Zamiq Hüseynov “İfadə” adlı konsert proqramı ilə çıxış edib
8- 9 fevral tanınmış müğənni Zamiq Hüseynov Heydər Əliyev Sarayında “İfadə” adlı canlı solo konsert proqramı ilə çıxış edib.
Musiqili proqramdan əvvəl ifaçı yerli mediaya müsahibə verib.
![](https://rockvell.com/wp-content/uploads/2025/02/img_0245-1024x683.webp)
![](https://rockvell.com/wp-content/uploads/2025/02/img_0250-1024x683.webp)
![](https://rockvell.com/wp-content/uploads/2025/02/img_0254-1024x683.webp)
Sənətçi əvvəlki konsertlərinin bugünkü ilə fərqliliyindən və konsert proqramından söz açıb:
“Bu konsert digər konsertlərimdən onunla fərqlənir ki, iki gün olacaq. Bugünkü repertuarımda yeni musiqilər, aranjimanlar, səslər var. Konsert səhnəmiz çox gözəldir. Çox maraqlı açılış olacaq! Hamısı ayrı-ayrılıqda maraqlıdır. Texniki avadanlıqlara güvənirəm və demək olar ki, bu gün dəbdə olan texniki vasitələrdən istifadə etmişik. İki ildir ki, konsert etmirdim. Konsertimə 20 gün qalmış bütün biletlər satıldı. Hətta istədik ki, üçüncü gün də konsert edək, amma çatdırmadıq, çünki buna zamanımız olmadı. Bütün bunlar məni xoşbəxt edən məqamlar oldu”.
“Bu konsertimdə mən nə yerdən çıxacağam, nə də ki göydən düşəcəyəm” deyən Zamiq fikirlərini belə davam etdirib:
“Sevdiyim sənətçilərin konsertində musiqi daha çox rol oynayır və daha çox söz deyilir. Mən o təbiətdə insan deyiləm ki, səhnəyə paraşütlə uçum və ya helikopterlə gəlim. Eləsəm, süni alınar. Çünki o adam deyiləm”.
Zamiq bildirib ki, heç bir sənət dostuna dəvətnamə göndərməyib:
“Bu dəfə konsertimə heç bir sənət dostumu dəvət etməmişəm. Amma bundan əvvəlki konsertlərimdə çox həmkarlarım iştirak edirdilər. Bu dəfə onlara əziyyət vermək istəmədim. Özünüz də bilirsiniz ki, sənətçinin bir tədbirə gəlməsi çox vaxt aparır. Ümumiyyətlə, bu dəfə heç kimə dəvətnamə də verilməyib. Hətta yaxın ailə üzvlərim və dostlarım konsertimə özləri bilet alıblar“.
Müğənni özəl gecə üçün xüsusi səhnə kostyumu hazırlatdığını deyib:
“Üzərimdə gördüyünüz kostyumum ayaqqabıma kimi hamısı xüsusi ilə bu gün üçün hazırlanıb. Pencəyin altındakı geyim də çox maraqlıdır”.
Daha sonra səhnəyə çıxan Zamiq musiqisevərlərə bir-birindən maraqlı kompozisiyalarını təqdim edib. Yüksək səviyyədə qurulan səhnə dekorasiyası, müxtəlif musiqi alətlərində ifa edən peşəkar komanda, rəngarəng işıqlandırma sistemi və Zamiqin sevilən hitləri gecəni unudulmaz edərək zaldakı tamaşaçılarda böyük coşğu yaradıb.
Günel Həsənova