Bakı Fond Birjasının rəsmi tərəfdaşlığı ilə 12-ci Beynəlxalq “Caspian Investment Forum”u keçirilib

12 mart 2025-ci il tarixində “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı və Bakı Fond Birjasının rəsmi tərəfdaşlığı ilə 12-ci Beynəlxalq “Caspian Investment Forum”u keçirilib.

Forumun açılış nitqləri “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev, Azərbaycan Respublikası Mərkəzi Bankının Kapital Bazarı Fəaliyyətinə dair Siyasət və Tənzimlənmə Departamentinin direktoru Umeyra İbrahimova, Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədrinin müşaviri Müşfiq Əhmədli və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) İdarə Heyətinin sədri Ceyhun Hacıyev tərəfindən səsləndirilib.

12-ci Beynəlxalq “Caspian Investment Forum”un əsas müzakirə mövzularından biri olan “İstiqraz və səhm bazarlarının inkişaf perspektivləri” maliyyə sektorunun gələcək inkişaf dinamikasını, bazarların müasir tələblərini və yeni tendensiyaları əhatə edib. Bu mövzu ətrafında aparılan geniş müzakirələr iştirakçılara maliyyə bazarlarındakı dəyişikliklərin mahiyyətini, onların investorlar üçün əhəmiyyətini və perspektiv imkanlarını daha dərindən anlamağa imkan yaradıb. 

Bakı Fond Birjasının İdarə Heyətinin sədr müavini, Baş kommersiya inzibatçısı Oqtay Qasımovun moderatorluğu ilə davam edən “Yerli şirkətlərin kapital bazaraları vasitəsilə strateji inkişafı” adlı panel müzakirəsində Azərbaycan Respublikası Mərkəzi Bankının Qiymətli Kağızların Qeydiyyatı Şöbəsinin müdiri Asəf Məmmədov, Azərsun Holdinqin baş maliyyə direktoru Nejat Ersoy, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) İdarə Heyətinin üzvü Pərvanə Qasımova və PAŞA Bankın Kreditləşmə, İnnovasiya və Xidmətlərin Optimizasiyası üzrə sahə lideri Ceyhun Baloğlanov panelist qismində çıxış ediblər.

Forum təkcə Azərbaycanın deyil, bütövlükdə regionun maliyyə və investisiya sahələrindəki inkişaf perspektivlərinin müzakirəsi üçün platforma rolunu oynayıb. Tədbir beynəlxalq sərmayəçiləri, maliyyə ekspertlərini və iqtisadi inkişafla maraqlanan müxtəlif sahələrin nümayəndələrini bir araya gətirərək fikir mübadiləsinə və strateji müzakirələrə imkan yaradıb.