Azərbaycanda  Özbəkistan mədəniyyəti günləri keçirilir

Avqustun 1-də Heydər Əliyev Sarayında Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasiminə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib.

Mədəniyyət naziri Adil Kərimli Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin keçirilməsindən məmnunluğunu bildirərək, bunun iki qardaş ölkə arasında olan dostluq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb.

Nazir çıxışında qeyd edib ki, Özbəkistan Mədəniyyəti Günlərinin xüsusi özəlliyi var. Özbəkistan musiqiçiləri, sənətçiləri ölkəmizə 200 nəfərdən çox yaradıcı kollektivlə təşrif buyurublar və zəngin özbək mədəniyyətinin incilərini dörd gün ərzində təqdim edəcəklər.

Azərbaycanla Özbəkistanı birləşdirən qədim tarixi bağlardan, zəngin ortaq mədəniyyət və adət-ənənələrdən söhbət açan nazir deyib: “Xalqlarımız arasında mövcud olan möhkəm və sarsılmaz dostluq münasibətləri tarixi qardaşlığımızın rəmzidir. Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin müstəsna səyləri nəticəsində bu gün iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri genişlənir və bütün sahələr üzrə əməkdaşlıq inkişaf etdirilir. Ölkəmizin rəhbərləri arasındakı yüksək dostluq münasibətləri, qarşılıqlı görüşlər və səfərlər, səmərəli dialoq, həmçinin əməkdaşlığa mühüm töhfələr verərək əlaqələrimizi yeni müstəviyə qaldırır. Dövlətlərimiz arasında həyata keçirilən tərəfdaşlıq, sadəcə, ikitərəfli münasibətlərin inkişafı ilə məhdudlaşmır. Bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində də uğurla davam edir. Biz xalqlarımızın mədəni irsi və dəyərlərinin qorunub saxlanılması, həmçinin qlobal miqyasda təbliği istiqamətində birgə fəaliyyət göstərərək beynəlxalq müstəvidə vahid mövqedən çıxış edirik. Azərbaycan və Özbəkistan xalqı daim bəşər və türk mədəniyyətinə misilsiz töhfələr verib və onu zənginləşdirib. Bir çox sahələrdə olduğu kimi ölkələrimiz arasında mədəniyyət sahəsində də çoxşaxəli əlaqələr inkişaf etməkdədir. Mədəni sahədə əlaqələrin inkişafında Daşkənd şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin rolunu da xüsusi qeyd etmək lazımdır. Mərkəz xalqlarımızın bir-birinə yaxınlaşması istiqamətində mühüm layihələr həyata keçirir”.

Sonra Özbəkistanın mədəniyyət naziri, bu ölkənin Xalq artisti Ozodbek Nazarbekov səmimi qəbula və Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin keçirilməsində dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. Xalqlarımızı çoxəsrlik dostluq əlaqələri və ortaq tarixi inkişaf yolunun birləşdirdiyini vurğulayan nazir qeyd edib ki, ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində hər iki ölkə başçısının səmimi dostluq münasibətlərinin mühüm rolu vardır.

Daha sonra Özbəkistan Dövlət Simfonik Orkestrinin müşayiətində Azərbaycan və Özbəkistan incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təqdim olunub. Proqramda milli, həmçinin klassik əsərlərdən nümunələr səsləndirilib.Gecədə Özbəkistanın Xalq artistləri Fərrux Zakirov, Nəsibə Abdullayeva, Haşimjon İsmaylov, Zulayxo Boyxanova, Gulsanam Mamazoitova, Jenisbek Piyazov, Samandar Alimov, tanınmış azərbaycan tar ustası Sahib Paşazadə, Azərbaycan və Özbəkistanın Əməkdar artisti Gülyanaq Məmmədova və başqaları çıxış edib.
Konsert böyük anşlaqla keçib və hamının zövgünə oxşayıb.

Qeyd edək ki, konsertdən əvvəl nazir Ozodbek Nazarbekovun rəhbərliyi ilə nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını da ziyarət ediblər.

Avqustun 1-dən 4-dək Bakıda Azərbaycan və Özbəkistan Mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə mədəniyyət günləri çərçivəsində həyata keçirilən böyük konsert proqramı ilə yanaşı, növbəti günlərdə teatr tamaşalarının nümayişi, kitab sərgisinin açılışı və digər maraqlı tədbirlər nəzərdə tutulub.

Günel Həsənova

Əlaqədar məqalələr
İncəsənət / Dəb

"King's Style"- kralların seçimi

“King’s Style”- kralların seçimi Kişi geyimlərinin ən əsas…
►►►
İncəsənət / Dəb

Avstriyanın tanınmış leybl Azərbaycan cazının ustası Rain Sultanovun yeni vinil rekordunu təqdim edib

Avstriyanın məşhur “Second Records” leybl Azərbaycan cazının ustası Rain…
►►►
İncəsənət / Dəb

Azerbaijan Fashion Week 17-ci mövsüm: ənənələr, innovasiyalar və qlobal trendlər

Azerbaijan Fashion Week 17-ci mövsüm: ənənələr, innovasiyalar və qlobal trendlər 8-9…
►►►