Azərbaycan-Belarus biznes forumu keçirilib
Tədbirdə Azərbaycan və Belarus arasında qarşılıqlı iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi məqsədilə iki ölkənin işgüzar dairələri arasında müzakirələr aparılıb, şirkətlər arasında sənədlər imzalanıb.


Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Belarus Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan-Belarus biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsm şəxslərlə yanaşı, logistika, tikinti, qida sənayesi və digər sahələrdə fəaliyyət göstərən 40-dək şirkət nümayəndəsi iştirak edib.
Forumda çıxış edən Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç iki ölkə arasında qurulan sıx münasibətləri vurğulayıb, Belarus ilə Azərbaycanın mövcud əməkdaşlıq potensialını yüksək qiymətləndirib.
AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı Azərbaycan və Belarus arasında investisiya və ticarət əlaqələrinin gücləndirilməsi istiqamətində görülən işlər və yeni imkanlar barədə danışıb. Bildirilib ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanın Belarusa qeyri-neft məhsullarının ixracı illik müqayisədə 77% artaraq 52 mln. ABŞ dolları təşkil edib.
Belarus Ticarət və Sənaye Palatasının Minsk bölməsinin baş direktorunun xarici iqtisadi əlaqələr üzrə müavini İrina İvanova ölkəsinin ticarət və sənaye potensialı, eləcə də Azərbaycanla birgə fəaliyyətin genişləndirilməsi üçün potensial sahələr barədə məlumat verib.
Tədbirdə həmçinin AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Belarusun “Velikiy kamen” sənaye parkının nümayəndələri investisiya mühiti, biznes üçün yaradılan əlverişli şərait və imtiyazlar barədə təqdimatlarla çıxış ediblər. Bundan əlavə, forumda Belarus şirkətlərinin fəaliyyətləri barədə videoçarxlar nümayiş olunub.
Forum çərçivəsində Azərbaycan və Belarus şirkətləri arasında əməkdaşlıq sazişləri imzalanıb.
Tədbir B2B görüşlərlə davam edib.