Oskarlıq fırıldaqçılıq: Onlayn dələduzlar kinosevərlərin məlumatlarını və pullarını oğurlamağa cəhd edirlər
Kaspersky mütəxəssisləri “Konklav”, “Anora”, “Qəddar” və “Brutalist” filmləri ilə bağlı iki aktual fırıldaq sxemi aşkar ediblər.
“Oskar” mükafatının təqdimetmə mərasimi ərəfəsində onlayn dələduzlar daha da aktivləşir. Onlar rus dili də daxil olmaqla müxtəlif dillərdə saxta saytlar yaradır və istifadəçilərin ödəniş məlumatlarını ələ keçirmək üçün müxtəlif üsullara əl atırlar. Həmin saytlarda zərərçəkənlərə bu il nüfuzlu mükafata namizəd olan filmləri pulsuz izləmək təklif olunur, lakin bunun üçün müəyyən prosesləri tamamlamaq istənilir.

Kaspersky mütəxəssisləri xüsusilə “Konklav”, “Anora”, “Qəddar” və “Brutalist” filmləri ilə bağlı iki aktual fırıldaq sxemi aşkar ediblər.
Saytlardan birində, onun müəlliflərinin sözlərinə görə, messencerdə yaradılmış xüsusi botdan kod əldə etməklə dünyaya səs salmış premyeranı izləmək imkanı təklif olunur. Kod daxil edildikdən sonra isə istifadəçiyə abunəliyi rəsmiləşdirmək və bunun üçün ödəniş məlumatlarını daxil etmək lazım olduğu bildirilir. Beləliklə, dələduzlar maliyyə məlumatlarını ələ keçirirlər. Eyni zamanda, əgər istifadəçi həmin botu silməzsə, o, fırıldaq təkliflərini göndərməyə davam edəcək.
Digər portalda dələduzlar istifadəçiləri filmləri reklamsız izləmək təklifi ilə cəlb edirlər. Bunun üçün telefon nömrəsini daxil etməyi tələb edir, qarşılığında isə guya reklamları deaktiv etməyə imkan verən şifrə göndəriləcəyini bildirirlər. Amma bu şifrəni daxil etdikdən sonra istifadəçiyə yenidən abunəliyi rəsmiləşdirmək təklif olunur. Nəticədə, o, həm ödəniş məlumatlarını itirə, həm də pullarını dələduzlara qapdıra bilər. Filmi izləmək isə mümkünsüz tapşırıq olaraq qalacaq.
“Dələduzlar həmişə insanları aldatmaq üçün əlamətdar hadisələrdən istifadə edirlər. Təəssüf ki, ‘Oskar’ kinomükafatı da istisna deyil. İstifadəçilərə filmlərin rəsmi yayımlanma tarixlərini yalnız etibarlı yayım platformalarından yoxlamağı və şübhəli saytlardan uzaq durmağı tövsiyə edirik. Həmçinin fişinq resursları barədə xəbərdarlıq edən və dələduzların şəxsi məlumatlara çıxış əldə etməsinin qarşısını alan etibarlı kibertəhlükəsizlik həllindən istifadə də vacibdir”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.