“Gilabi Ceramics” – qədim ənənələri və müasirliyi vəhdətə gətirən milli brend
Bakının mərkəzində məşhur dünya markaları ilə bir cərgədə “Gilabi Ceramics” milli brendinin yeni mağazası açıldı.
“Gilabi Ceramics” 2020-ci ildə keramika rəssamı Emin Ələkbərovun təşəbbüsü ilə yaranıb. İlk günlərdən istedadları, peşəkar və iddialı gəncləri ətrafına toplayan sənət mərkəzinə çevrilərək, qısa müddətdə keramika istehsalı sahəsində yeni imza olaraq tanındı.

Adını xüsusi gil növündən alan “Gilabi Сeramics” keramika sənətinin bir çox sahələrini əhatə edən sənət fenomeninə çevrilməkdə, milli brend olaraq hər gün inkişaf etməkdədir. “Gilabi Сeramics”də hər yeni məhsul təkrarsız, bənzərsizdir. Mövzu seçimində, incə naxışlarda, hər xırda detalda bir eksklüzivlik var. Bakı kəndlərinin mənzərələrini, şəhər bağlarının nəfəsini, milli ornamentləri, qədim simvolları keramikaya köçürən nümunələrin hər biri sənət əsəridir. “Gilabi Сeramics”in təqdim etdiyi nümunələr ardıcıl olaraq yeni məzmunla dolğunlaşır. Bu mənada təzə mağaza əsl sərgi təəssüratı yaradır. “Gilabi Ceramics”dəki incə əl işləri orijinal dekor elementi olmaqla yanaşı, təbii ki, həm də yüksək texnologiyalarla ərsəyə gələn, işlək, davamlı modellərdir.
Məlumdur ki, gil təbii sərvət olaraq, qədim zamanlardan bəri məişətdə istifadə edilib. Adı hər kəsə tanış olduğundan, gilabidən hazırlanan məişət məmulatları xeyirli, faydalı, dəyərli sayılıb. Yəni gilə toxunuş – bu mənada həm də təbiətin özünə, nənələrin səliqə-səhmanına, keçmişin ən gözəl xatirələrinə dəvətdir. “Gilabi Сeramics” brendi öz işinə elə bu həssaslıqla yanaşır. Eyni səbəbdən Balaxanıdakı əsas emalatxananın qapıları yaşından asılı olmayaraq, bütün sənət həvəskarlarının üzünə açıqdır. Ən yüksək keyfiyyətli materialdan öz əsərini yaratmaq arzusunda olan uşaqlar, yeniyetmələr belə, “Gilabi Ceramics”in peşəkar heyətindən master-klasslar, tövsiyələr alaraq bacarıqlarını sınaya bilirlər. Rəssamlıq Akademiyasının tələbələrinə özlərini ifadə etmək, istedadlarını şəkilləndirmək imkanı tanıması baxımından isə “Gilabi Ceramics”in, ümumiyyətlə, məktəb olaraq, bənzəri yoxdur. Maraqlı fikirləri dərhal sənətə köçürmək, istedadın üzə çıxması üçün yaradıcı mühit yaratmaq, zamanın və dəyişən dəbin dalğasında qalmaq “Gilabi Ceramics”in hərəkət xəttidir.
Bakının mərkəzində, 28 may küçəsində açılmış yeni mağaza isə qədim mədəniyyətlə müasir sənətin ideal vəhdətini izləmək imkanı verən tamamilə təzə bir təqdimatdır. Kompakt məkanda müxtəlif forma və çeşidlər, hər zövqə uyğun hədiyyələr var. Bədiiestetik naxış elementləri, rəng uyğunluğu, incə çalarlar, parlaq ifadə tərzi, müəllif yanaşması ilə “Gilabi Ceramics” milli mədəni irsin ən layiqli təmsilçiləri ilə eyni missiyanın daşıyıcısıdır.


Yeni yaranan, qısa müddətdə adını təsdiq edib uğurlar qazanan bu milli brendi sənətə incə münasibət, diqqət və qayğı ilə qorumaq mümkündür. Çünki bütün dəyərli başlanğıcların öz təşəbbüskarları olsa belə, bizə aid olan hər məhsul dünyada yalnız bir ümumi imza ilə tanınır: “Made in Azerbaijan”