BAKI MİLYONÇULARI

19-cu əsrdə Bakı şəhəri öz milyonçularının sayı etibarilə dünyada görkəmli yerlərdən birini tuturdu. Neft bu şəhəri iri sərmayədarlar yurduna çevirmişdi. Lakin Bakı milyonçuları başqa şəhərlərin milyonçularından onunla fərqlənirdilər ki, onlar bu sərmayə və sərvəti irsi olaraq, öz ata və babalarından almamışdılar. Bir qayda olaraq, əksəriyyəti fəhləlikdən, yoxsulluqdan öz zəhmətləri ilə milyonçu dərəcəsinə yüksəlmişdilər. Əvvəllər öz zəhmətləri, kamal və səyləri onları irəli aparmış, sonralar isə güclü neft fantanları onları sərvətin yüksək dərəcəsinə qaldırmışdı. Biz Bakının bu milyonçularından bir neçə nəfəri haqqında danışacağıq.

HACI  ZEYNALABDİN TAĞIYEV

 «Baku» qəzeti 1912-ci il 18 mart tarixli nömrəsində yazırdı: «Tağıyev bütün Qafqaz müsəlmanlarının fəxridir. Onun adı həmişə ehtiram və məhəbbətlə çəkilir. Müsəlmanlar arasında Tağıyevdən də xeyli varlı olanlar vardır. Lakin onlar deyil, məhz Tağıyev Qafqaz müsəlmanlarının mərkəz dayağı olmuşdur. Şübhəsiz onda elə bir keyfiyyət vardır ki, xalq kütləsini öz tərəfinə çəkə bilir, öz ləyaqəti ilə zəbt edə bilir. Qoy elə bilməsinlər ki, yalnız xoşbəxtlik onu yüksəklərə qaldırmış, milyonlara çatdırmışdır. Doğrudur xoşbəxtlik və uğur da böyük işdir. Lakin uğurdan başqa ağıl da, güc də lazımdır, dəmir inadkarlıq, insan əməyi də lazımdır. Tağıyev həmişə belə olmuşdur».
Bu, Bakı varlısı, məşhur mesenat Hacı Zeynalabdin Tağıyev barəsində verilmiş ən dolğun xasiyyətnamədir. Tağıyev adi bir palçıq daşıyandan, savadsız bir bənnadan yalnız parlaq ağılı, aydın kamalı, tükənmaz energiyası nəticəsində yüksək sərvət qatlarına yüksələrək, bütün Bakı kapitalistlərini kölgədə buraxmışdı. Hacı savadsızdı, imzasını belə ata bilmirdi. İmza əvəzinə yalnız Zeynalabdin sözündəki onbir hərfə uyğun olaraq, onbir cızıq çəkərdi. Məhz belə bir adam yalnız Azərbaycanda, Rusiyada deyil, bütün Avropada iri iqtisadi və ticarət əlaqələrində mərkəzi bir simaya çevrilmişdi. Tağıyev Şərq aləminin ilk mesenatı idi. Sərvət və sərmayədarlıq onu heç zaman doğma xalqından ayırmamışdı. Xalqı da doğma Vətəni kimi ona əzizdi. O, vaxtilə «Qolos Moskvı» qəzetinin müxbirinə verdiyi müsahibədə bu suala sanki cavab verərək demişdi: «Mən öz vətənimi buraxa bilmərəm. O vətəni ki, mən orada doğulmuşam, mən orada işləmişəm, mən orada bəqədrqüvvə dövlətə, vətənə və camaata xidmət etmişəm. Mən öz vətənimi sevirəm. Gələcəkdə keçirəcəyim imtahanlar nə qədər ağır olsa da, mən vətənimdən əl çəkmərəm. Burada mənim atamın qəbri vardır. Mənim qəbrim də burada olmalıdır» (“İqbal” №167, 21 sentyabr 1912-ci il).
Vətənə belə bağlılıq nəticəsindədir ki, bolşevik istilası zamanı başqa Bakı milyonçularından fərqli olaraq Hacı xaricə qaçmadı.Tağıyev uşaqlığından zəhmətin ağırlığını öz çiyinlərində daşımış və buna görə də ömrünün axırınadək zəhməti həmişə yüksək qiymətləndirmişdir.Tağıyev 1838-ci ildə Bakıda başmaqçı ailəsində anadan olmuşdur. On yaşına çatanda atasından xahiş edir ki, onu bir ustanın yanında şagird düzəltsin. Atası da onu bir bənnanın yanında palçıq daşımağa düzəldir. Zeynalabdin palçıq daşımaqla yanaşı gözlərini bənnaların əlindən çəkməzdi. Daş yonanlara da diqqətlə göz qoyardı. 12 yaşına çatanda artıq daş yonurdu. 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir sözlə qazanc yollarında iri addımlarla özünə yol açırdı. Bir müddətdən sonra podratçılıqla məşğul olmağa başlayır. Zeynalabdinin bacarıq və istedadı hamını heyrətdə buraxmışdı. O, sözün əsl mənasında oxumamış mühəndis idi. Podrata götürdüyü tikintilərdə mühəndislərdən geri qalmırdı. Hətta bəzən onlara məsləhətlər də verir və kiçik binaları öz layihəsi ilə tikdirirdi.
Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilmişdi. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınıb, onlarda neft buruqları ucaldılırdı. Bu Hacını da maraqlandırır və podratçılığı buraxaraq, neft işinə qurşanır. Bu işə başlarkən onun risqli olduğunu da bilirdi. Adamlar vardı ki, ətək-ətək pul töküb, quyu qazdırır, lakin quyu neft vermirdi. Hacının da qazdırdığı dörd quyudan heç biri neft verməmişdi. Mayası əlindən çıxırdı. Ancaq səbr və inam onu heç zaman tərk etməmişdi. Bilirdi ki, qazdırdığı quyular geс-tez neft verəcəkdir. Ağır borca girsə də məqsədindən dönmür, gecə- gündüz quyunun üstündən çəkilmirdi. Az qala fəhlələrlə birgə əlbir işləyirdi. Onları ruhlandırır, gec-tez quyunun fantan vuracağına onlarda da inam yaradırdı.
Nəhayət, Tağıyev istədiyinə nail olur. Quyulardan biri fantan vurur. Bundan həvəslənən Hacı Bayılda daha yeni quyular qazdırır. Bir-birinin dalınca vuran fantanlar Hacını başqa sərmayədarlarla bir səviyyəyə qaldırır. O, neft quyularından əlavə zavodlar da tikdirir, başqa sənaye müəssisələri inşa etdirirdi. Yenə də əvvəldə olduğu kimi vaxtının çox hissəsini  fəhlələrin yanında  keçirərdi. Onlardan iş tələb etsə də, qayğılarına da yaxından qalırdı. O zaman Hacının zavodunda işləyənlər deyirdilər: «Biz bu şəxsin səbrinə təəccüb edirik. Bilmirdik ki, Hacı 24 saatda nə vaxt dincəlir». Hacının başqa bir  müəssisəsində işləyənlər də belə deyirdilər: «Hərçənd bizə rahatlıq yoxsa da bununla belə Hacının mülayimliyi və insaniyyəti bizim ona can-dillə xidmət etməyimizə səbəb olmuşdu. Bizə heç bir yaman söz deməyir, təqsirimizdən keçirdi» (N. Nərimanov, «Hacı Zeynalabdin Tağıyevin əlli illik mənşəti və camaata xidmətləri». 1900-cü il).
Hacı kapitalist olsa da, məhz bu insani keyfiyyətləri ilə başqalarından fərqlənirdi. Varlandıqca onun daxili və  mənəvi keyfiyyətləri  daha  da  durulurdu. Hər şeydən qabaq qeyd etmək lazımdır ki, Tağıyev özünü heç zaman cəmiyyətdən xaric, cəmiyyətin fövqündə hiss etməmişdi. O ətrafında baş verən hadisələrin həmişə içərisində, bəlkə də mərkəzində olmağa çalışmışdı. XX əsrin əvvəllərində Bakının tarixində elə bir hadisə olmamışdır ki, Tağıyev onda birinci şəxsiyyət kimi iştirak etməmiş olsun. Hər sahədə Tağıyevin səyi, Tağıyevin qayğısı hiss olunurdu. Maarif və mədəniyyət məsələləri onu hökümətdən daha çox narahat edirdi. Şəhərin abadlaşdırılması, onun su ilə təchiz edilməsi Tağıyevi hər zaman narahat etmiş və düşündürmüşdü. «Təzə həyat» qəzetinin 10 aprel 1907-ci il tarixli 8-ci nömrəsində Haşımbəy Vəzirov Hacının fəaliyyətindən danışaraq, yazırdı: «Hacı Zeynalabdin Tağıyevin müsəlman milləti  üçün  elədiyi  xidmətlərini  durub,  burada  bir-bir saymaq fikrinə düşsək, heç olmasa bir ay qəzetimizi ancaq bu təfsilatla doldursaq, yenə hamısını deyə bilmərik».
Tağıyev böyük şəxsiyyət idi, ona görə ki, onda əməyə olan düzgün münasibətlə ağıl və zəka da birləşmişdi. Şəxsi ləyaqəti ilə Hacı hamının nəzərində yüksəlmişdi.
Tağıyevin Rusiyanın hər bucağında belə tanınması onun milyonları sayəsindəmi olmuşdu? Qətiyyən yox. Təsadüfi deyil ki, Hacının haqqında rəy söyləyənlər birinci növbədə onun milyonları barədə deyil, insanpərvərlik və maarifpərvərliyi, xalqa əl tutması haqqında ağız dolusu söhbət açırdılar.
Tağıyev insan şəxsiyyətinə və insan ləyaqətinə həmişə ehtiramla yanaşmışdır. İnsan qüruru, insan mənliyi ondan ötrü nəcib bir keyfiyyətdi. «Baku» qəzeti 56 nömrəli 9 mart 1912-ci il tarixli nömrəsində öz müxbirinin Tağıyevlə müsahibəsini vermişdir. Paris şəhərindən yenicə qayıtmış Hacı müxbirə qəribə bir əhvalat danışmışdı:
– Mən bir  faytonçudan  danışacağam.  Küçədə  faytonla  gedərkən qabaqda   mənə   sağa   burulmaq   lazımdı.   Faytonçu  isə    sola    burulurdu. Mən çətirin ucu ilə onun kürəyinə toxunub dedim: «Sola dön». Nə olsa yaxşıdır. Faytonçu qəzəblənmiş halda yerə atılıb qollarını ölçə-ölçə çığırmağa başladı.
– Ona nə oldu? — mən tərcüməçidən soruşdum.
O qəzəblənib. Deyir ki, nə cəsarətlə siz çətirlə onun  kürəyinə toxunmuşsunuz. Bununla onu təhqir etmişsiniz.
Mən oradakı camaata təəccüb qaldım və hər şeyi başa düşdüm… Bizdə adamın lap boynuna da vursan sənə səcdə edəcək. Bizdə də belə camaat olandan sonra başqa həyat olacaq. 
Müxbir sonra əlavə edərək yazırdı:
– Mən ömründə bircə kitab da  oxumayan,  güc-bəla  rusca  danışan dünənki fəhləyə, cizgilərlə imza edən bu qocaya heyrətlə baxdım.
Tağıyev Azərbaycan burjuaziyasını təmsil etsə də, cəmiyyətdə tutduğu mövqeyi, ölkənin ictimai-iqtisadi və mədəni-maarif sahəsindəki misilsiz xidmətləri ilə başqa kapitalist və milyonçulardan fərqlənirdi. Onu fəaliyyətində elə hallar olmuşdur ki, xalqın ehtiyacını öz şəxsi mənafe və qazancından qat-qat yüksək tutmuşdu. Məsələn, 1896-cı ildə Hacı Bayıldakı 20 milyon dəyərində olan zavod və mədənlərini beş milyon yarım zərərinə satıb, bez fabriki tikdirmək qərarına gəlmişdi. Hacının bu hərəkətləri Bakı varlılarının və hətta ən yaxın dostlarının rişxəndli atmacalarına səbəb olmuşdu. Bundan Hacının məqsədi nə idi? O belə düşünürdü ki, zavod və mədənlərində cəmi yüz nəfər adam özünə çörək pulu çıxarırsa, bez fabrikində minlərcə adamın əli çörəyə çatacaqdır.
Bununla belə Tağıyevin hər bir təşəbbüsü həmişə asanlıqla yerinə yetirilmirdi.  Onun  düşmənləri  olan  əcnəbi  və  erməni kapitalistləri,  yerli  çar çinovnikləri Hacının hər bir təşəbbüsündə elə bil qorxuya düşüb, hər vasitə ilə ona pəl vurmağa çalışırdılar. Bez fabrikinin tikilişi də başqaları tərəfindən narazılıqla qarşılandı və ona yer-yerindən maniələr törədildi. Bu milli burjuaziyanın dirçəlməsinin qarşısını almaq üçün görülmüş tədbirlərdən biri idi. Tağıyev fabrik üçün Xəzərin  şimal-qərb hissəsində yer seçdi və Əhmədli, Zığ kəndləri icmalarından torpaq icarə etməyə başladı. Lakin torpaqlar Hacıdan qabaq ayrı-ayrı adamlar tərəfindən icarəyə götürüldüyündən o torpağı ikinci və üçüncü adamdan icarəyə götürməyə məcbur oldu. Həmin bu yerlərdə Hacıdan qabaq Nobel, Şibayev, Mantaşev və başqaları da torpaq sahələri icarəyə götürmüşdülər. Hacının qarşısına çıxan bir çətinlik də ondan ibarət idi ki, kəndlilərin öz torpaqlarını ancaq 30 illiyə icarəyə verməyə ixtiyarları vardı. Bu müddət isə iri sənaye müəssisəsi üçün çox az müddət idi. Buna baxmayaraq, Hacı müqavilələri şəhər idarəsinə təqdim edir, onların 99 illiyə vahid bir müqavilə ilə əvəz edilməsi barədə Ziraət nazirliyi qarşısında təşəbbüsdə olmasını xahiş edir. Hacı əleyhinə qızışdırılan kompaniya nəticəsində ərizə yarım il hərəkətsiz qalır.
Tağıyev şəxsən Ziraət nazirliyinə müraciət edir. Nazirlik fabrikin tikilməsinə icazə verir. 1900-cü ildə fabrik hazır olub işə başlayır.Fabrik nəhəng bir tikili idi. Dənizdə 150 sajın uzunluğunda körpü salınmış və bu körpünün üstü ilə dəmir yolu və su kəməri keçirdi. Əsas korpusun uzunluğu 100 sajına yaxındı.
Bundan əlavə fəhlə və qulluqçular üçün şəhərcik də salınmışdı. Fəhlələr üçün 9 korpus tikilmişdi ki, burada da 2.200 nəfər yerləşə bilirdi. Bundan başqa fəhlə uşaqları üçün məktəb binası da tikilmişdi. İlk zamanlar fabrikdə 969 nəfər fəhlə işləyirdi ki, bunların da 10 faizi azərbaycanlılar idi. Fabrikdə fəhlənin orta əmək haqqı 154 manat 80 qəpik idi.
Fabrik hazır olandan sonra respublikanın bir sıra maqnatları narahat olmağa başladılar. Morozov və başqa fabrikantlar qorxuya düşdülər. Rus və dünya bazarlarına təzə rəqib çıxacağı fikri onları məcbur etdi ki, bu işə Peterburqun yüksək inzibati başçılarını cəlb etsinlər və onların vasitəsilə Tağıyevin qarşısına sədd çəkilsin. Onlar öz istəklərinə nail ola bildilər. Peterburq Tağıyevə ancaq bez buraxmağa icazə vermişdi. Nə bu, nə də ilk illərdə fabrikin zərərlə işləməsi Tağıyevi ruhdan salmadı. Bütün Şərq ölkələri, xüsusilə öz ölülərini dəfn etmək üçün ancaq Tağıyevin bezini alırdılar.
Zaqafqaziyada ilk toxuculuq fabriki olan bu müəssisədə bezin pudu 24 manat 63 qəpiyə başa gəlirsə də, Hacı onu ancaq camaatın xeyrinə olaraq, 18 manat 70 qəpiyə satdırırdı.
Toxuculuq fabrikinin tikilməsilə Tağıyev Azərbaycan yüngül sənayesinin fundamentini  qoydu.  Ölkənin  iqtisadiyyatını  yüksəltmək məqsədilə Tağıyev xalq təsərrüfatının bütün sahələrində böyük kapital qoydu. O, öz pullarını başqa kapitalistlər kimi banklarda saxlamırdı. İri ticarət mərkəzlərinin, un dəyirmanlarının, balıq vətəgələrinin yaradılmasında Tağıyevin kapitalı böyük rol oynayırdı. O hətta Rusiyanın başqa şəhərlərində də kontorlar açmış, mal mübadiləsinin genişlənməsinə böyük təkan vermişdi.
Bir faktı xüsusilə qeyd etmək lazımdır. Ona görə ki, həmin fakt Hacının bədxahları tərəfindən başqa cür yozulurdu. Bu 1909-cu ildə Bakı şəhərində Hacı tərəfindən qazamatın tikilməsi idi. Hacının əleyhdarları çığır-bağır salmışdılar ki, guya o qazamat tikdirməklə, xalqın oğullarının qazamat küncündə çürüməsində çarizmə xidmət etmişdir. Guya Tağıyev bununla şəhərdə qazamatın sayını artırmışdır. Əslində isə məsələ başqa cür idi. Qazamat tikdirmək Hacının heç fikrindən də keçməmişdi. O dəyirman tikdirmişdi. Binanın hazır olduğu ərəfədə Bakı əhlindən bir dəstə Hacının yanına gələrək gileylənirlər ki, onların həbs edilmiş adamlarını polis idarəsi dənizin ortasında, Nargin adasında saxlayır. Onlar üçün Narginə gedib-gəlmək çətindir, məhbuslara yemək apara bilmirlər. Bunu deyərkən Hacıdan kömək istəyirlər. Onların yanıqlı şikayətlərini dinləyən Hacı, bu ağır vəziyyəti aradan qaldırmaq üçün indi də «Tağıyevin qazamatı» adı ilə tanınmış bu binanın, yəni dəyirmanın içərisində dəyişiklik apararaq, onu 1910-cu ilin fevralında qazamat kimi hökümətə icarəyə verir, bununla da şəhər əhlini Narginə gedib-gəlmək əziyyətindən xilas edir.
Bakı şəhər təsərrüfatının inkişafında Tağıyevin xidmətləri xüsusilə böyükdür. Bakının həyatında elə bir hadisə yoxdur ki, Tağıyevin adı ilə bağlı olmasın. Kür suyunun Bakıya daşınması, şəhərdə atlı nəqliyyat vasitəsinin (konka) yaranması, ilk teatr binasının tikilməsi, qız məktəbinin yaranması və sairə Tağıyevin pulu və ya yaxından köməyi ilə edilmişdir. Camaatın xeyrinə olan tədbirlərdən Tağıyev yaxasını heç zaman kənara çəkməmişdi. Şəhərin və camaatın ehtiyacını təmin etmək məqsədilə o bəzən rəsmi hökümət orqanlarının və dumanın qərarını gözləmədən şəxsən özü işə girişirdi. Belə tədbirlərdən biri şəhərin su ilə təchiz edilməsi məsələsi idi. Əhalinin bu böyük ehtiyacına Şəhər Bələdiyyə idarəsinin etinasız yanaşdığını gördükdə yaxından işə girişir. Öyrənir ki, Rusiyada su kəməri çəkilişi uzrə D. İ. Şipov adlı bir mütəxəssis yaşayır. Tağıyev teleqram vuraraq onu Bakıya dəvət edir. 1904-cü il 24 fevralda D. İ. Şipov və Londondan bu məsələ ilə əlaqədar dəvət edilmiş mühəndis Lindleylə birlikdə Bakı-Şollar su kəmərinin çəkilişi barədə danışıqlar başlayır və Tağıyev şəxsən bu danışıq. larda yaxından iştirak edir. Bakı-Şollar su kəmərinin çəkilişi məlum olduğu kimi ingilis- amerikan firmasına tapşırılmışdı.
Hələ 1901-ci ildə Lindley Şah dağının ətəyində güclü su mənbəyi tapmış və oradan su çəkilməsi proyektinin təsdiq olunmaq üçün dumaya təqdim etmişdi. Lakin duma qlasnılarının əksəriyyəti Şah dağının ətəyindəki mənbədə  kifayət qədər su olmasına şübhələnərək, layihəni rədd etmişdilər. Amma Hacının təkidi və köməyi ilə 1904-cü ildə ingilis-amerikan firması kəmərin çəkilişinə başlayır. Bakı- Şollar su kəməri 1916-cı ildə işə düşür.
Hacı Zeynalabdin Tağıyev  bütün  Rusiyada  birinci  növbədə  öz  mesenatlığı və maarifpərvərliyi ilə tanınmışdır. Onun maarifpərvər xidmətləri əsasən XX əsrin əvvəllərindən başlayır. Bu da təsadüfi deyildi. 1905-ci  il inqilabından sonra hökümətin Oktyabr bəyannaməsi  ölkədə  mədəni-maarif  işlərinin  canlanmasına səbəb oldu. Ölkənin hər yerində xeyriyyə məqsədi ilə bir sıra cəmiyyətlər yarandı, qəzet və jurnallar çap edilməyə başladı. Bu cəmiyyətlərin yaradılması, qəzet və jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlıdır. Bu işdə Tağıyev bir növ təşkilatçı rolunu oynayırdı.  Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılmışdı. İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış «Müsəlman xeyriyyə cəmiyyəti» idi. Bundan başqa «Nəşr və maarif», «Nicat» cəmiyyətlərinin yaranmasında da Hacının yaxından köməyi olmuşdur.
Tağıyev xalqın məişətdə və mədəniyyətdə geri qalmasının əsas səbəbini savadsızlıq və elmsizlikdə görürdü. Bir kapitalist kimi hələ öz fəaliyyətinin başlanğıcında yetim uşaqları oxutdurub, ərsəyə gətirmək üçün 38.848 manat pul xərcləmişdi. Yoxsul uşaqların savadlanmasına orta hesabla ildə 3.000 manat sərf edirdi. Yetim və yoxsul uşaqlara kömək məqsədilə 4 məktəbə hami-müdir olub.
Həmin məktəblərə ildə iki min vəsait ayırırdı. 1894-cü ildə Mərdəkan və ətraf kəndlərin uşaqları üçün kənd təsərrüfat meylli məktəb tikdirərək, onun inşasına 31.440 manat vəsait qoymuşdu. Bundan başqa ildə həmin məktəbin 5 min manatlıq məsarifini də ödəyirdi.
1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qız məktəbi tikdirir. Bu bütün Zaqafqaziyada yeganə qız məktəbi idi. Burada qızlardan 20 nəfəri Hacının hesabına pulsuz təhsil alırdı. Lakin ərizə verənlər çox olduğu üçün Tağıyev əlavə olaraq, 3 nəfər qızı da binanın zirzəmilərindən gələn gəliri hesabına məktəbə qəbul etdirir.
Qız məktəbi hazır olandan sonra mövhumatçı Bakı varlıları öz qızlarını məktəbə göndərməkdən imtina etdilər. Guya qızın təhsil alması İslamiyyətdə günah hesab olunur. Fanatizm nümayəndələri ilə üz-üzə gələn Tağıyev Nəcəf müctəidlərinə məktub göndərərək, qızların məktəbdə təhsil almalarına İslamın icazə verib-vermədiyini öyrənmək istəyir. Nəcəf müctəidlərindən müsbət cavab gələndən sonra fanatiklər öz qızlarını məktəbə buraxırlar.
Bir müddət sonra Tağıyev yazırdı: “İyirmi il bundan əqdəm gecə və gündüz qapı-qapı gəzib, bu zəlalətdə qalan müsəlmanlardan xahiş edirdim ki, onlar mənim pulumla evladlarını oxutsunlar. Amma əfsus ki, heç biri razı olmurdu. Mən də güc və üzə vurmaqla bir neçə həmşəhərlimi məktəbə gətirib, oxumağa vadar elədim. İndiki halda isə evimdə rahatlıq ilə çörək yeməyə macal verilmədiyinə, hər yerdən, hər şəhərdən və hər kənddən hər gün neçə müsəlman uşağı gəlib, göz yaşı ilə elm arzu eləməyinə artıq dərəcədə xoşlanıram”.
Bakıdan başqa nəinki Azərbaycanın qəza və kəndlərində — Şamaxı, Naxçıvan, Şəki, Quba, Salyanda, habelə Rusiyanın şəhərlərində də, məsələn, Həştərxan, Tiflis, Vladiqafqaz, Dərbənd və Peterburqda da Hacı bir çox mədəniyyət ocaqları tikdirmişdir. Təkcə 1896-cı ildə Peterburqda  «Müsəlman xeyriyyə» cəmiyyəti binasının tikilişi üçün on bir min manat pul göndərmişdi.
Ölkədə orta texniki ziyalıların yetişməsi məsələsinə isə Tağıyev xüsusi bir qayğı ilə yanaşırdı. Bakıda ilk texniki məktəbin əsası onun tərəfindən qoyulmuş və onun sonrakı inkişafı, yəni onun orta məktəbə çevrilməsi üçün də Tağıyev öz köməyini yenə əsirgəməmişdi.
Tağıyev başa düşürdu ki, texniki biliklər rəvac tapmadan ölkədə texniki tərəqqini təmin etmək mümkün deyil. Bu məqsədlə ali təhsilli texniki kadrlar hazırlamaqdan ötrü Hacı öz vəsaiti hesabına azərbaycanlı cavanları Rusiyanın və xarici ölkələrin ayrı-ayrı şəhərlərində ali texniki və humanitar biliklər almağa göndərirdi. Bu gənclər sırasında N.Nərimanov, M.Əzizbəyov, Mehmandarov, F.Rüstəmbəyov və başqaları da vardı.
Azərbaycanda mətbuatın yayılması və tərəqqi etməsini də Tağıyevin adı ilə bağlasaq səhv etmərik. O, XX əsrin əvvəllərində «Kaspi» qəzetini mətbəəsi ilə birlikdə alaraq qəzeti öz hesabına çap etdirməyə başlayır. Habelə onun vəsaitilə 1905-ci il iyunun 7-dən Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayevin redaktorluğu altında «Həyat» qəzeti, 1906-cı il noyabrın 1-dən Əlibəy Hüseynzadənin redaktorluğu ilə «Füyuzat» jurnalı çap edilirdi. Bunlarla yanaşı olaraq, o Azərbaycan yazıçılarından Seyid Əzim Şirvani, Nəriman Nərimanov, S. M. Qənizadə və onlarla başqalarının kitablarını çap etdirmişdi.
Tağıyev dini fanatizmin düşməni olmuşdur. Fırıldaqçı din xadimləri ilə qətiyyən əlaqə saxlamazdı. Bununla belə böyük din xadimlərinin,  üləmaların, açıqgöz ruhanilərin hörmətini həmişə saxlardı. Dövrünün qabaqcıl maarifpərvər ruhaniləri olan Mir Məmməd Kərim Mircəfərzadə, Mirzə Axund Əbu Turab, Axund  Molla  Ruhulla  ilə  həmişə  məsləhətləşərdi. Hacının  pulu  ilə  Quranın azərbaycancaya tərcüməsində bu üç nəfərin böyük xidməti olub. Tərcüməçi rəsmən Axund Mirməmməd Kərim olsa da, Axund Əbu Turab və Axund Ruhulla öz məsləhətləri ilə ona yaxından kömək etmişdilər. Bu üç nəfər ruhani dövrünün ən hörmətli üləmalarından idilər. Hətta Tağıyev ölərkən vəsiyyət etmişdi ki, onu Axund Əbu Turabın ayağı altında basdırsınlar: “Çünki onun ayağının bildiyini mənim başım da bilmir” demişdi. Elə də dəfn olundu. Mərdəkanda Pirhəsən deyilən yerdə Bakı milyonçusu Muxtarovun tikdirdiyi əzəmətli günbəz altında dəfn olunmuş Axund Əbu Turabın ayağı altında basdırıldı.
Köhnə bakılılardan çoxu musiqili komediya teatrının binasını indiyədək Tağıyev teatrı adlandırırlar. Bu sözlərdə böyük həqiqət vardır. Teatrın binası 1883- cü ildə doğrudan da Tağıyev tərəfindən qoyulmuşdur. Mədəni xalqlarda teatr sənətinin böyük idrakı və tərbiyəvi əhəmiyyətini dərk edən Tağıyev xalqının mənafeyinə olaraq, belə bir addım atmışdı. Bu binada əvvəllər Rusiyanın hər tərəfindən gəlmiş aktyor dəstələri çıxış edirdilər. Yerli aktyor dəstələri yaradıldıqdan sonra Hacı binanı onlara teatr tamaşaları göstərmək üçün bəzi hallarda pulsuz da verirdi. 1900-cü ildə baş vermiş yanğından sonra bina təmir edilərək, daha da gözəlləşmişdi.
Teatr binası xalqımıza böyük bir hədiyyə idi. 1918-ci ildə teatrın binasında ikinci dəfə yanğın baş verir. Yalnız Sovet hakimiyyəti yaradıldıqdan sonra 1922-ci ildə təmir edilərək, işə başlamış və ona Dadaş Bünyadzadənin adı verilmişdi. Bu illərdə Mərdəkandakı bağında yaşayan Tağıyev də teatrın yeni açılışına dəvət olunur. Hacı özü bu barədə belə yazırdı: «Bünyadzadə yoldaş adına müsəlman teatrının açılışı münasibətilə xalqın mədəniyyəti yolunda görülən bu işdə mənim bir pioner kimi xidmətlərimi qiymətləndirən hökümətimizin bu qoca yaşımda mənə iltifatından mütəəssirəm».
Hacı Zeynalabdin iki dəfə evlənmişdir. Birinci arvadı öz əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan onun iki oğlu, bir qızı olmuşdu. Oğlanları: İsmayıl, Sadıq və qızı Xanım. İkinci arvadı məşhur general-leytenant Balakişi Ərəblinskinin qızı Sona xanım idi. Ərəblinski əslən Zaqatalanın Tala kəndindəndir. Ərəblər məhəlləsindən. 50 illik hərbi xidməti müddətində rus ordusunun bütün yürüş və vuruşmalarında iştirak etmişdi. General-mayor İsmayıl bəy Qutqaşınlı və general- mayor Cəfərqulu ağa Bakıxanovla yaxın dost və döyüş yoldaşı olmuşdu. 1898-ci ildə istefaya çıxaraq, Dərbəndə gəlmiş və imperator tərəfindən ona bağışlanmış torpaqda ömrünün axırınadək yaşamışdır. Dərbənd yaxınlığındakı kənd və stansiya indiyədək onun adı ilə adlandırılır.
Sona xanımdan Tağıyevin üç qızı və iki oğlu olmuşdur. Qızları: Leyla (sonralar Şəmsi Əsədullayevin oğluna ərə getmişdi), Sara və Sürəyya. Oğlanları Məhəmməd və İlyas. Məhəmməd «Dikaya diviziya»nın zabiti olarkən özünü öldürmüş, İlyas isə xəstəliyə tutularaq ölmüşdür. Qızı Sara isə bu yaxınlarda vəfat etmişdir.
Ərəblinskinin iki qızından böyüyü Hacının oğlu Sadığın arvadı idi. Hacı oğlugildə olarkən, kiçik bacı Sonanı görüb, bəyənmiş və onunla evlənmişdi.
Tağıyev Sovet hökümətinin ona ömrünün axırınadək təhkim etdiyi Mərdəkandakı bağında 1924-cü il sentyabrın 1-də, axşam səkkizin yarısında, 86 yaşında vəfat etmiş və sentyabrın 4-də dəfn edilmişdir.

BAKI VƏ BAKILILAR
Qılman İlkin

Əlaqədar məqalələr
Book Cafe

ABB iqlim dəyişikliyinin təsirləri ilə bağlı hesabat yaydı

ABB iqlim dəyişikliyinin təsirləri ilə bağlı hesabat yaydı ABB ölkəmizin ev sahibliyi…
►►►
Book Cafe

Azercell-in “Kitab Klubu” mütaliə həvəskarlarını bir araya gətirdi

Azercell-in “Kitab Klubu” mütaliə həvəskarlarını bir araya gətirdi Azercell “Kitab…
►►►
Book Cafe

Firudin Tağıyev: “Dayanıqlı kənd təsərrüfatı sisteminin qurulmasına nail olacağıq”

Firudin Tağıyev: “Dayanıqlı kənd təsərrüfatı sisteminin qurulmasına nail…
►►►