Məhəbbət Kazımovun xatirəsinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib
3 dekabr Heydər Əliyev Sarayında Məhəbbət Kazımovun xatirəsinə həsr olunmuş yaradıcılıq gecəsi
baş tutub.
Möhübbət Kazımov 1953-cü ildə Laçın rayonunun Çorman kəndində anadan olub. 1976-cı ildən peşəkar səhnədə çıxış edib, “Dan Ulduzu” ansamblının solisti olub.



İlk dəfə diktor Roza Tağıyeva efirdən sənətçinin adını Məhəbbət kimi səsləndirib və o andan etibarən Məhəbbət Kazımov kimi tanınıb.
Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında bir çox tanınmış mahnı və muğamlar oxuyub, mahnılar bəstələyib. Ən çox sevilən mahnılarından biri bəstəsi özünə aid olan “Laçınım” mahnısı olub.
Məhəbbət Kazımov müğənni və duet ortağı Könül Kərimova ilə oxuduğu mahnılar onlara böyük populyarlıq qazandırıb.
Müğənninin uzun illər yaradıcısı və rəhbəri olduğu “Laçınım” musiqi ansamblı onun son gününə qədər fəaliyyət göstərib.
Konsertdə Əməkdar artist Məhəbbət Kazımovun repertuarında yer alan mahnılar tanınmış və müasir ifaçılar tərəfindən səsləndi.
Gecədə Xalq artisti Zabit Nəbizadə, Əməkdar artistlər Könül Kərimova, Cabir Abdullayev, Sevinc Sarıyeva, Ehtiram Hüseynov, Elnur Zeynalov, İlkin Əhmədov, Nigar Şabanova, müğənnilər Sahib İbrahimov, Eldəniz Məmmədov, Güllü Muradova, Mirələm Mirələmov, Murad Laçınlı, Pərviz Qasımov və “Laçın” muğam qrupu iştirak etdilər.
Tamaşaçılar həmçinin səhnədə “Xaqan” instrumental ansamblın canlı müşaiyəti ilə ekranda mərhum sənətkarın ifasının şahidi oldular.
Günel Həsənova








