Bakı Fond Birjası və Pakistan Fond Birjası arasında memorandum imzalanıb

24 fevral 2025-ci il tarixində Bakı Fond Birjası (BFB) və Pakistan Fond Birjası (PSX) ikitərəfli əməkdaşlığın gücləndirilməsinə dair memorandum imzalayıblar.

Memorandum Pakistan Fond Birjasının Baş İcraçı Direktoru cənab Farrux H. Sabzwari və Bakı Fond Birjasının İdarə Heyətinin sədri, cənab Ruslan Xəlilov tərəfindən imzalanıb. Virtual imzalanma mərasimində Bakı Fond Birjasının və Pakistan Fond Birjasının nümayəndə heyəti iştirak edərək, hər iki qurum əlaqələrin daha da möhkəmləndirilməsini və həmçinin müvafiq kapital bazarlarının inkişafına töhfə verəcəkəlirini vurğulayıblar.

Memorandumun məqsədi Pakistan və Azərbaycanın kapital bazarlarına dair əməkdaşlıq əlaqələrini gücləndirmək, hər iki ölkənin maliyyə xidmətləri sektorlarında qarşılıqlı inkişafı təşviq etməkdir.

BFB və PSX tərəfdaşlıq çərçivəsində bazar əməliyyatları, onların inkişafı və ən yaxşı tənzimləyici alətlər üzrə təcrübə mübadiləsi aparacaqlar. “Dual listinq”, ortaq məhsulların hazırlanması, bazar əməliyyatları və qaydaları haqqında təcrübələrin mübadiləsi əməkdaşlığın əsas istiqamətlərinə daxildir. 

Memorandumun imzalanması ilə başlayan strateji tərəfdaşlığın Pakistan və Azərbaycanın maliyyə sektorunda daha sıx əlaqələrə yol açacağı, hər iki ölkədə ümumi iqtisadi artıma və investisiya mühitinə töhfə verəcəyi gözlənilir.

Memorandum Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi  səfəri çərçivəsində imzalanıb.