AFAQ layihəsi çərçivəsində 5 rayondan olan qadın fermerlərə dəstək göstərilib

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsi çərçivəsində qadın fermerlərə göstərilən dəstək tədbirləri davam edir.

Layihə çərçivəsində növbəti görüş Lənkəran, Astara, Neftçala, Masallı, Cəlilabad rayonlarından olan, təsərrüfatlarının inkişafı üçün dəstək göstərilən qadın fermerlərlə keçirilib. Görüşdə Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elburus Abbasov, Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elvin Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin üzvü Anar Qədirov, Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova və qadın fermerlər iştirak ediblər.

Tədbirdə çıxış edən nümayəndələr tərəfindən AFAQ layihəsinin regionlarda qadın fermerlərin aqrar fəaliyyətə təşviqi və ailə təsərrüfatlarının inkişafında mühüm rolu olduğu vurğulanıb. Bildirilib ki, layihə çərçivəsində göstərilən dəstəklər qadın fermerlərin işini stimullaşdırır və onların daha çox gəlir əldə etməsinə imkan yaradır.

Budəfəki dəstək tədbirləri çərçivəsində qiymətləndirmə sorğularına əsasən, 13 fermerə ümumilikdə təsərrüfatlarının ehtiyacları üzrə 7 ədəd yem doğrayan avadanlıq, 2 ədəd süd sağan avadanlıq, 2 ədəd inkubator, 2 ədəd dən üyüdən avadanlıq, 1 ədəd bal süzən avadanlıq təqdim edilib. Eyni zamanda təsərrüfat sahələrinin inkişaf etdirilməsi məqsədilə fermerlərə quşçuluq və heyvandarlıq mövzularında təlimlər keçirilib.

Qeyd edək ki, AFAQ layihəsi qadınların məşğulluğunun, onların informasiya, resurs və bazarlara çıxış imkanlarının, eyni zamanda qadınlar tərəfindən idarə olunan aqrar biznes subyektlərinin sayının artırılmasına və regionlarda sosial-iqtisadi rifahın yaxşılaşdırılmasına xidmət edir.

Bugünədək layihə çərçivəsində 847 fermerə kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətlərində təlimlər keçirilib. Ümumilikdə 29 region üzrə 299 qadına müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Pərakəndə ticarət dövriyyəsi 4 faizədək artıb

Pərakəndə ticarət dövriyyəsi 4 faizədək artıb 2025-ci ilin yanvar-fevral aylarında…
►►►
İqtisadiyyat / Biznes

İspaniyanın ticarət məsələləri üzrə dövlət katibi ilə görüş keçirilib

İspaniyanın ticarət məsələləri üzrə dövlət katibi ilə görüş…
►►►
İqtisadiyyat / Biznes

Bal istehsalında artım qeydə alınıb

Bal istehsalında artım qeydə alınıb 2024-cü ildə 30,6 min təsərrüfatda mövcud olan 579…
►►►