“SİMA İmza”nın imkanları Vergi və Mühasibatlıq Zirvəsində təqdim edildi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Bakıda keçirilən III Vergi və Mühasibatlıq zirvəsində iştirak edib.
Tədbirə dövlət və özəl qurumların nümayəndələri, vergi və mühasibatlıq sahəsində çalışan şəxslər, media nümayəndələri qatılıblar. Zirvə zamanı AzInTelecom-un Məhsul və Xidmətlər Şöbəsinin müdiri Tamerlan Məşədihəsənli SİMA yeni nəsil rəqəmsal imzanın vergi və mühasibatlıq sahəsində tətbiqinə dair “SİMA və rəqəmsallaşan vergi xidmətləri” mövzusunda məruzəçi kimi çıxış edib. O, “SİMA İmza”nın rəqəmsal əməliyyatlarda istifadəsini prosesləri asanlaşdıraraq təhlükəsiz və səmərəli etdiyini vurğulayıb.

Tədbir ərazisində “AzInTelecom”un məlumat stendi qurulub. Stenddə iştirakçılara “AzInTelecom”un təqdim etdiyi innovativ xidmətlər və rəqəmsal həllər barədə məlumat verilib. Şirkət tərəfindən təqdim olunan məhsulların biznes proseslərinə və rəqəmsal transformasiyanın sürətləndirilməsinə verdiyi töhfələr müzakirə edilib.
Vergi və Mühasibatlıq Zirvəsi iştirakçılara sektordakı ən aktual trendləri öyrənmək, bu sahədəki ən qabaqcıl texnologiyalar və metodologiyalarla tanış olmaq imkanı təqdim edir.
Qeyd edək ki, fərdi sahibkarlar və hüquqi şəxslər “SİMA İmza”nı heç bir xidmət məntəqəsinə getmədən onlayn şəkildə əldə edə bilərlər. Bunun üçün “SİMA İmza” tətbiqini yükləmək və qeydiyyatdan keçmək kifayətdir. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.