Azərbaycan tranzit ölkə kimi mövqeyini yaxșılașdırır
Ekspert rəyi
Avrasiya nəqliyyat marşrutlarının əksəriyyəti ilə birləşən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi iştirakçı ölkələrin xarici ticarətinin yenidən istiqamətləndirilməsində, eləcə də yeni logistikanın formalaşmasında mühüm rol oynayır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2022-ci ilin əvvəlindən Rusiya mallarının Azərbaycandan keçən nəqliyyat dəhlizləri ilə tranzit daşınması 98 faiz artıb.
Statistik mənbələrə əsasən, Rusiya Federasiyası ilə Hindistan, İran və Azərbaycan Respublikası üzrə 2023-cü ilin yanvar–fevral aylarında idxal və ixrac əməliyyatlarının həcmi əvvəlki ilin müvafiq dövrünün səviyyəsini 1,6 dəfə üstələyib. Hesabat dövründə Azərbaycan Respublikasının Rusiya ilə ticarət dövriyyəsi isə 2022-ci ilin ilk iki ayı müqayisədə 30, faiz artaraq 800 milyon 11 min ABŞ dolları təşkil edib ki, bunun da 535 milyon 588 min 980 dollarını idxal əməliyyatları təşkil edib. Cari ilin yanvar-fevral aylarında İranla Azərbaycan arasındakı ticarət dövriyyəsi isə 129 milyon 230 min 250 dollar olub ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 11,7 faiz artım deməkdir. Bu ilin ilk iki ayında Azərbaycanla Hindistan arasındakı ticarət dövriyyəsi 348 milyon 835 min 130 dollar təşkil edib. Bunun da 289 milyon 17 min dolları ixracın payına düşür. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi isə 2,5 dəfə artıb. Ticarət əlaqələrinin inkişafı göstərir ki, Azərbaycan və Rusiya Avrasiyanın mərkəzində və Xəzər regionunda əlverişli coğrafi mövqeyindən tam istifadə etməklə nəqliyyat-tranzit potensialını ilbəil artırırlar. Bu da Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində ən müasir avtomobil və dəmir yolları, eləcə də dəniz infrastrukturunun yaradılması ilə bağlıdır.
Məlumat üçün bildirmək istəyirəm ki, Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi Rusiyanın Sankt-Peterburq şəhərini İran və Hindistan limanları ilə birləşdirə bilən 7,2 min kilometrlik multimodal marşrutdur. Süveyş kanalı vasitəsilə Avropanı, Fars körfəzi ölkələrini və Hind okeanını birləşdirən dəniz yoluna alternativ yol olmaqla Şimal–Cənub nəqliyyat dəhlizinin qərb qolu Azərbaycandan, şərq qolu Qazaxıstan və Türkmənistandan keçir. Bundan əlavə, Rusiyadan Xəzər dənizi vasitəsilə İrana birbaşa dəniz daşımaları mümkündür. Bütün bunlar Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin iqtisadi əhəmiyyətini getdikcə artırır.