiyim abidələrin birindən Gəncə İmamzadəsindən danışım. Bu abidə bir neçə mərhələdə, IX əsrdən XVIII əsrə qədər hissə-hissə tikilib. Mənim əlimdə Türbə hissəsi idi. İlk olaraq tarixi – tikilinin hansı dövrə aid olduğunu, türbədə kimin əbədi uyuduğunu, onun Gəncəyə nə vaxt gəldiyini, gəlmə səbəbini araşdırdıq. Bir sözlə tarixi mənbələri öyrəndik. Aydın oldu ki, binanın iç hissəsi əvvəlki dövrə aid ola bilər, amma üzərinə sonradan vurulan rənglər təmizlənməli idi. Çox kiçik hissələri, həm də əl ilə təmizlədik. Təbəqələri müəyyən etdik, həmin adı çəkdiyim abidədə 6 təbəqə tapdıq. Təbəqələri təmizlədikdən sonra, onu tikən ustanın adını, imzasını tapdıq. Əlimizdə bu tikilinin XI-X əsrə aid olduğu müəyyən oldu. Halbuki XVII əsrə aid olduğu deyilirdi. Aydın oldu ki, qülləvari türbələr XII-XIII əsrlərə aid olduğu üzə çıxdı. Bir sözlə mənim fikrimcə bərpaçı-memar həkimə bərabərdir, xəstə tikintiyə ömür verir.

  • Siz 80-ci illərdə Şuşa Memarlıq Qoruğundakı abidələrin sənədləşdirilməsi və bərpası işləri ilə məşğul olmusunuz. Yaradıcı insanlar üçün ərsəyə gətirdikləri işlər övladları kimidir. Düşmən tərəfindən yerlə-yeksan edilmiş həmin abidələri yenidən görməyə və bərpa işlərində iştirak etməyə hazırsınızmı?

Yaralı yerimə toxundunuz. 1980-89-cu illərdə təkcə Şuşada deyil, Dağlıq Qarabağda Yuxarı Gövhərağa məscidi, Şükür Mirsiyab oğlu karvansarası, Şirin su hamamı kompleksi, Köçərilər məscidi, Üzeyir Hacıbəyovun ev-muzeyi, Şuşa qalasının
divarları, Mir Möhsün Nəvvabın ev-muzeyi və bir sıra tarixi abidələrin sənədləşdirilməsi və bərpası ilə məşğul olmuşuq. Dağlıq Qarabağın gözəlliyi öz yerində, müharibə gedən ərazilərdə möhtəşəm abidələr var.
O dövrdə Mədəniyyət Nazirliyinin “Elmi layihə-bərpa emalatxanası” var idi. Şuşanı ev-ev ölçüb, işləmişik. Şuşanı heç bir şəhər ilə müqayisə etmək olmaz. Cıdır düzündən baxdıqda İbrahim xanın qəsri, Topxana meşəsindən Şuşa əlinin içində görünür. Orada yalnız bir nəfərin keçə biləcəyi, yerli sakinlərdən başqa kimsənin addım atmağa risk etmədiyi Pişik cığırı deyilən yer var.
Şuşa – şərq şəhər plan quruluşuna malikdir. Hər məhəllənin hamamı, məscidi, meydanı və bulağı var. Məşədi Şükür Mirsiyab oğlunun karvansarası bir sənət əsəridir.
Əfsus olsun ki, indi onlar dağıdılıb. Amma əlimizdə bütün cizgilərin əks olunduğu sənədlərimiz var. Orada bərpa etdiyim sonuncu abidə, Respublikada bütün tarixi yerləri saxlanılmaqla müasir tələblərə uyğunlaşdırılaraq birinci tarixi hamam – Şirinsu hamamı oldu. Möhtəşəm tikili idi.
Xan qızının ev-muzeyini bərpa edərkən, bağdakı möhtəşəm çinar və ceviz ağacları… Şuşa bir sözlə – möcüzədir!

  • İslam memarlığının ən dayanıqlı və inkişaf etmiş memarlıq nümunələrindən biri məscidlərdir. Məscidlər inşa olunarkən hansı qayda və ənənələr mütləq şəkildə diqqət mərkəzində saxlanılır?

Ümumiyyətlə məscidlərin atributları var. Məsələn, Zaqatala, Qax, Şəki, Quba, Lənkəran və Astara zonasında kənd məscidlərində azan vermək üçün minarə deyil, damında şüşəbəndə bənzər bir hissə – güldəstə qoyulur. Bundan başqa məscidlərdə mehrab mütləq olmalıdır, qadın və kişilər eyni qapıdan girə bilməzlər, onların giriş qapıları ayrılır. Şəhər məscidlərində bir və hətta iki minarə olur, məsələn, Təzəpir məscidi iki minarəli, Kazımbəy, Qasımbəy məscidləri bir minarəlidir. Şuşada Aşağı və Yuxarı Gövhərağa məscidləri əsas məscidlər hesab edilirdi. Hər iki məscidin yanında mədrəsə var idi. Cəlil Məmmədquluzadə, Əbdürrəhman bəy Haqverdiyev kimi mütəfəkkirlər bu mədrəsələrdə ilk təhsilini alıb.

  • Ümumilikdə memarlıq işlərindən danışsaq belə bir fikir var ki, keyfiyyətli memarlıq bahalıdır, müasir cəmiyyət isə daha ucuz və standart həllərə üstünlük verir, bu səbəbdən də gözoxşayan memarlıq abidələrinin sayı getdikcə azalır. Bu fikirlə razısınız?

Tarixə nəzər yetirək, ən çox yaşı olan tikililər hansılardır? Dini abidələr və ya saraylardır. Avropanın hansı şəhərinə getsəniz, 1500-1600 yaşı ola kilsələr var. Fərqi yoxdur hansı quruluş və ya hakimiyyət formasıdır, kilsələrə, dini məbədlərə əl vurulmur. Onların ətrafında mərtəbəli binalar tikərlər, amma dini məbədlərə toxunmazlar.

  • Ermənilərdən başqa..

Elə o sözə gəlirəm, bizim mənfur qonşulardan başqa. Hətta Hitler kimi qəddar diktator Parisi alanda kilsələrə güllə atmadı. Amma bizim mənfur qonşular, məscidin içinə adamı yığıb yandırırdılar, məscidlərdə heyvan saxlayırdılar. Bir sözlə dini məbədlər dünya durduqca, bəşəriyyət var olduqca qalacaq. Əgər tikililər və abidələr qalacaqsa, onu yaradan memarlar, yəni bizlər də qalacağıq.

  • Sirr deyilsə hazırda hansı layihə üzərində çalışırsınız?

Bəzi eskizlər var, təsdiqini gözləyirik. Abidələr ilə əlaqədar kiçik işlər var əlimizdə, məsələn Sovetski də hamam komplekslərinin eskiz-layihələri var. Hazırda gözümüzü Qarabağa dikmişik, çünki oradakı abidələr ilə işləməyi gözləyirik. 1998-ci ildə İçərişəhər ilə əlaqədar UNESCO qəbul etdiyi layihə mənim rəhbərlik etdiyim qrupun işidir. 2000-ci ildə Parisdə təqdimatında özüm də iştirak etdim. İndiyə qədər müharibə zonasında, işğal altında olan Xudafərin körpüsündə artıq bayrağımız dalğalanır və onun UNESCO siyahısına salınması üçün layihə hazırlanacaq. Otuz ildir ki, gözləyirdik, deməli vaxtı indi idi, artıq sadəcə ümid etmirik, əminliklə inanırıq ki, o abidələr ilə işləyəcəyik!

  • İstənilən işin peşəkarı olmaq, bu işin mütəxəssisi olmaqdan çətindir. Çünki hər hansı sahədə mütəxəssis olmaq üçün təhsil, peşəkar olmaq üçün isə təhsildən başqa, həm də təcrübə olmalıdır. Yeni başlamış memarlara özlərində hansı keyfiyyətləri inkişaf etdirməyi məsləhət görərdiniz?

Mənim yanıma ildə 4-5 dəfə diplom işi üçün tələbələr gəlir. Onlara ilk növbədə noutbuku bir qırağa qoymağı, əllərinə karandaş almağı məsləhət verirəm. Tikəcəyini çəkə bilmirsə, o necə memardır? Sifarişçiyə əyani şəkildə göstərilməli elementlər var. Bundan cavanlara tövsiyəm: ilk növbədə tarixi öyrənin. Tarixi bilmədən heç şüşə memarlığı da edə bilməzsən. Memarlığı qoyaq bir qırağa, heç adi insan da tarixini bilmədən yaşayıb yarada bilməz. Memar universal olmalıdır. O riyaziyyatı da, həndəsəni də, coğrafiyanı da bilməlidir. Sifarişçinin istəyinə kompleks yanaşılmalıdır. Bir tikilinin eskizi üzərində çalışarkən, mən yalnız ümumi quruluşu yox, detallara da diqqətlə yanaşıram. Bu çox vacibdir.

  • Ölkəmizdə ucaldılan memarlıq abidələrinin yaradılmasına xarici peşəkarların cəlb edilməsinin yerli memarlıq məktəbinə müsbət və mənfi təsiri hansılardır?

Mən xaricdən, xüsusilə bərpa üzrə xaricdən mütəxəssislərin gətirilməsinin qəti əleyhinəyəm. Əvvəla, o abidənin tarixini, tikilmə üsullarını biz daha yaxşı bilirik. Beş-altı nəfər respublikada peşəkar bərpaçı-memar var. Onların qədrini bilmək lazımdır. Biz hər halda İşərişəhərə daha çox ürək yandırarıq, nəinki xaricdən gələn memar. Çünki, o bu işə gəlir mənbəyi kimi baxır, biz isə gəliri qoyuruq bir yana, tarix kimi baxırıq. Bilirik ki, bu Moltanı karvansarasıdır, bu Buxara karvansarasıdır. Biz ona ürəyimizi veririk, ona görə də xaricdən mütəxəssis gətirilməsinin qəti əleyhinəyəm. Bu mənim şəxsi fikrimdir və hər yerdə də deyirəm. Abidənin bərpa olunması o demək deyil ki, müasir texnologiyadan istifadə edib, betonla və armaturla bərkitdin, vəssalam. Xeyr. Bərdədə XII-XIII əsrlərə aid Əhsədan baba türbəsini 1322-ci ilə aid Allah Allah türbəsini bərpa edəndə ustanın bu abidələri necə tikdiyini tapmaq üçün çox fikirləşdim. Bunun üçün həmin dövrlərə aid hörgü üsulunu nəzərdən keçirdik, xarici mütəxəssis bunu etməyəcək. Demirəm ki mən pul almıram, amma mən o işə can da qoyuram. Mənim üçün əsas məsələ ərsəyə gətirdiyim işlərdən insanların zövq almasıdır. Əgər bu gün kim isə Heydər məscidinə baxıb, zövq alırsa mən xoşbəxtəm!

Səbinə Səmidxan

Əlaqədar məqalələr
İncəsənət / Dəb

"King's Style"- kralların seçimi

“King’s Style”- kralların seçimi Kişi geyimlərinin ən əsas…
►►►
İncəsənət / Dəb

Avstriyanın tanınmış leybl Azərbaycan cazının ustası Rain Sultanovun yeni vinil rekordunu təqdim edib

Avstriyanın məşhur “Second Records” leybl Azərbaycan cazının ustası Rain…
►►►
İncəsənət / Dəb

Azerbaijan Fashion Week 17-ci mövsüm: ənənələr, innovasiyalar və qlobal trendlər

Azerbaijan Fashion Week 17-ci mövsüm: ənənələr, innovasiyalar və qlobal trendlər 8-9…
►►►