Bakıda “SOCAR” brendli növbəti yanacaqdoldurma stansiyası istifadəyə verilib
Bakının Binəqədi rayonunda “SOCAR” brendli yanacaqdoldurma stansiyası istifadəyə verilib.
Ziya Bünyadov prospekti 361 ünvanında yerləşən YDS-nin açılış mərasimində “SOCAR PETROLEUM” QSC-nin nümayəndələri və qonaqlar iştirak ediblər. Tədbirdə görülən işlərdən və qarşıda duran hədəflərdən danışılıb, həmçinin yeni əməkdaşlara fəaliyyətlərində uğurlar arzu edilib.
“Aİ-92”, “Aİ-95” Premium, “Aİ-98” SUPER və “Dizel” markalı yanacaq məhsulların satışının həyata keçiriləcəyi YDS-də 6 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla yanaşı, YDS-də elektormobillər də nəzərə alınaraq elektroşarj avadanlığı quraşdırılıb.

Ölkəmizdə məşğulluq səviyyəsinin artırılması və əhalinin sosial rifahının yaxşılaşdırılması siyasətinə uyğun olaraq, yanacaqdoldurma stansiyasının açılması ilə bərabər, 34 yeni iş yeri də yaradılıb.
Hazırda fəaliyyətə başlayan YDS ilə birlikdə 9-u işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında olmaqla, ümumilikdə ölkə ərazisində “SOCAR” brendli 70 YDS və 13 neft bazası sahəsi fəaliyyət göstərir.
Qeyd edək ki, “SOCAR PETROLEUM” QSC-nin strateji inkişaf planına uyğun olaraq, 2022-ci ilin ikinci yarısından etibarən ölkəmizin müxtəlif bölgələrində 22 “SOCAR” brendli stasionar və modul tipli yeni yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib, həmçinin Bakı şəhərində QSC-nin xidmət şəbəkəsinə daxil olan stansiyaların sayı aktiv şəkildə artırılıb.