“ADEX” sərgisi 5 illik yubileyini qeyd edir
2024-cü ildə regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisi 5 illik yubileyini qeyd edəcək.
Sərgi 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. Paralel olaraq, eyni məkanda 14-сü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları “Securex Caspian” sərgisi də təşkil ediləcək.
İlk “ADEX” sərgisi 2014-cü ildə yaradılıb. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir. Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkətlər və 200-yə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.
“ADEX” sərgisinin keçirildiyi ilk illərdən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərgi ilə tanış olur və tədbirin iştirakçı və qonaqlarına salamlama məktubu ünvanlayır. Əlbəttə ki, bu sərginin yüksək statusu və tədbirə olan etimadın göstəricisidir.
2024-cü ildə sərginin 5 illik yubileyi ilə bağlı bir sıra tədbirlərin təşkil edilməsi nəzərdə tutulur.
“ADEX” Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisədir. Bu genişmiqyaslı tədbir regionda ən böyük hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir. “ADEX” sərgisi qabaqcıl texnologiyaların təqdimatı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkənin müdafiə sənayesinin inkişafı üçün effektiv platforma rolunu oynayır.
Sərgi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” və onun beynəlxalq tərəfdaşı “Caspian Event Management” şirkətidir.
“ADEX” sərgisinin qızıl sponsorları “Baykar” və “Israel Aerospace Industries”, bürünc sponsoru isə “Barzan Holdings” şirkətidir.
Tədbirlər çərçivəsində “ADEX” sərgisinin 5 illiyinə həsr olunmuş “ADEX News” adlı qəzetin xüsusi buraxılışı çapdan çıxacaqdır. Qəzetdə iştirakçı şirkətlərin təqdim etdikləri yeniliklər və innovasiyalar ilə bağlı xəbərlər, eləcə də sərgiyə təşrif buyuran yüksək səviyyəli qonaqlar, müxtəlif nümayəndə heyətlərinin üzvləri, sahə mütəxəssisləri ilə müsahibələr dərc olunacaqdır.
Sərgilərlə bağlı yenilənən məlumatları rəsmi internet saytlarından (www.adex.az və www.securexcaspian.az) və sosial şəbəkə hesablarından əldə etmək mümkündür.