Bakıda Novruz bayramı qazax ənənələrinə uyğun şəkildə təqdim olundu
20 mart tarixində Dənizkənarı Milli Parkda Novruz bayramı ilə əlaqədar qazax yurtası quruldu.
Novruz bayramı qazax ənənələrinə uyğun şəkildə təqdim olundu, qrulmuş “Qazax yurta”sı bayrama maraq və rəng qatdı.
Qazaxstanın Azərbaycandakı səfirliyi və ən böyük developer şirkəti “BI Group”un təşkilatçılığı ilə keçirilən tədbirdə diplomatik korpusun nümayəndələri, səfirlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel hazırda Novruzun ölkəsinin bütün bölgələrində geniş şəkildə qeyd olunduğunu diqqətə çatdırıb. Səfir qeyd edib ki, bu bayram Bakıda da xüsusi konsept əsasında təşkil olunub.
Alim Bayel vurğulayıb ki, Novruz yenilənmənin, baharın və birliyin rəmzidir. Bu bayram Türk dünyasında həmrəyliyin və əməkdaşlığın güclənməsinə töhfə verir. Eyni zamanda, Ramazan bayramının da Azərbaycan və Qazaxıstan xalqları üçün mühüm əhəmiyyət daşıdığını diqqətə çatdıran diplomat, tutulan orucların və edilən duaların qəbul olunmasını arzulayıb.
Tədbir çərçivəsində qonaqlara qazax milli mətbəxinə aid təamlar təqdim olunub, milli oyunlar və müsabiqələr təşkil edilib.
Eləcə də, uşaqlar və böyüklər üçün master-klasslar, milli oyunlar və əyləncələr keçirilib, qonaqlar üçün xatirə hədiyyələri təqdim olunub. Tədbir konsert proqramı ilə davam edib.

Qazaxıstanın mədəniyyətini, ənənələrini və qonaqpərvərliyini isti bayram ab-havasında sizdə kəşf edin! Tədbir 21, 22 mart (12:00–22:00) davam edəcək.
Qonaqları zəngin proqram gözləyir: uşaqlar və böyüklər üçün master klasslar, milli oyunlar və əyləncələr, ənənəvi təamlar, konsert proqramı.








