Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Microsoft”la birgə Bakıda seminar keçirib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan dövlət qurumlarının rəqəmsal transformasiyası fonunda “Microsoft” şirkəti ilə birgə “RİNN&Microsoft – Rəqəmsal tərəfdaşlıq və təcrübə mübadiləsi” mövzusunda seminar keçirib.
Nazirliyin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkilatçısı olduğu tədbirdə Azərbaycan dövlət qurumlarının fəaliyyətində “Microsoft” məhsullarının tətbiqi, üstünlükləri və rəqəmsal faydalılığı barədə müzakirələr aparılıb.
Tədbirin keçirilməsində məqsəd “Microsoft” məhsullarının tətbiqi vasitəsilə ölkəmizin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində qeyd edilən beş milli prioritetdən biri olan “rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı”na çevrilməsi prosesini sürətləndirməkdir.
“Microsoft”un ölkəmizdə səfərdə olan nümayəndələri Anna Kaştanova və Tatyana İostman çıxış edərək mövcud proseslərin rəqəmsallaşdırılması istiqamətində şirkətin təklif etdiyi məhsulların təqdimatını keçiriblər. Beynəlxalq korporasiyanın rəsmiləri məhsullar və hər bir xidmət üzrə iş prinsipləri haqda ətraflı məlumat veriblər.
“AzInTelecom” MMC-nin Kommersiya departamentinin direktoru Ruslan Əliyev tədbir zamanı bildirib ki, “AzInTelecom” MMC innovativ şirkət olaraq mövcud iş proseslərini mütəmadi olaraq rəqəmsallaşdırır. “Microsoft” ilə əməkdaşlıq çərçivəsində beynəlxalq korporasiyanın təqdim etdiyi rəqəmsal məhsullardan yararlanır.
“AzInTelecom” proseslərin rəqəmsallaşdırılması və mərkəzləşdirilməsi istiqamətində “Microsoft” şirkəti ilə həyata keçirdiyi sıx əməkdaşlıq nəticəsində əldə edilən təcrübəni Azərbaycanın digər dövlət qurumları ilə bölüşməyə tam hazırdır”, – deyə R.Əliyev vurğulayıb.