Şamaxıda İkinci Üzüm və Şərab Festivalı keçirilir

Noyabrın 25-də Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində İkinci Üzüm və Şərab Festivalının açılışı baş tutub. Festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırmaqdır.

Festivalda ölkəmizin müxtəlif bölgələrindən olan üzüm emalı və şərab istehsalı zavodları tərəfindən müxtəlif çeşidli şərablar nümayiş etdirilib, şərabçılıqla bağlı müxtəlif tədbirlər – şərab dequstasiyaları, yarmarkalar, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə somelye kursları təşkil olunub, qonaqlara “Azərbaycanda şərabçılıq və şərab istehsalı tarixi” haqqında məlumat xarakterli təqdimatlar nümayiş etdirilib.

Festival çərçivəsində yerli şərab istehsalı müəssisələrinin, Üzümçülük İnstitutu, Üzümçülük və Şərabçılıq Assosiasiyası, eləcə də turizm sənayesi nümayəndələrinin iştirakı ilə “Azərbaycanda şərab turizminin perspektivləri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada “Ölkə imicinin formalaşması mexanizmində etnoturizm” və “Şərabçılığın bir turizm məhsulu kimi inkişafı texnikası” mövzularında müzakirələr aparılıb.
Həmçinin festival çərçivəsində musiqili proqram və müxtəlif əyləncələr təşkil olunub. Festivalda uzun illərdən sonra ilk dəfə olaraq Qarabağda-Tuğda yetişdirilən Azərbaycanın ən qədim yerli texniki üzüm sortu hesab olunan “Xındoqnı” üzüm sortundan alınan yüksəkkeyfiyyətli qırmızı süfrə şərablarının təqdimatı da baş tutub.
Sərgi, əyləncə, piknik, suvenir, kulinariya kimi zonaları olan festival ərazisində ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını dequstasiya edə, həmçinin bəyəndikləri məhsulları ala bilirlər.

Şərab istehsalçıları, şərabçılıq turizmi ilə əlaqəli sənaye nümayəndələri, rəsmi və media nümayəndələri daxil olmaqla festivalda gündəlik olaraq mindən çox insanın iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, iticket.az saytı vasitəsilə qeydiyyatdan keçən şəxslərin festivala 25-26 noyabr tarixlərində saat 11:00-da Heydər Əliyev Mərkəzinin qarşısından Meysəri kəndinə aparılıb-gətirilməsi təşkil olunur. Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan yerli üzüm sortlarının və şərab növlərinin mövcudluğu nəzərə alınaraq şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatı aparılır. Ölkəmizdə qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə, o cümlədən Xocavənd rayonunun Tuğ qəsəbəsində mövcud qədim şərabçılıq ənənələrinin yaşadılması və turizm məqsədli istifadəsi əsas inkişaf istiqamətləri sırasındadır.

Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən şərab irsi və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədini yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun üzvüdür.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Park Cinemada əfsanəvi əfsanəvi "Musafa: Kral Şir" filminin qapalı nümayişi

Park Cinemada əfsanəvi əfsanəvi “Musafa: Kral Şir” filminin qapalı…
►►►
City Life

“Azerconnect Group”un insan kapitalının inkişafı üzrə strategiyası Dünya Bankının hesabatında

“Azerconnect Group”un insan kapitalının inkişafı üzrə strategiyası Dünya Bankının…
►►►
City Life

Yelo Bank beynəlxalq konfransın keçirilməsinə dəstək oldu

Yelo Bank beynəlxalq konfransın keçirilməsinə dəstək oldu Yelo Bank, sosial məsuliyyət…
►►►