Bakıda Latviya Respublikasının elan edilməsinin 107-ci ildönümünə həsr olunmuş tədbir təşkil olunub
20 noyabr Bakıda Latviya Respublikasının elan edilməsinin 107-ci ildönümünə həsr olunmuş rəsmi tədbir təşkil olunub.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının və Latviyanın milli himni səsləndirilib.

Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya qonaqları salamlayıb:
” Bu gün azadlığımızın və müstəqilliyimizin 107-ci ildönümünü qeyd etdiyimiz gündür. Hamımız bilirik ki, azadlıq qurbansız əldə olunmur. Ona görə də bu gün biz ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini yad edirik.
Bu gün həm də gələcəyə baxdığımız bir gündür. Hətta – baxmayaraq ki, tariximiz bizə ehtiyatlı olmağı söyləyirsə belə, biz ölkəmizin təhlükəsizliyinə və müdafiəsinə inamla baxırıq.
Çünki bilirik ki, biz tək deyilik. Bizim müttəfiqlərimiz və tərəfdaşlarımız var – yaxın və uzaq.
Amma biz onu da bilirik ki, hazırda Avropa tarixində çətin dövrlərdir. Ukrayna əlamətdar qəhrəmanlıq və şücaət nümayiş etdirdi. Latviya Rusiyanın təcavüzünün ilk günündən Ukraynaya hərtərəfli siyasi, hərbi, maliyyə və humanitar yardım göstərib. Ukrayna ədalətli və davamlı sülhə layiqdir. İcazə verin, hamımızın adından Ukraynaya matəm günü ilə bağlı dərin hüznlə başsağlığı verim.
Regional kontekstdə biz Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə edilmiş irəliləyişi yüksək qiymətləndiririk, bu, həqiqətən də diqqətəlayiqdir. Cənubi Qafqazda sülh əlaqələr, gələcək iqtisadi artım və rifah üçün qapılar açacaq və biz regionda sabitliyin təmin edilməsində Azərbaycanın strateji rolunu yüksək qiymətləndiririk. Latviya Avropa İttifaqına üzv ölkə kimi sülh prosesinin təşviqi və əlaqələrimizin möhkəmləndirilməsi üçün hər cür lazımi dəstəyi verməyə hazırdır.
Bu baxımdan, qarşılıqlı əməkdaşlığın bir nümunəsini icazənizlə qeyd etmək istərdim. Bu ilin oktyabr ayında Bakıda LEF Network Azerbaijan adlı layihə çərçivəsində Azərbaycan və Latviya, Estoniya və Finlandiya arasında beynəlxalq ticarətin inkişafının 3 illik aktiv dövrünü başa çatdırmaq üçün Mərkəzi Baltik-Azərbaycan Biznes Forumu və Qala Tədbiri keçirilib. Layihə çox uğurla başa çatdı və gələcəkdə şirkətlərarası əməkdaşlığın genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi, təcrübə mübadiləsi və qarşılıqlı ticarət dövriyyəsinin artırılması barədə fikirlər səsləndirildi.
Bu layihə, Aİ-nin təqdim etdiyi “İnterreg” proqramı və Azərbaycanda əsas tərəfdaşın – Caspian Energy Club-un işə cəlb olunması sayəsində mümkün olub.
Onilliklər ərzində Latviya ilə Azərbaycan arasında hər zaman fəal dialoq, o cümlədən Strateji Tərəfdaşlıq Sazişi olub. Bizim müntəzəm olaraq yüksək səviyyəli siyasi görüşlərimiz, xüsusi ilə də Parlamentlərarası dostluq qrupları, dövlət və özəl sektorlar arasında sıx əməkdaşlıq və hökumətlərarası komissiyanın işi ilə bağlı fəal əməkdaşlığımız, hökumət və özəl sektorlar arasında sıx əlaqələrimiz var. Əməkdaşlığın perspektiv sahələrindən biri kənd təsərrüfatı sektoru, yaşıl texnologiyalar və üzvi əkinçilikdir. Cənab Nazir, icazə verin bu gün bizimlə olduğunuz üçün Sizə və Latviya ilə Azərbaycan arasında dostluq münasibətləri quran və onları daha da gücləndirən hər kəsə təşəkkürümü bildirim. Eyni zamanda, mən bu gün Milli Məclisin, dövlət qurumlarının, bələdiyyələrin və beynəlxalq ictimaiyyətin nümayəndələrinin burada olmasını da yüksək qiymətləndirirəm.
Foyedə biz həmçinin Latviya rəssamı İeva Krumiņanın sərgisini də müşahidə edə bilərik, o, öz illüstrasiyalarında Latviya və Azərbaycan milli ornamentləri arasında çoxlu oxşarlıqlar olduğunu aşkar etmişdir. Və – onu da deyim ki, belə bir tədbir tərəfdaşlarımızın dəstəyi olmadan mümkün olmayacaqdı – mən çox dar büdcəyə baxmayaraq bunu mümkün edən Hilton Hotel, Savalan, Avrora, Hillside, Gabala Wine, Long Chips şirkətlərinə və eyni zamanda Səfirlikdən olan həmkarlarıma bu mərasimin hazırlanmasında göstərdikləri yardıma görə təşəkkürümü bildirirəm”.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Latviya Respublikasının 107-ci ildönümü münasibətilə canab səfiri və Latviya xalqını təbrik etdi.
M.Məmmədov qeyd edib ki, Azərbaycan və Latviya arasındakı münasibətlər qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslanır:
“Azərbaycan əməkdaşlığın daha da genişlənməsinə böyük önəm verir. Prezident İlham Əliyevin 2017-ci ildə Latviyaya rəsmi səfəri zamanı imzalanmış strateji tərəfdaşlığın qurulmasına dair Birgə Bəyannamə bu istiqamətdə atılacaq addımlar üçün hüquqi baza yaradır. Əminəm ki, həmin Bəyannaməyə əsaslanan praktiki fəaliyyət strateji tərəfdaşlığımızın qurulmasına və daha da möhkəmlənməsinə töhfə verəcək”.
Onun sözlərinə görə, bu günə qədər iki ölkə arasında hüquqi baza çərçivəsində 47 sənəd imzalanıb:
“Azərbaycan və Latviya yaxın vaxtlarda ikitərəfli əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacaq altı sənəd imzalamağı planlaşdırır. Hazırda altı sənəd layihəsi müzakirə mərhələsindədir. Bu sənədlərin yaxın gələcəkdə imzalanması ölkələr arasında əməkdaşlığın daha da inkişafı üçün yeni imkanlar açacaq”, – deyə nazir vurğulayıb.
Tədbir qeyri-rəsmi hissə ilə davam edib, qonaqlara latviyanın milli təamları təqdim olunub.
Günel Həsənova








