“Məktəbli EKOkönüllü” layihəsinin təqdimat mərasimi keçiriləcək
Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant Müsabiqəsi çərçivəsində qalib olan “Məktəbli Ekokönüllü” layihəsi Qala qəsəbəsində yerləşən “Tullantıdan Sənətə” muzeyində geniş ictimaiyyətə təqdim olunacaq.“Təmiz Şəhər” ASC fəaliyyətə başladığı dövrdən tullantıların düzgün idarə olunması istiqamətində əhəmiyyətli layihələr icra edir. Bu layihələrdən biri də “Təmiz Qala” layihəsidir.
Bir sıra sosial və ekoloji maarifləndirməyə xidmət edən layihələrə dəstək verən Cəmiyyət bu dəfə Elm və Təhsil Nazirliyinin icra etdiyi “Məktəbli EKOkönüllü” layihəsinin əsas tərəfdaşı kimi çıxış edir. “Məktəbli Ekokönüllü” layihəsinin “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən “Təmiz Qala” layihəsinə dəstək olacağını və məktəblilərin iştirakı ilə qəsəbədə ətraf mühitin mühafizəsi, tullantıların idarə olunması istiqamətində daha da uğurlu nəticələrin əldə edilməsinə şərait yaradacağı nəzərə alınaraq, Cəmiyyət tərəfindən dəstəklənməsi məqsədəuyğun hesab edilib. Qala qəsəbəsində bir neçə orta məktəbdən başlayacaq “Məktəbli Ekokönüllü” layihəsinin gələcəkdə daha da genişləndirilməsi və bütün ölkə məktəblərini əhatələməsi nəzərdə tutulur. Layihə çərçivəsində İlkin olaraq Qala qəsəbəsində yerləşən Kəlbəcər rayon 19 saylı tam orta məktəb mərkəz olmaqla Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki 216, 185, 92, 323 nömrəli məktəblər bu layihəyə cəlb olunub.
Ətraf mühitin mühafizəsi və ekoloji problemlərin aradan qaldırılması istiqamətində birgə fəaliyyəti, şagirdlərə “yaşıl düşüncə”nin aşılanmasını, sosial məsuliyyət, öyrətmə və tətbiq etmə bacarıqlarına sahib vətəndaş yetişdirmək missiyasını qarşısına məqsəd qoyan layihənin təqdimat mərasimi 08.10.2022-ci il tarixində, saat 11:00-da “Tullantıdan sənətə” muzeyində keçiriləcək. Qeyd edək ki, “Məktəbli EKOkönüllü” layihəsinin rəhbəri Qala qəsəbəsində yerləşən Kəlbəcər rayon 19 saylı tam orta məktəbin müəllimi Nofəl Şirinovdur.
