Yenilənmiş Listinq Məsləhət Proqramı çərçivəsində Bakı Fond Birjası ilə əməkdaşlıq edən İnvestisiya Şirkətlərinin adları açıqlanıb
Bakı Fond Birjasının üzvü olan investisiya şirkətlərindən Unicapital, PAŞA Kapital, INVEST-AZ, PSG-Kapital, “CFI FİNANCİAL”, Xalq Kapital, Assist Finance, CPM-İnvest və “Capital Partners” Listinq Məsləhət Proqramına imza atıblar.
Bakı Fond Birjasının əsas məqsədi yerli kapital bazarının artımına təkan verməkdir. Bu istiqamətdə potensial emitentlərlə (qiymətli kağızları buraxmaq istəyən şirkət) danışıqlar aparan BFB, ona üzv olan və LMP proqramına qoşulan investisiya şirkətləri ilə əməkdaşlıq edərək potensial emitentləri investisiya şirkətlərinə yönləndirir.
Bakı Fond Birjası (BFB) kapital bazarının inkişafını, habelə onun şəffaflıq və obyektivliyini dəstəkləyən, eyni zamanda həm emitentləri, həm də investisiya şirkətlərini Listinq Məsləhət Proqramında birləşdirir.
Listinq Məsləhət Proqramının əsas məqsədi ölkə iqtisadiyyatının müxtəlif sektorlarında qiymətli kağız buraxmaq istəyən şirkətlərin BFB-nin mövcud bazar seqmentlərinin tələblərinə cavab verəcək səviyyədə hazırlanmasına, maliyyə şəffaflığının təşviqi məqsədi ilə hesabatlılığın təmin edilməsinə, korporativ idarə etmənin təkmilləşdirilməsinə və eləcə də, kapital bazarlarından əlverişli şərtlərlə maliyyə vəsaitlərinin cəlb etməsinə dəstək verməkdir.