Bakıda Pakistanın Milli Günü qeyd olunub
Pakistan İslam Respublikasının Bakıdakı səfirliyində Pakistan Milli Günü münasibətilə tədbir təşkil olunub.
Müstəqiliyyin 78-ci ildönümünə həsr olunmuş tədbirdə Pakistanın ölkəmizdəki səfiri Qasım Mohiuddin, səfirliyin əməkdaşları, Pakistan icması iştirak ediblər.
Tədbirdə Pakistanın dövlət himni səsləndirilərək bayrağı qaldırılıb.

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin çıxış edərək müstəqillik illərində ölkəsinin qazandığı nailiyyətlərdən danışıb.
“Bu ilin may ayında Hindistanın təxribatına Pakistan layiqli cavab verdi. Bu hadisə həm də azərbaycanlı bacı və qardaşlarımız üçün qürurverici bir xatirədir. Pakistan Azərbaycanın göstərdiyi dəstəyə görə hər zaman minnətdar olacaq.
Hindistanın təxribatına cavab olaraq 28 may tarixi həm Azərbaycan, həm də Pakistan üçün əlamətdar günə çevrildi. Həmin gün Laçında birlikdə qeyd olundu. Necə ki, Azərbaycan Qarabağın azad edilməsində uğur qazanıb, Pakistan da Hindistanın işğalına son qoymaq istiqamətində uğurla mübarizəsini davam etdirir.
Zaman sübut etdi ki, Prezident İlham Əliyevin müdrik siyasəti və qətiyyətli addımları öz nəticəsini verib. Ümid edirik ki, gələcəkdə Cammu və Kəşmir də Hindistan işğalından azad olunaraq sülh və birlik şəraitində yaşayacaq. Bu yolda birgə olduğumuz üçün təşəkkür edirik. Yaşasın Azərbaycan və Pakistan!” – səfir əlavə edib.
Səfir xatırladıb ki, Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclası bu il yanvarın 24-də İslamabadda keçirilib:
“Bu, adətən, illik görüş olur. Lakin gündəliyi çox geniş olduğu üçün onun təşkil edilməsi təqribən bir neçə il çəkir. Yanvarda həmçinin siyasi məsləhətləşmələrimiz olmuşdu. Buna görə də düşünürəm ki, siyasi məsləhətləşmələr gələn il, yüksək səviyyəli hökumətlərarası görüş isə bəlkə də iki ildən sonra baş tuta bilər”.
Diplomat daha sonra cari ildə baş tutacaq qarşılıqlı yüksək səviyyəli səfərlərə toxunaraq bildirib ki, bu səfərlər ikitərəfli münasibətlərin əsas göstəricisidir:
“Bu, əslində, aramızdakı əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Baş nazirimiz Azərbaycan Prezidentini yenidən Pakistana səfərə dəvət edib və biz onun ölkəmizə gəlişini səbirsizliklə gözləyirik. Pakistan onun evidir, nə zaman istəsə, uyğun olan vaxtda səfər edə bilər”.
Günel Həsənova