Oktyabrın 2-də Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzində “Başlanğıcda kəlam var idi… və musiqi, rənglər və düşüncələr” adlı sərginin açılışı keçirilib
Azərbaycan ədəbiyyatı, musiqisi, teatrı və təsviri sənətinin vəhdəti ilə formalaşan, milli mədəni kimliyin inkişafını nümayiş etdirən sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin dəstəyi ilə təşkil olunub.

Tədbirin açılışında Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək sərginin Azərbaycan mədəniyyətinin zəngin irsini və maarifçilik ənənələrini beynəlxalq auditoriyaya təqdim etməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Sərginin mərkəzində Mirzə Qədim İrəvani, Üzeyir Hacıbəyli, Həsən bəy Zərdabi və Mirzə Fətəli Axundzadə kimi şəxsiyyətlər dayanıb. Onlar zəngin ənənələrə əsaslanaraq maarifçilik ideyalarını və yenilikçi baxışları milli mədəniyyətə gətirmiş, teatr, rəssamlıq, mətbuat və musiqini cəmiyyətin tərəqqi vasitəsinə çevirmişlər.
Sərgidə milli təsviri sənətdə realist dəzgah rəngkarlığının banisi Mirzə Qədim İrəvaninin (1825–1875) 200 illik yubileyi münasibətilə rəssamın Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasına aid əsərləri nümayiş etdirilib. Burada sənətkarın yaradıcılığının erkən və yetkin dövrlərini əks etdirən, ənənəvi miniatür üslubu ilə Qərbi Avropa realizminin vəhdətini göstərən “Qacar şahzadəsi Mah Tələt xanımın portreti”, “Qacar şahzadəsi Vəcihulla Mirzənin portreti”, “Zadəgan qadın portreti”, “Gül və bülbül”, “Fətəli şahın portreti”, “Əsgər” adlı qrafik rəsmlər tamaşaçılara təqdim olunub.
“Başlanğıcda kəlam var idi… və musiqi, rənglər və düşüncələr” sərgisi, həmçinin 4 oktyabr 2025-ci il tarixində bu il 25-ci dəfə Avstriya Teleradiosunun (ORF) təşəbbüsü ilə keçirilən, 700-dən çox muzey və mədəniyyət müəssisəsinin qatıldığı “Uzun Muzey Gecəsi” layihəsi çərçivəsində ictimaiyyətə təqdim edilib və çoxsaylı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.