BAKI MİLYONÇULARI
19-cu əsrdə Bakı şəhəri öz milyonçularının sayı etibarilə Rusiyanın şəhərləri içərisində görkəmli yerlərdən birini tuturdu. Neft bu şəhəri iri sərmayədarlar yurduna çevirmişdi. Lakin Bakı milyonçuları başqa şəhərlərin milyonçularından onunla fərqlənirdilər ki, onlar bu sərmayə və sərvəti irsi olaraq, öz ata və babalarından almamışdılar. Bir qayda olaraq, əksəriyyəti fəhləlikdən, yoxsulluqdan öz zəhmətləri ilə milyonçu dərəcəsinə yüksəlmişdilər. Əvvəllər öz zəhmətləri, kamal və səyləri onları irəli aparmış, sonralar isə güclü neft fantanları onları sərvətin yüksək dərəcəsinə qaldırmışdı. Biz Bakının bu milyonçularından bir neçə nəfəri haqqında danışacağıq.
HACI HACIAĞA VƏ HACI ŞIXƏLİ DADAŞOVLAR SÜLALƏSİ

Hacı Hacıağa və Şıxəli Dadaşovlar qardaş olublar. Hər ikisi Bakıda birinci dərəcəli tacir kimi tanınırdı. 1876-cı ildə Azərbaycan tacirləri üçün birinci və ikinci dərəcəli tacirlik dərəcəsi təyin edildikdə bu rütbəni Bakıda ilk dəfə Hacı Hacıağa almışdı. Hacı Hacıağa ancaq öz fərasəti, işgüzarlığı, tədbirliliyi nəticəsində qısa müddətdə milyonçu səviyyəsinə yüksəlmişdi. Onun neft mədənləri demək olar ki, olmayıb. Bütün meylini ancaq mülk tikdirməyə və dəniz ticarəti ilə məşğul olmaq üçün gəmilər inşa etdirməyə salıb. Bakı şəhərində 40-dək mülkü və Xəzər dənizində çoxlu gəmiləri olmuşdur. Gəmiçiliklə ticarətindən çoxlu gəlirlər əldə etmişdi. Bütün Yaxın və Uzaq şərq ölkələri ilə ticarət əlaqəsi vardı. Təbiətcə xəsis olsa da xeyriyyə işlərinə yaxından köməyi olub. Şəhərə su kəmərinin çəkilişində onun da payı vardı. Qatı dindardı. Rus imperatoru III Aleksandrın tac qoyma mərasimində iştirak edib. Çar tərəfindən mülki müşavir (statski sovetnik) rütbəsinə layıq görülmüşdür. Uzun müddət Bakı Dumasının qlasnısı (nümayəndəsi) olub. iki oğlu vardı: Yusif ağa və Əliabbas hələ sağlığında Yusif Ağanı özünə varis təyin etmişdi. Uca boylu, xarici görkəmcə çox gözəl olan Yusif Ağa bədxərc bir adammış. Qumara çox meyilli olub. Bu işdə ona öz cangüdənləri Dağlı Abbas və Malbaş Yusifin böyük təsiri olub. Yusif Ağa Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar çarı təbrik etmək üçün Azərbaycandan Peterburqa getmiş yeganə milyonçu idi. O çar tərəfindən Mülki müşavir titulu və gözəl kişi kimi xüsusi ordenlə təltif olunmuşdur. Peterburqda olarkən Buxara əmiri ilə görüşür və ona bildirir ki, Peterburqda tikdirdiyi məscidin nəfinə 20 min manat ianə edir. Bu pulun 10 mininə qırx çıraqlı çilçıraq, 10 mininə isə məscid üçün xalça alacaqdır. Buxara əmiri bunun əvəzində Yusif ağanı Birinci dərəcəli «Ulduz» nişanı ilə təltif edir.
Hacı Hacıağanın ikinci oğlu Əliabbas 1898-ci ildə Bayılda əmisi Hacı Şıxəli ilə şərikli gəmi təmiri tərsanəsi tikdirir. Bundan başqa Hacı Şıxəlinin özünün də gəmi təmiri emalatxanası vardı. Xəzər dənizində onun da gəmiləri üzüb. Qədim Cümə məscidinin yerində yenisini tikdirib. Öləndə həmin məscidin qapısı yanında dəfn olunub. Bu məscid indi Xalça muzeyidir. Həmin illərdə Yusif Ağa da Bibi- Heybət məscidini təmir etdirmişdir. Hacı Şıxəlinin də iki oğlu olub. Ələkbər və Ələskər. Ələkbərin oğlu podpolkovnik Şıxəli sağdır, hazırda Moskvada yaşayır. Yusif Ağanın da nəslindən bir neçə nəfər sağdır. Onlardan biri Yusif ağanın nəvəsi, Ağadadaş qızı Ofelya xanımdır.
Yusif Ağanın ölümü çox müəmmalı olub. Deyilənə görə guya 1918-ci ildə Zirə kəndində düşmənləri tərəfindən öldürülüb. Qəbri yoxdur. Başqa ehtimala görə o 1920-ci ildə ölmüşdür.
Dadaşovlar nəslindən çoxlu alim və mütəxəssis yetişmiş və ölkənin xalq təsərrüfatında və mədəniyyəti tarixində böyük xidmətləri olmuşdur. Hacı Ələkbər Dadaşovun oğlu Sadıx Dadaşov tanınmış memar idi. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü idi.
Hacı Ələbkər Dadaşovun oğlu Şıxəli Dadaşov isə tanınmış neftçi, SSRİ Dövlət mükafatı laureatı və Sosialist Əməyi qəhrəmanı idi.
BAKI VƏ BAKILILAR
Qılman İlkin