AZPROMO WAIPA-nın Mərkəzi Asiya üzrə bölgə direktoru seçilib
AZPROMO Yeni Dehlidə keçirilən WAIPA-nın İdarəetmə Komitəsinin seçkilərində təmsil olunub, Agentlik növbəti dəfə Assosiasiyanın Mərkəzi Asiya üzrə bölgə direktoru seçilib.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun iştirak etdiyi Hindistanın paytaxtı Yeni Dehli şəhərində keçirilən 27-ci Ümumdünya İnvestisiya Konfransı (WIC) çərçivəsində İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) Baş Assambleyasının iclası baş tutub. İclas çərçivəsində 2023-2025-ci illər üzrə WAIPA-nın İdarəetmə Komitəsinin rəhbər vəzifələri, assosiasiyanın gələcək statusu, prioritetləri və fəaliyyəti ilə bağlı səsvermə keçirilib.
Seçkilərdə iştirak edən AZPROMO artıq üçüncü dəfə ardıcıl olaraq WAIPA-nın Mərkəzi Asiyada bölgə direktoru statusu üzrə qalibi olub. Digər nəticələr əsasında “Invest India” WAIPA-nın prezidenti, “Switzerland Global Enterprise” və Küveytin Birbaşa İnvestisiyaların Təşviqi Təşkilatı isə Assosiasiyanın vitse-prezidentləri seçiliblər.
AZPROMO-nun İdarəetmə Komitəsinə yenidən daxil olması Agentliyə WAIPA-nın strateji qərarlarının qəbulunda iştirak etməyə, o cümlədən investisiyaların cəlb edilməsi sahəsində ən qabaqcıl beynəlxalq təcrübələrin əldə edilməsi və mübadiləsi, eləcə də bu istiqamətdə birgə seminarların və təlimlərin keçirilməsi üzrə planları müəyyən etməyə imkan verəcək.
Qeyd edək ki, AZPROMO-nun 2010-cu ildən üzv olduğu WAIPA-nın 100-dən çox ölkədən olan 140-dan çox üzv agentlikləri var. Assosiasiyanın başlıca məqsədləri investisiyaların təşviqi üzrə agentliklər arasında əməkdaşlığın genişləndirilməsi, investisiyaların cəlb edilməsi sahəsində informasiya mübadiləsi və üzv təşkilatlara investisiyalara kömək üzrə strategiyanın formalaşmasında yardımın göstərilməsidir.