Cəbrayılda 229 hektar torpaq sahəsi bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib
Baş nazir Əli Əsədov Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında qərar imzalayıb.
Qərara əsasən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 229 hektar torpaq sahəsi qoyuluş gücü ilkin mərhələdə 50 MVt olmaqla, ümumilikdə 100 MVt gücündə olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
Qərara uyğun olaraq Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün ərzində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.