“Kosmik Zoopark” Filminin Tusi-Bohm Planetariumunda Təqdimatı
3 oktyabr 2025-ci il tarixində Polşanın Azərbaycandakı Səfirliyi, Tusi-Bohm Planetariumu, Sileziya Planetariumu və “EkoSfera” Ekoloji-Sosial Təşkilatlarının birgə əməkdaşlığı ilə Park Bulvar Ticarət Mərkəzində yerləşən Tusi-Bohm Planetariumunda uşaqlar üçün nəzərdə tutulmuş “Kosmik Zoopark” adlı filmin təqdimatı keçirildi. Tədbirin məqsədi azyaşlı izləyiciləri elmi biliklərə maraq göstərməyə təşviq etmək və onları kainatın sirləri ilə tanış etmək idi.


Təqdimat proqramı çərçivəsində uşaqlar üçün yaradıcı zonada “Mini Kosmosaqədərki Laboratoriya” və ya “Gənc Kosmos Reyncerləri” mövzusunda interaktiv oyunlar, heyvanların kosmos tədqiqatlarındakı roluna dair təqdimatlar və astronomiya üzrə qısa viktorinaları əhatə edən müxtəlif maarifləndirici fəaliyyətlər həyata keçirildi.
Tədbirin açılış mərasimində Polşa Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Paweł Radomski və Sileziya Planetariumunun nümayəndəsi cənab Damian Jabłeka çıxış etdilər. “Kosmik Zoopark” adlı animasiya filmi Azərbaycanda ilk dəfə olaraq nümayiş etdirildi. Film zürafə Lilo və onun yeni dostu Planeteer-in ulduzlarla dolu maraqlı macəralarını canlandırdı və uşaqlara dostluq, müxtəliflik və qarşılıqlı anlaşma kimi universal dəyərləri aşıladı.
Tədbirin sonunda iştirakçılar üçün xatirə fotosessiyası təşkil olundu və azyaşlı qonaqlara suvenirlər təqdim edildi.