Şamaxı Astrofizika Rəsədxanasında Nikolay Kopernikə həsr olunmuş sərgi açılıb
Şamaxı Astrofizika Rəsədxanasında keçirilən “Canlı Kainat – Planetlərdən Qalaktikalara” II Beynəlxalq Konfransı çərçivəsində dünyada daha çox astronom və riyaziyyatçı kimi tanınan polyak polimatı Nikolay Kopernikin (1473-1543) həyat və yaradıcılığına həsr olunmuş sərgi təqdim olunub.Polşa Səfirliyi və Şamaxı Astrofizika Rəsədxanası ilə birgə təşkil olunan sərgi Polşanın ölkəmizdəki diplomatik missiyasının rəhbəri, müvəqqəti işlər vəkili Mixal Qreçilo və rəsədxananın direktoru Namiq Cəlilov tərəfindən açılıb. Sərgilənən əyani vəsaitlər Polşa səfirliyi tərəfindən Şamaxı Astrofizika Rəsədxanasına hədiyyə edilib və burada ziyarətçilərə təqdim oluna bu vasitələr tədris məqsədləri üçün istifadə oluna bilər.



Polşa astronomu Kopernik Yerin kainatın mərkəzində deyil, digər planetlərlə birlikdə Günəş ətrafında fırlandığını irəli sürən ilk avropalı alimdir. Günəş sisteminin heliosentrik nəzəriyyəsinə əlavə olaraq, o dövrdə inqilabi hesab edilən, günəş sistemində məlum olan planetlərin sırasını düzgün təyin edib və onların orbital dövrlərini nisbətən dəqiq qiymətləndirib. Kopernik, Yerin hər gün öz oxu ətrafında döndüyünü və bu yerdəyişmənin də dəyişən fəsillərə səbəb olduğunu bildirirdi.
Şamaxı Astrofizika Rəsədxanasında təqdim olunan sərgi Kopernikin təkcə ən məşhur nailiyyətlərinə – astronomiyaya deyil, həm də onun digər elmi sahələrə verdiyi töhfələrə aiddir. Polşadan kənarda çox az adam başa düşür ki, Kopernik təkcə riyaziyyatçı və astronom deyil, həm də tibb, idarəetmə, hərb və diplomatiya ilə uğurla məşğul olub.
Məsələn, o, nəzəriyyənin erkən iterasiyasını formulə edib – bu, Qreşam qanunu adlanır – “pis” (dəyərsiz) pulun “yaxşı” (dəyərli) pulu dövriyyədən çıxarması ilə bağlı formuldur. Sərgidə həmçinin Kopernikin şəxsi yaşamı, həyat və yaradıcılığının son onilliklərdə, məsələn, abidələrdə və poçt markalarında xatırlanması ilə bağlı maraqlı faktlar təqdim olunur.
Günel Həsənova








