Justin Timberlake ilk dəfə Azərbaycanda!
Nəhayət, çoxdan gözlənilən an gəlib çatdı! Justin Timberlake “The Forget Tomorrow” dünya turu çərçivəsində ilk dəfə olaraq Azərbaycanlı izləyicilərinin qarşısında çıxış edəcək!

Sənətçi Bakıda konsert verəcək. 44 yaşlı sənətçi iyulun 27-də Olimpiya Stadionunda möhtəşəm solo konsert proqramı ilə çıxış edəcək.
Konsert iTicket Production və Dream Group International şirkətlərinin təşkilati dəstəyi ilə keçiriləcək.
Dünyanın ən tanınmış pop ifaçılarından biri olan Justin Timberlake, musiqi, kino və şou-biznes sahəsində çoxşaxəli fəaliyyəti ilə seçilir. O, həmçinin aktyorluq, prodüserlik və biznes sahəsində də uğurları ilə tanınır.
90-cı illərin sonlarında NSYNC qrupunun üzvü kimi dünya şöhrəti qazanan Timberlake, qısa zamanda solo karyerasına başlayaraq öz adını pop musiqisinin zirvəsinə yazdırdı. Həmin illərdə Justin, ilk albomu “Justified” olan, daha sonra “FutureSex/LoveSounds” və “The 20/20 Experience” kimi albomlarla milyonlarla dinləyicini ələ almışdır.
Justin-in uğurları təkcə musiqi ilə məhdudlaşmır. 10 “Grammy”, 4 “Emmy” və “Can’t Stop the Feeling!” hitinə görə “Oskar” nominasiyasına layiq görülən ifaçı dünya üzrə musiqi sıralamalarını titrədərək milyonların sevimlisinə çevrilmişdir. O, həmçinin bir çox Hollivud filmlərində aktyor kimi uğurla çıxış etmişdir.

Karyerası ərzində 54 milyondan çox albom və 63 milyondan çox sinql sataraq, Justin Timberlake dünya miqyasında bir ulduza çevrilib.
Biletlər 14 aprel, saat 12:00-da rəsmi iTicket.az saytı, mobil tətbiqi və şəhərin bütün kassalarında satışa çıxacaq.