Ölkəyə turist axını 1,5 faiz artıb

2025-ci ilin yanvar-may aylarında Azərbaycana dünyanın 178 ölkəsindən 979,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,9 faiz artaraq 39 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 1,6 faiz azalaraq 153,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,8 faiz azalaraq 326,7 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 10,4 faiz artaraq 460,5 min nəfər təşkil edib.

Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,4 faizi hava, 25,2 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2024-cü ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 0,1 faiz azalaraq 807,6 min nəfər olub. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 27,3 faiz, Gürcüstana gedənlərin sayı 22,8 faiz artıb, Türkiyəyə gedənlərin sayı 6,2 faiz, Rusiyaya gedənlərin sayı isə 25,3 faiz azalıb.

2025-ci ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,8 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.