Müasir suvarma sistemləri: keyfiyyət və qənaət
Bəzi yerləri istisna olunmaqla, ümumilikdə Azərbaycan ərazisinə çox da yağıntı düşən ölkə hesab edilmir. Buna görə ölkəmizdə əkin sahələrinin təlimatlara uyğun şəkildə düzgün suvarılması olduqca vacib əhəmiyyətə malikdir. Düzgün suvarılma məhsuldarlığı artırmaqla yanaşı, fermeri əkinlə bağlı yaranan bəzi çətinliklərdən də xilas edir. “Yağmur-2” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) artıq illərdir ki, Azərbaycanda suvarılma işinin təşkili üzrə fəaliyyət göstərməklə, ölkəmizdə aqrar sektorun inkişafına dəstək verir. Müsahibimiz “Yağmur-2” MMC-nin təsisçisi və direktoru Namiq Hacıyev şirkətin fəaliyyəti ilə bağlı suallarımıza cavab verir.
- Fermer üçün əsas olan odur ki, suvarma sisteminin quraşdırılması həm ona qənaətlə başa gəlsin, həm də bu sistemin istifadəsi nəticəsində yüksək məhsuldarlıq əldə etsin. Bu iki amili bir nöqtədə birləşdirə bilirsiniz?
Bəli. Biz müştərilərimizə sırf bugün üçün lazım olan suvarma sistemi qurmuruq. Biz onların gələcək illərdə də istifadə edə biləcəkləri suvarma sistemləri qururuq. Bu sistem imkan verir ki, 4-5 ildən sonra onların ağacları böyüdüyü zaman yenidən xərc çəkib ərazilərinə suvarma sistemi çəkməsinlər. Bunun nəticəsində onların suvarma sistemləri ağaclar böyüdükdən sonra da tələbatı ödəyə bilir. Bizim suvarma sisteminin gələcək dövr də nəzərə alınmaqla, çəkilməsi fermer üçün qənaətə gətirib çıxarır. Dəfələrlə olub ki, bizə başqa şirkətlərin qurduğu sistemin yenidən modernləşdirməsi üçün müraciətlər edilib. Belə hallarda sahibkar iki dəfə xərcə düşür. Biz isə çalışırıq ki, quraşdırma zamanı əvvəldən bu kimi bütün məsələlər nəzərə alınsın və həmin şəxs iki dəfə xərcə düşməsin. Gələcəkdə yarana biləcək bu kimi halları fermerə də izah edirik. Ola bilər ki, bizim fermerə verdiyimiz ilkin təklifin dəyəri hər hansı təklifin dəyərindən 10-15 faiz baha olsun. Amma ona izah edirik ki, 10-15 faiz artıq vəsait ödəməklə gələcəkdə yarana biləcək iki qat xərcdən azad olur.
- Relyefin müxtəlifliyi nəzərə alınarsa, Azərbaycan şəraiti üçün hansı suvarma sistemlərinin tətbiqi daha münasibdir? və relyefej və digər amillərə görə hansı sistemlər quraşdırılarkən daha quraşdırılması zamanı çətinliklər daha çox ortaya çıxır?
Bugünkü texnologiya o qədər inkişaf edib ki, dağlıq və düzənlik ərazi olmasından asılı olmayaraq, hər bir yerdə, bütün şəraitlərə uyğun suvarma sistemi yaradıla bilər. Suvarma sisteminin növünün seçilməsi daha çox relyefdən deyil, əkin növündən asılıdır. Təbii ki, buğda, yonca əkini olduqda standart damlama suvarma sistemindən istifadə edilmir. Burada artıq relyefin dağətəyi, ya düzənlik olması ikinci plana keçir. Meyvə bağlarında damlama suvarma sistemindən istifadə edilir. Avtomatik suvarma sisteminin imkanları var ki, rayonun torpaq xüsusiyyətlərini nəzərə alsın, havadakı, torpaqdakı nəmliyi ölçsün və məlumatı mərkəzi idarəetmə cihazına ötürsün. Torpaqda artıq nəmləmənin olmaması üçün həmin məlumatın əsasında suvarmanın dayandırılması və ya 50 faiz aparılması barədə qərar verilir.
- Azərbaycanda suvarma sistemlərinin quraşdırılması zamanı idxal avadanlıqlardan istifadə təqdim etdiyiniz xidmətin qiymətinə necə təsir edir? Sizin təqdim etdiyiniz suvarma sisteminin qiyməti fermerlər üçün əlçatandır?
Təbii ki, bahalı mal da, ucuz mal da var. Hər bir malın da öz müştərisi var. Sistemin quraşdırılması üçün hansı maldan istifadə edilmə də müştərinin seçimidir. Fermer üçün suvarma sisteminin qiyməti müəyyən edilir, ona fərqlər izah edilir. Bundan sonra müştəri öz seçimini edir. Amma bizdə suvarma sistemləri tam olaraq, idxal malları əsasında quraşdırılmır. İdxal mallarının həcmi təxminən 30-40 faiz həcmindədir. Hansısa məhsul Azərbaycanda yüksək keyfiyyətlə istehsal edilirsə, biz onu niyə idxal edək?! Qiymətlərə gəldikdə, kənd təsərrüfatına aid olan suvarma sistemləri idxal və əlavə dəyər vergisindən azaddır. Yəni biz hər hansı suvarma sistemini kompleks şəkildə idxal etdikdə gömrük məntəqəsində bu vergiləri ödəmirik. Bununla da bizim qiymət artıq rəqabətli və münasib bir qiymət olur. Onu da əlavə edim ki, idxal edilən həmin sistemin dəyərinin də 40 faizini Aqrar Kredit və İnkişaf Agentliyi subsidiya şəklində şirkətlərə qaytarır. Bizim belə bir praktikamız da var, onu artıq 2-3 ildir ki, istifadə edirik. Təsəvvür edin ki, müştəri suvarma sisteminə xərclədiyi vəsaitin yarısına yaxın məbləği geri almış olur.
- Daim yeniliklərin arxasınca gedən bir şirkət olaraq, ən son əldə etdiyiniz nailiyyətlər nələrdən ibarətdir?
Hazırda Kənd Təsərrüfatı Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə icra edilən layihənin tenderinin qalibi olaraq, müəyyən işlər həyata keçirik. Layihənin ümumi həcminin 85-90 faizini yerinə yetirmişik. Layihədəki bəzi proseslər bizim üçün bir ilk idi. Biz həmin ilklərdə də uğur qazandıq və təcrübə topladıq. Şirkət yeni yarananda daha çox parkların, landşaft suvarılması ilə məşğul idi. 2011-2012-ci illərdə kənd təsərrüfatının inkişafına təkan verildikdən sonra profilimiz daha çox bu sahəyə yönəldi. Biz trenddə olan məsələlərlə daim maraqlanırıq. 3-4 il əvvəl bizim suvarma sistemi sadə dillə desək, “pult”la idarə olunurdusa, bugün bizim müştəri evdə oturaraq mobil əlavə vasitəsilə, sahəyə daxil olmadan suvarma sistemini idarə edə bilir.
- Sözsüz ki, Azərbaycanda əkin sahəsinə daxil olmadan aparılan suvarma işinin keyfiyyətinə tam olaraq, inanmayan konservativ düşüncəli fermerlər də var. Bu baxımdan Azərbaycan fermerlərinin bu yeni texnologiyaya- uzaqdan idarə olunan suvarma sisteminə marağı nə dərəcədədir?
Açıq deyim ki, fermerlər arasında yeni texnologiyanın tətbiqinə olan meyillər hələ də çox inkişaf etməyib. Konservativ düşüncədə olan fermerlərin sayı kifayət qədər çoxdur. Bəzi sifarişçilər, xüsusilə böyük şirkətlər yeni texnologiyaya maraq göstərirlər. Biz onlardan daha çox sifariş alırıq. Ancaq konservativ düşüncəli fermerlərə yeni texnologiyanın əhəmiyyəti barədə məlumat verdikdən sonra onlar yeni qurğunun daha rahat olduğunu anlayaraq seçim zamanı ona üstünlük verirlər.
- Uzaqdan idarəetmə suvarma sisteminin təşkilində problemlər ortaya çıxara bilir?
Təbii ki, biz suvarma işinin təşkilində insan iştirakını nə qədər azaltsaq da, insan iştirakı yenə də zəruri olur. Ancaq biz avtomatlaşdırılmış sistemlə işləyiriksə, orada nöqsanları da görə bilirik. Bu halda biz onları qısa zaman ərzində aradan qaldırırıq.
- Yağıntının bol düşdüyü ərazilərdə, məsələn, cənub bölgəsində torpaq həm sizin quraşdırdığınız tam avtomatlaşdırılmış suvarma sistemi, həm də yağış suyu hesabına nəmlənə bilər. Bu halda artıq həcmdə suvarılmanın olmaması üçün işlər hansı formada tənzimlənir?
Tam avtomatlaşdırılmış sistemdə yağış yağan zaman suvarma tam olaraq, dayanır və təbii suvarma gedir. Başqa sözlə desək, su torpağa hədər yerə verilmir və bunun sayəsində bitkinin kökünə artıq su verilməmiş olur. Yağış olmayanda isə sistem standart rejiminə qayıdır, ona verilmiş əmrlər üzrə suvarmanı davam etdirir.
- Suvarma üçün proqram mütəmadi olaraq, yenilənməlidir?
Buna ehtiyac yoxdur. Təbii ki, hər hansı fövqəladə hadisə baş verərsə, ona mexaniki təzyiq olarsa, proqramın yenilənməsinə ehtiyac yaranır. Amma normal halda sistemə bir dəfə proqram yazılır və o proqram üzrə suvarma aparılır. Biz sistemi qurub təhvil verəndə bütün təlimatları da fermerin nəzərinə nəzərə çatdırırıq. Ondan sonra onlar özləri sistemi idarə edə bilirlər.
- İşğaldan azad edilmiş ərazilərdə yeni layihələrin həyata keçirilməsi barədə düşünürsünüz?
Hazırda həmin ərazilərdə minalardan təmizləmə işləri davam etdirilir. Ancaq biz artıq bəzi suvarma layihələrində iştirak üçün təkliflər almışıq. Bu təkliflər əsasında həmin layihələrdə iştirak edəcəyik. Artıq ərazilərə tanışlıq məqsədilə səfərlər edilib, hazırda planlaşdırma işləri aparılır. Onu əlavə edə bilərəm ki, işğaldan azad edilmiş ərazilərdə tikinti işləri ilə məşğul olan şirkətlərlə subpodrat müqavilələri üzrə çalışaraq su hovuzlarının yaradılmasında iştirak edirik. Ancaq biz torpaqlar işğaldan hələ yeni azad edilən vaxtlarda Kiçik və Orta Biznezin İnkişafı Agentliyinə (KOBİA) müraciət etmişdik ki, şirkətimiz həmin ərazilərdə fəaliyyət göstərməyə və gəlirindən 50 faiz keçməyə hazırdır. Həmin ərazilərdə tam mənfəət üçün deyil, xərclərimizi ödəyəcək qədər yarı mənfəət əldə edərək işləməyə hazırıq.
- Müştərisini itirmək istəməyən və yeni müştərilər əldə etmək istəyən şirkət üçün öz imicinin qorunub saxlanılması çox vacib istiqamətdir. “Yağmur-2” MMC öz imicinin qorunub saxlanılmasına necə nail olub?
Müştərilərimizin işimizin keyfiyyətindən razı qalması bizim üçün ən əsas məsələdir. Müştərilər bizə ona görə müraciət edirlər ki, məsləhətlərimizlə onların işlərində səhvlərə yol verməsinə imkan vermirik. Bunun üçün hər hansı layihəyə başlamadan əvvəl onlarla mütləq şəkildə görüşür, birgə planlaşdırma işləri aparır, təmənnasız məsləhətlər veririk.
Digər tərəfdən, biz istehsalçı müəssisə deyilik, müxtəlif xarici şirkətlərin Azərbaycandakı nümayəndələriyik. Sistemlərin quraşdırlması üçün hər zaman dünyanın tanınmış brendlərindən istifadə etməklə müştərilərimizi işimizin keyfiyyətindən razı salırıq. Bunun sayəsində bizimlə işləyən bir müştəri bizə yeni bir müştəri də yönəldir. Amma biz yalnız xarici şirkətlərdən deyil, müqavilələr əsasında yerli şirkətlərdən də mal alırıq. Həm idxal edilən, həm də ölkədə istehsal edilən yerli mallarda keyfiyyətə üstünlük veririk. Biz partnyorları seçməmişdən əvvəl bazar araşdırması edirik, daha sonra əməkdaşlıq qərarına gəlirik. Hər zaman çalışırıq ki, sonradan problemin yaranmaması üçün alınan mallar standartlara cavab versin. Biz istəmərik ki, şirkətimizin imicinə xələl gəlsin.
Aylin Qismətli