İqlim Dəyişmələri üzrə Azərbaycan Gənclərin Lokal Konfransı keçirilib
2 sentyabr tarixində SEA BREEZE Resort ərazisində “EkoSfera”Ekoloji-Sosial Mərkəzin əsas təşkilatçılığı ilə Azərbaycan Gənclərinin Lokal Konfransı – LCOY Azerbaijan 2025-in ikinci günü keçirilib. Tədbir iqlim dəyişmələri, dayanıqlı inkişaf və gənclərin qlobal iqlim gündəmində iştirakının müzakirəsinə həsr olunub.



LCOY Azerbaijan 2025-in əsas təşkilatçısı 25 illik təcrübəyə malik olan və dayanıqlı inkişaf, ekoloji təhsil və gənclərin ətraf mühitlə bağlı qərarların qəbuluna fəal cəlb edilməsi sahəsində fəaliyyət göstərən “EkoSfera” Ekoloji-Sosial Mərkəzidir. Konfrans Bakı Dövlət Universiteti və SEA BREEZE Resort ilə tərəfdaşlıq çərçivəsində, CBC – Caspian International Broadcasting Company-nin informasiya dəstəyi ilə təşkil olunub.
Konfransın ikinci günündə Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev ölkəmizdə COP29-un keçirilməsinin qlobal iqlim diplomatiyasında mühüm tarixi hadisə olduğunu qeyd edərək, gənclərin bu prosesdə fəal iştirakının zəruriliyini vurğulayıbdır. O, Azərbaycan gənclərinin iqlim gündəminə dair təşəbbüslərinin yalnız milli səviyyədə deyil, həm də beynəlxalq arenada əks-səda doğuraraq gələcək qlobal siyasətin formalaşmasına töhfə verəcəyini bildirib.
Açılış mərasimində Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin deputatı, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Tural Abbasov çıxış edərək, gənclərin iqlim məsələlərinə verdiyi töhfənin əhəmiyyətini yüksək qiymətləndiriblər. EkoSfera Ekoloji-Sosial Mərkəzin rəhbəri və COP29 Təşkilat Komitəsinin üzvü olan Firuzə Sultan-zadə öz çıxışında gənclərin davamlı gələcəyin qurulmasında mühüm rol oynadığını xüsusi olaraq vurğulayıb.
Günün proqramı çərçivəsində “İqlim və Dayanıqlı Gələcək: Gənclərin Baxışı” və “İqlim Dəyişmələri və Dayanıqlı İnfrastruktur” mövzularında panel müzakirələri təşkil olunubdur. Sessiyalarda dövri iqtisadiyyat və ekoinnovasiyalar, biomüxtəliflik və ekosistemlərin bərpası, ESG prinsipləri, tullantılardan dəyər yaratmaq, sosial ədalət, yaşıl iş yerləri, su təhlükəsizliyi və QHT-lərin rolu mövzuları üzrə təqdimatlar dinlənilibdir.
SEA BREEZE Resortda Azərbaycan Gənclərinin İqlim üzrə Bəyanatının (NYS) yekun variantı müzakirə edilərək ilkin versiya qəbul olunub. Sözügedən sənəd COP30 (Braziliya) çərçivəsində təqdim ediləcək Qlobal Gənclər Bəyanatına töhfə kimi çıxış edəcəkdir.
Qeyd edək ki, konfransın rəsmi açılış mərasimi 1 sentyabr tarixində Bakı Dövlət Universitetində baş tutub və iki gün davam edən LCOY Azərbaycan 2025 tədbiri yekun çıxışlar və xatirə fotosu ilə tamamlanıb. Bu konfrans gənclərin milli və beynəlxalq iqlim proseslərində daha fəal rol almasına zəmin yaradan mühüm bir platforma kimi yadda qalacaqdır.
Günel Həsənova