Çin nümayəndə heyəti ilə görüş keçirilib

Çin şirkətlərinin Azərbaycanda fəaliyyətlərinin genişləndirilməsi müzakirə olunub, qarşı tərəfi maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının (CAFIEC) vitse-prezidenti və CAFIEC-in Beynəlxalq İnvestisiya və Əməkdaşlıq Komitəsinin direktoru Vanq Veiveyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nümayəndə heyətinin tərkibinə Çin Beynəlxalq Ticarət Assosiasiyası ilə yanaşı, boru istehsalı, tikinti və mühəndislik, əczaçılıq, sənaye, qida, elektron ticarət və süni intellekt texnologiyaları sahələrində fəaliyyət göstərən şirkətlər daxil olub.

Görüşdə AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov Agentliyin fəaliyyəti, investorlara göstərilən xidmətlər və ölkəmizin biznes imkanları barədə məlumat verib, Çin şirkətlərinin ölkəmizdə reallaşdırılan layihələrdə iştirakının genişləndirilməsinin önəmi vurğulanıb.

CAFIEC-in vitse-prezidenti Vanq Veivey Azərbaycanda investorlar üçün yaradılan münbit investisiya iqlimini nəzərə alaraq, Çin şirkətlərinin ölkəmizə artan marağını və ikitərəfli investisiya tərəfdaşlığının gücləndirilməsinin potensialını qeyd edib.

Görüş çərçivəsində Çin şirkətlərinin sualları cavablandırılıb, şirkət nümayəndələrinin potensial tərəfdaşlıqla bağlı fikirləri dinlənilib.