“Əsas məqsəd ixracı şaxələndirmək və yeni investorlar cəlb etməkdir”
- Hazırda Azərbaycan 107 ölkəyə məhsul ixrac edir;
- İxrac coğrafiyası getdikcə genişlənir;
- İxrac məhsullarının sırasına yeni məhsulların əlavə edilməsi qarşıya vəzifə olaraq qoyulub.
Əcnəbi alıcıların məhsullarımız barədə məlumatlandırılmasında və ölkəyə xarici investisiyaların cəlb edilməsində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun həyata keçirdiyi çoxsaylı tədbirlərin mühüm rolu var. Nəticədə bu gün Azərbaycan məhsulları dünyanın 100-dən çox ölkəsinə ixrac edilir.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev müsahibəsində ixracın şaxələndirilməsi, ölkəyə yeni investisiyaların cəlb edilməsi istiqamətində görülən işlər barədə danışıb.
- Yusif müəllim, bildiyimiz kimi, hazırda Azərbaycan dünyanın 100-dən çox ölkəsinə məhsul ixrac edir. Həmin ölkələrdən 10-na isə daha çox məhsul göndərilir. Azərbaycan bu ölkələrin bazarlarına daha çox hansı məhsulları ilə daxil olur?
Hazırda Azərbaycan 107 ölkəyə məhsul ixrac edir. Rusiya, Türkiyə, İsveçrə, ABŞ, Qazaxıstan, Gürcüstan, Niderland, Rumıniya, Bolqarıstan və İtaliyaya daha çox məhsul ixrac edilir. Həmin ölkələrə ixrac edilən məhsullar “Made in Azerbaijan” brendi altında istehsal edilən “rəf məhsulları” kimi deyil, xammal formasında göndərilir. Bu ixrac daha çox azot gübrələri, polietilen, polipropilen üzrədir. Misal üçün, 2022-ci ildə İsveçrəyə dəyəri 200 milyon ABŞ dollarına yaxın qızıl ixrac edilib. Ümumilikdə uzaq ölkələrə ixracımızda daha çox sənaye məhsulları yer alır. Bunun nəticəsidir ki, bəzi ölkələrdə “Made in Azerbaijan” brendi ilə istehsal edilən məhsulu görmək olmur. Məsələn, Azərbaycan fındığı xammal kimi dünyanın aparıcı qənnadı istehsalçısına tədarük olunur, orada emal edilir və bu xammaldan müxtəlif növ şokoladların, yaxud digər məhsulların istehsalında istifadə olunur. “Made in Azerbaijan” brendi altında ixrac edilən məhsullar daha çox emal olunmuş, eyni zamanda ilkin kənd təsərrüfatı məhsullarıdır.
- “Rəf məhsulu” adlandırdığınız məhsullarımız daha çox hansı ölkələrin bazarlarında özünə yer tuta bilib?
Təbii ki, bu, daha çox bizim ənənəvi bazarımız olan Rusiya Federasiyasıdır. 2022-ci ildə bu ölkəyə dəyəri 1 milyard ABŞ dollarına yaxın məhsul ixrac edilib ki, bu da ümumi ixracın 30 faizini təşkil edir. İxracın qalan hissəsi isə, əsasən, Türkiyə, İsveçrə, ABŞ, Qazaxıstan, Gürcüstan, Niderland, Rumıniya, Bolqarıstan, İtaliya, Özbəkistan, Ukrayna, Belarus, Çin kimi ölkələrin payına düşür.
Rusiyaya ixrac göstəricimiz özlüyündə kifayət qədər böyükdür. Biz Rusiya bazarının perspektivinə inanırıq, digər tərəfdən, nəzərə almaq lazımdır ki, hər hansı istiqamət üzrə ixracı genişləndirmək istəyirsənsə, orada mütləq şəkildə ixracatçı ölkə tanınmalıdır. Bizim ölkəmiz də bir neçə milyon azərbaycanlının yaşadığı Rusiyada daha yaxşı tanındığı üçün şimal qonşumuza hazır məhsul satmaq daha asandır. Bu nöqteyi-nəzərdən Rusiya bazarı Azərbaycan üçün prioritet olaraq qalır.
- Azərbaycan ixrac bazarını hansı istiqamətlər üzrə şaxələndirməyi nəzərdə tutur? Bunun üçün nə kimi mexanizmlərdən istifadə etməyi planlaşdırırsınız?
Statistika da göstərir ki, məhsul ixrac etdiyimiz ölkələrin sayı kifayət qədər çoxdur və bu coğrafiya getdikcə genişlənir. Ancaq böyük həcmli məhsul ixrac etdiyimiz ölkələrin sayı 9-dur. Bu bazarlara qeyri-neft ixracının ümumi dəyəri 2 milyard 400 milyon ABŞ dollarından çoxdur və bu məbləğ ümumi ixrac dəyərinin 79 faizini təşkil edir. Əgər Bolqarıstanı da 10-cu ölkə kimi bu siyahıya əlavə etsək, onda ümumi ixracın 81 faizi həmin ölkələrin payına düşür. Biz mövcud bazarlarımızı inkişaf etdirməklə yanaşı, ixrac istiqamətlərimizi şaxələndirməyi də nəzərdə tutmuşuq. Bu baxımdan, ixrac coğrafiyamızı daha çox böyük potensiala malik Körfəz ölkələri və uzaq Asiya – Çin, Cənubi Koreya, Yaponiya, Vyetnam, İndoneziya, Malayziya üzrə şaxələndirməyi düşünürük. Adları sadalanan ölkələrdə Azərbaycan məhsulları üçün yeni müştərilər tapacağımızı proqnozlaşdırırıq. Bu məqsədlə həmkarlarımızdan ibarət bir neçə işçi qrup 2022-ci ildə Cənubi Koreya və Yaponiyaya səfər edib. Cari ildə bu məqsədlə həmin ölkələrə yenidən səfərlərimiz olacaq. Biz, eyni zamanda, ixrac edəcəyimiz məhsulların çeşidini artırmağı planlaşdırırıq ki, burada da söhbət kənd təsərrüfatı, sənaye məhsullarından gedir.
Qeyd edim ki, bu il yaradılacaq bir neçə elektron platforma vasitəsilə ixracatçılarımıza daha yüksək və keyfiyyətli xidmətlər göstəriləcək. AZPROMO tərəfindən adlarını sadaladığım ölkələr üzrə ixracatçılar üçün bələdçi kitabçalar hazırlanıb. Bu ilin sonuna qədər xarici ölkələrdə müəyyən tarif və qeyri-tarif baryerləri ilə bağlı olan xüsusi bir portal yaradılması nəzərdə tutulur. Bizim ixracatçılarımız həmin portala daxil olmaqla qarşılaşa biləcəkləri problemlər, tariflər haqqında məlumat əldə edə biləcəklər. Yəni praktiki mexanizmlər və ən əsası, logistikaya dəstəklə – logistika subsidiyasının verilməsi mexanizminin tətbiqi yolu ilə ixrac bazarımızı şaxələndirmək nəzərdə tutulur.
Hazırda Naxçıvan Muxtar Respublikasının potensialından istifadə etməklə ixracatımızı məhz o istiqamətdən artırmağı planlaşdırırıq. Bildiyiniz kimi, bu ilin fevral ayında iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə İqtisadiyyat Nazirliyinin və onun tabeliyində olan qurumların nümayəndələrinin Naxçıvana səfəri olub. Həmin səfərdən sonra Naxçıvanda fəaliyyət göstərən ixracatçılarla görüşlər keçirilib və belə tədbirlərin davamlı olacağı bildirilib. AZPROMO olaraq, muxtar respublikanın potensialından istifadə edə bilmək üçün ixracatçılarla daimi təmasdayıq. Türkiyəyə çıxış üçün yeganə quru sərhədimiz olan Naxçıvan Muxtar Respublikasında təqdim edilən preferensial ticarətin yenidən bərpa olunması və ixrac məhsullarının sırasına yeni məhsulların əlavə edilməsi qarşımıza vəzifə olaraq qoyulub. Düşünürəm ki, bu, təkcə Türkiyə deyil, digər ölkələrə də, yəni həm qonşu, həm də uzaq xarici dövlətlərə ixracatımızın artırılmasına imkan verəcək.
- Dəstək tədbirlərindən istifadə üçün ixracatçılardan AZRPOMO-ya nə qədər müraciət daxil olub? Ümumiyyətlə, ixracatçılarla əməkdaşlıq səviyyəsi nə yerdədir?
AZRPOMO indiyədək cəmi 100-ə yaxın ixracatçıya bazar araşdırmasında, ixrac sənədlərinin alınmasında texniki dəstək göstərsə də, ümumi müraciətlərin sayı durmadan artır. Demək olar, hər gün həm ixrac, həm də sərgilərdə iştirakla bağlı çoxlu sayda müraciətlər daxil olur. Bu da onu deməyə əsas verir ki, sahibkarlar bizimlə əməkdaşlıq etməkdən məmnundurlar və bu məsələdə kifayət qədər fəaldırlar. Artıq postpandemiya dövründə biz sahibkarlar üçün müxtəlif məzmunlu görüşlərin, kütləvi tədbirlərin keçirilməsini təmin edə bilirik. Bütün bunlar sahibkarlar arasında çox maraqla qarşılanır, səmərəli müzakirələr nəticəsində bir sıra məsələlər öz həllini tapır.
- Son dövrlərdə hansı ölkələrlə investisiya layihələrinin inkişaf etdirilməsi ilə bağlı işlər görülüb?
Bu sahə üzrə Özbəkistanla əlaqələrimiz daha da intensivləşir. Bildiyiniz kimi, ilk dəfə olaraq, Özbəkistanın Ticarət və Sənaye Palatası və AZPROMO-nun birgə təşkilatçılığı ilə Daşkənd şəhərində 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu keçirildi. Hər iki ölkədən 100-dən çox sahibkarın iştirak etdiyi bu mötəbər tədbir çərçivəsində bir sıra görüşlərimiz də oldu. Biz orada investorlar üçün Özbəkistan bazarına uyğun ola biləcək 10 potensial layihəmizi təqdim etdik. Eyni zamanda, səfər çərçivəsində Azərbaycan-Özbəkistan İşgüzar Şurasının üçüncü iclası keçirildi. “Investment Roadshow” formatında tədbirlərin keçirilməsinə də Özbəkistandan başlanıldı.
Bizim üçün maraqlı ölkələrdən olan Çin investorları da Azərbaycanın sənaye sahəsində istehsalın qurulması üçün müəyyən investisiya yatırıblar. Bu vəsaitlər hesabına Sumqayıt Kimya Sənaye Parkında “Azərbaycan Vanhong Ceramics Co” MMC-nin keramik plitələr istehsalı müəssisəsinin inşası artıq tamamlanmaq üzrədir və cari ilin ikinci rübündə tam olaraq istifadəyə verilməsi nəzərdə tutulur. Bundan başqa, 2023-cü ildə “Investment Roadshow”ları bir sıra ölkələrdə, o cümlədən Avropada təşkil etməyi planlaşdırırıq. Bir məsələni də diqqətinizə çatdırım ki, bu yaxınlarda həmkarlarımızın ABŞ-a səfəri planlaşdırılır. Dünyanın ən böyük bazarlarından olan bu ölkəyə səfər çərçivəsində əməkdaşlarımız ixracatçılar üçün yerli potensialı araşdıracaqlar. Əsas məqsəd, təbii ki, ixracı şaxələndirmək, ölkəmizə yeni investorlar cəlb etmək, müxtəlif sahələr üzrə əməkdaşlığı genişləndirməkdir.
İlhamə İsabalayeva
mənbə: vergiler.az