Azərbaycan regionun əsas tranzit mərkəzidir
Tarixi İpək Yolunun Azərbaycan ərazisindən keçməsi ölkəmizin logistika sahəsində qədim ənənələrə malik olduğunu göstərir. Elə Uzaq Şərqi Avropa məkanı ilə birləşdirən bu mühüm nəqliyyat dəhlizinin bərpasının əsas təşəbbüskarı da məhz Azərbaycan olub. Ölkəmiz Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi layihələrin də təşəbbüskarı və icraçısı kimi çıxış edir. Göründüyü kimi, coğrafi və iqtisadi mövqeyinə görə xüsusi əhəmiyyət daşıyan Azərbaycan hazırda Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm tranzit ölkə rolunu oynayır.
Prezident İlham Əliyev “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda çıxışı zamanı Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini bir daha vurğulayaraq deyib: “Ötən il Azərbaycan ərazisindən keçən tranzitin həcmi 75 faizdən çox artıb. Bizim müasir daşımalar infrastrukturumuza tələbat heç vaxt olmadığı qədər böyükdür – dəmir yolları və avtomobil yolları mövcuddur, Xəzər dənizində ən böyük donanma və regionda ən geniş yük aviaparklarından biri yaradılıb. Biz daşımaların təhlükəsizliyinə həqiqətən də böyük töhfə vermişik. Çünki bu gün bir çox ölkənin daşımaların təhlükəsizliyinə ehtiyacı var. Onlar yeni marşrutlar axtarışındadır və həmin yeni marşrutlardan biri Azərbaycandan keçir”.
Respublikamızın ərazisi ilə daşınan beynəlxalq yüklərin həcminin artması isə onu göstərir ki, indiki şəraitdə bu missiyanı üzərinə götürə biləcək ən uyğun ölkə məhz Azərbaycandır. Bu da ondan irəli gəlir ki, son illər ölkəmizdə mükəmməl nəqliyyat infrastrukturu yaradılıb. Yeni hava limanlarının, gəmilərin inşası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında görülən işlər, dəmir yolu infrastrukturunun şaxələndirilməsi, beynəlxalq avtomagistralların tikintisi və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat-logistika mərkəzinə çevrildiyini sübut edir.
Avrasiya məkanında mühüm geostrateji mövqedə yerləşən, zəngin iqtisadi və ticari əlaqələri olan Azərbaycanda Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi ilə ölkəmizdə dəniz nəqliyyatının inkişafının yeni mərhələsi başlayıb. Orta Dəhlizin cəlbediciliyini artırmaq məqsədilə Bakı limanının ötürücülük qabiliyyətinin artırılması nəzərdə tutulur. Bu məqsədlə cari ildə başlanılacaq yeni layihə çərçivəsində burada dünyanın ən inkişaf etmiş limanlarında mövcud olan intermodal və multimodal terminalın tikintisi həyata keçiriləcək. Bu da regiona daha da çox yüklərin cəlb edilməsinə şərait yaradacaq, eyni zamanda, Orta Dəhlizə daxil olan yüklər üçün sürətli logistik həllər tapmağa imkan verəcək.
Son illər Azərbaycanın hava nəqliyyatı ilə yük daşımalarında da rolu getdikcə artır. Azərbaycan hava nəqliyyatı infrastrukturunun yaxşılaşdırılması, eləcə də hava məkanından istifadənin liberallaşdırılması istiqamətində ardıcıl işlər görür. Heydər Əliyev Beynəlxalq Aeroportu yükdaşımaların və yük terminalının buraxılış gücünə görə regionun ən böyük hava limanıdır. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə istifadəyə verilən beynəlxalq aeroportlar ölkəmizin hava nəqliyyatı ilə yükdaşımalardakı rolunu əhəmiyyətli dərəcədə artırır. Yeni hava limanları Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatına reinteqrasiyasını təmin etməklə yanaşı, işğaldan azad olunmuş ərazilərimizdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılmasına və bütövlükdə regionun ixrac potensialının genişləndirilməsinə imkan yaradacaq.
Son illər Azərbaycanda dəmir yolları ilə daşımaların sürətli və təhlükəsiz təşkili istiqmətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Bunun da müsbət nəticələri getdikcə daha çox hiss olunur. Yeri gəlmişkən, əvvəlki illərdə, xüsusən də Rusiya-Ukrayna münaqişəsinədək dəmir yolu daşımalarında azalma müşahidə olunurdusa, 2022-ci ildə bu sahədə əhəmiyyətli artım qeydə alınıb. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən il ölkəmizin polad magistralları ilə 38 min 692 vaqonla yük daşınıb ki, bu da əvvəlki illə müqayisədə 27,2 faiz çoxdur.
Bununla yanaşı, ötən illərdə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm seqmentlərindən sayılan magistral avtomobil yollarının dünya standartlarına uyğunlaşdırılması istiqamətində də mühüm işlər görülüb. Bu da ölkəmizin tranzit imkanlarının artırılması ilə yanaşı, beynəlxalq yüklərin son ünvanlara sürətli və təhlükəsiz şəkildə çatdırılmasını təmin edir.
Göründüyü kimi, hazırkı geosiyasi proseslər Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında strateji rolunu getdikcə artırır. Bu, Türkiyə, Rusiya və İrana daşımalarda Azərbaycan daşıyıcıların üstünlük qazanmasında da özünü büruzə verir. Cari ilin əvvəlindən ölkəmizin ərazisi ilə daşınan beynəlxalq yüklərin həcmində əhəmiyyətli artım qeydə alınıb. Təkcə onu qeyd etmək kifayətdir ki, bu ilin yanvar ayı ərzində Azərbaycan üzərindən 843 min ton beynəlxalq yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 306 min ton və ya 57 faiz çoxdur.