Ölkəmizdə 1 milyon 700 mindən çox qadın sahibkara çevrilə bilər
- İnformasiya texnologiyaları və menecment üzrə sahibkarlığa maraq göstərən qadınların sayı getdikcə artır.
- Qadınlara dövlət dəstəyindən yararlanmaq üçün təlimlər keçirilməlidir.
- Xarici ölkələrin təcrübəsindən faydalanmaq zəruridir.
“Statistik araşdırmalarımıza görə, əhalisinin yarıdan çoxu qadın olan Azərbaycanda 1 milyon 700 mindən çox qadın sahibkara çevrilə bilər”. Bunu Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva deyib.
Son 13 ildə qadın sahibkarların sayının artdığını söyləyən S.Babayeva hazırda Azərbaycanda 200 mindən artıq qadın sahibkarın fəaliyyət göstərdiyini, lakin bu rəqəmin çox kiçik olduğunu açıqlayıb: “Azərbaycanda qadın sahibkarlığında artan meyillər müşahidə edilir. Bu gün qadınların hər bir sahədə özlərini sınamasına imkan var. Lakin ölkəmizdə qadınlar sahibkarlıqla məşğul olmaq üçün uzun zaman tibb sahəsini seçirdilər. Buna görə də tibbi sahədə, eləcə də turizm sektorunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadın sahibkarlarımızın sayı daha çoxdur. Amma informasiya texnologiyaları, menecmentin inkişafı sahələri üzrə də sahibkarlığa maraq göstərən qadınların sayı getdikcə artır. Məncə, bu, yetərli deyil, qadınlar hər bir sahədə fəaliyyət göstərməlidirlər. Bu gün biz bir çox yeni sahələrdə qadınların işə başlamasının işartılarını görürük. Bu meyilləri inkişaf etdirməyə, eləcə də sənaye sektoruna olan meyillərin artmasına öz töhfəmizi verəcəyik”.
Artıq bölgələrdə qadınların sahibkarlığa çox böyük marağının müşahidə edildiyini deyən S.Babayeva bildirib ki, ölkədə qadın sahibkarlığının genişləndirilməsi üçün tələb olunan əsas yollardan biri qadınlarımızı bir çətir altında birləşdirmək, daha sonra isə qadın sahibkarların rolunu gücləndirməkdir. Bu baxımdan rayonlarda kooperativlərin yaradılması qadın sahibkarlığının inkişafına çox böyük dəstək olardı. Bu sahədə xarici ölkələrin təcrübəsindən faydalanmağı zəruri sayan AQSİA sədri qeyd edilən istiqamət üzrə Avropa və Asiya ölkələri ilə əməkdaşlığın genişləndirildiyini söyləyib.
S.Babayeva hesab edir ki, qadınlara dövlət dəstəyindən yararlanmaq üçün təlimlər, xüsusən də menecmentlə bağlı institusional təlimlər keçirilməlidir: “Əslində, qadınlarımız cəsarətlidirlər, onlar doğru istiqamət götürdükdə bizneslərini çox gözəl inkişaf etdirirlər. Lakin biz görürük ki, layihələr çərçivəsində açılan VÖEN-lər daha tez bağlanır. Bu onu göstərir ki, qadınlarımızın fəaliyyət strategiyası yoxdur. Bunun da təməlində bilgisizlik dayanır. Qadınlar riyazi məntiqi, iqtisadi qanunvericiliyi çox gözəl bilməli, VÖEN-in açılması və sair kimi məsələlərdə kiməsə ümid etməməlidirlər. Artıq sahibkarlıqla məşğul olmaq istəyən qadınlar idarəçilik bacarıqlarını artırmaq üçün çalışırlar”.
İlhamə İsabalayeva
mənbə: vergiler.az