Qoz bağlarının sığortasına başlanılıb

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində qoz bağlarının sığortalanmasına başlanılıb.

Aqrar Sığorta Fondunun məlumatına görə, qoz bağı təsərrüfatlarının sahibləri bağlarını 50 faiz güzəştli şərtlərlə sığorta edə bilərlər.

2024-cü ildə ölkə üzrə qoz bağlarının ümumi əkin sahəsi 7 min hektara çatıb. İstiyə tələbkar, eyni zamanda, quraqlığa, sərt iqlim şərtlərinə, şaxtaya davamlı qoz bitkisinin əkin sahəsində təkcə 2024-cü ildə 210 hektar artım qeydə alınıb.

Qoz bağlarının 40 faizdən çoxu, təqribən 3 min hektarı Şəki-Zaqatala iqtisadi rayonunda yerləşir. Quba-Xaçmaz iqtisadi rayonunda qoz bağlarının sahəsi 1 335 hektar, Dağlıq Şirvan iqtisadi rayonunda 776 hektar təşkil edir.

Artıq qoz bağlarına dəyən zərərlər üzrə ödənişlərə də başlanılıb. Belə ki, 2024-cü ildə Şəki-Zaqatala regionunda baş vermiş hadisələr və qoz bağlarına dəyən zərərə görə Fond tərəfindən fermerlərə 20 161 manat sığorta ödənişi olunub. Bu ödənişlər fırtına, qasırğa, sel-subasma kimi hadisələr üzrə edilib.

Təklif olunan sığorta zərfləri, təminat verilən risklər barədə ətraflı məlumatla Fondun rəsmi səhifəsindən (asf.gov.az) tanış olmaq olar.